Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərindən müdafiə xərclərini artırmaq tələbi alyans daxilində ciddi dəyişikliklərə səbəb olub. NATO-nun baş katibi Mark Rütte hesab edir ki, məhz bu təzyiq Avropa ölkələrini hərəkətə gətirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rütte bu barədə Britaniyanın “Ditchley Foundation” fondunun tədbirində çıxışı zamanı danışıb.
“Prezident Trampın haqqını vermək lazımdır. Bilirəm ki, o, müdafiə xərcləri məsələsində çox güclü təzyiq göstərirdi, amma nəticə etibarilə haqlıdır. Bizə bu adrenalin dozası lazım idi”, – NATO-nun baş katibi bildirib.
Rüttenin sözlərinə görə, yaranmış vəziyyət Avropa ölkələrində NATO-nun ehtiyac duyduğu maliyyə və hərbi imkanların təmin edilməsi üçün “yeni qətiyyət” yaradıb və alyansın döyüş hazırlığının yüksəldilməsini sürətləndirib.
Baş katib investisiya tələb edən əsas istiqamətlər sırasında uzaqmənzilli yüksək dəqiqlikli silahları, inteqrasiya edilmiş hava və raketdən müdafiə sistemlərini, pilotsuz uçuş aparatlarını və kəşfiyyat imkanlarını göstərib.
Rütte xatırladıb ki, NATO-nun son sammitində müttəfiqlər 50 milyard dollardan çox yeni silah alışını elan ediblər.
Bu proses ABŞ-nin Avropadakı hərbi mövcudluğuna yenidən baxması fonunda gedir. Vaşinqton Almaniyadan təxminən 5 min hərbçinin çıxarılacağını açıqlayıb, bəzi birgə proqramları azaldıb və Avropada yerləşdirilmiş ABŞ qüvvələrinin ümumi strukturunu nəzərdən keçirməyə başlayıb.
ABŞ administrasiyası Avropa müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha böyük məsuliyyət daşımasını və müdafiə xərclərini artırmasını tələb edir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ