Onlayn ictimai-siyasi qəzet
Ötən ilin eyni dövründəki daxilolmalarla müqayisə etdikdə aydın olur ki, ölkənin ən böyük gəlir mənbəyindən büdcəyə daxilolmalar kəskin azalıb
Azərbaycan dövlət büdcəsi gəlirlərinin 2026-cı ilin birinci yarısında icrasına dair Maliyyə Nazirliyinin açıqladığı məlumat hələ də müzakirə olunmaqdadır. Cəmiyyətdə büdcənin həm gəlir, həm də xərc hissəsinin müxtəlif detallarının icra vəziyyətinə dair müzakirələri davam etdirir.
Həmişəki kimi, büdcə xərcləmələri daha çox müzakirə olunsa da, gəlirlər də diqqətdən kənarda qalmır. Xüsusilə ABŞ-İran münaqişəsi fonunda neft-qaz qiymətlərinin artması bu mənbədən dövlət büdcəsinə daxilolmaların önə çəkilməsinə səbəb olub.
Maliyyə Nazirliyinin açıqladığı hesabatdan aydın olur ki, birinci yarımildə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 milyard 778,2 milyon manatı vergi orqanlarının xətti ilə təmin edilib. Bu vəsaitin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisidir.
Ötən ilin eyni dövründəki daxilolmalarla müqayisə etdikdə aydın olur ki, əvvəla, ölkənin ən böyük gəlir mənbəyindən büdcəyə daxilolmalar kəskin azalıb. Belə ki, ötən ilin birincin yarısında neft-qaz sektorundan büdcəyə 2 milyard 286,1 milyon manat vergi daxil olmuşdu. Bu isə həmin gəlirlərdə illik ifadədə 22,2 faizlik azalmanın olmasından xəbər verir.
Azalma sırf “Şahdəniz” yatağı və SOCAR üzrədir. Belə ki, ötən ilin birinci yarısında SOCAR büdcəyə 897,6 milyon manat vergi ödəmişdi - bu il ödənişləri 6 faizə yaxın azaldıb.
“Şahdəniz”dən gələn mənfəət vergisi isə ötən ilin yeni dövründə 1 milyard 203,9 milyon manata bərabər olmuşdu. Builki ödənişlə müqayisə etsək, 473,5 milyon manat, yaxud 39,3 faiz azalma olduğu görünür.
Qeyd edək ki, “Şahdəniz” Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur. Yataq 1999-cu ildə kəşf edilib. Yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
Energetika Nazirliyinin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Bu həcmin 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Ötən ilin eyni dövründə “Şahdəniz”dən 13,8 milyard kubmetr qaz hasil edildiyini nəzərə alsaq, bu il yataqdan hasilatın 100 milyon kubmetr azaldığı görünür. AÇG-nin dərin laylarından qaz hasilatının başlanması bu yataq üzrə istehsal göstəricisinin 700 milyon kubmetr artmasına səbəb olub.
Nazirliyin digər məlumatına əsasən cari ilin birinci yarısında xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bunun 5,9 milyard kubmetri Avropaya, 4,9 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstana, 0,7 milyard kubmetri isə Suriyaya satılıb. Beləliklə, ölkə üzrə ümumi ixracda 600 milyon kubmetrlik ciddi artım var. Bu artımın əsasında həm AÇG-dən əmtəəlik qaz hasilatının başlanması, həm də Azərbaycanda bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının sürətlə artması nəticəsində bu sahəyə daha az təbii qazın yönəldilməsi dayanır.
Azərbaycanın qaz ixracı artsa da, maraqlıdır ki, ixrac dəyərində azalma var. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı aylıq xarici ticarət hesabatına əsasən ötən ilin yanvar-may aylarında Azərbaycan 3 milyard 833 milyon 12,99 min dollar dəyərində 10 milyard 270 milyon 805,9 min kubmetr qaz ixrac edib. Qazın hər min kubmetrinin orta ixrac qiyməti 373,2 dollar təşkil edib.
Bu ilin yanvar-mayında qaz ixracı 3 milyard 343 milyon 175,54 min dollar dəyərlə 10 milyard 381 milyon 54,98 min kubmetr təşkil edib. Nəticədə xaricə satılan hər min kubmetr qazdan ölkə 322 dollar gəlir əldə edib. Bu isə qazın orta ixrac qiymətində illik ifadədə 17,7 faiz azalmanın olması deməkdir.
Ölkələr üzrə qiymətlərə baxsaq, bu ilin 5 ayında Gürcüstana qazın min kubmetri 118,6 dollara (ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib), Suriyaya 336 dollara(keçən il ixrac olmayıb), Türkiyəyə 258,6 dollara (276,8 dollar), İrana 67 dollara (svop əməliyyatı çərçivəsində, ötən il olmayıb), Bolqarıstana 318,7 dollara (373,3 dollar), Serbiyaya 384 dollara (565,5 dollar), İtaliyaya 448 dollara (525 dollar), Yunanıstana 493,4 (559 dollar) dollara satılıb.
Göründüyü kimi, Avropa ölkələrinə satılan qazın qiymətində illik ifadədə ciddi azalma var. Nəzərə alsaq ki, bu ilin ötən dövründə Avropada qısamüddətli müqavilələr üzrə qaz qiymətləri kəskin artıb, onda Azərbaycan qazının qiymətindəki azalmanın tək səbəbi olaraq onun uzunmüddətli müqavilələr əsasında satılmasını qeyd etmək mümkündür. Belə ki, uzunmüddətli qaz müqavilələrində qiymətlər neft qiymətinə bağlanır, neftin qiymət dəyişiklyi 6 aydan sonra belə müqavilələr çərçivəsində satışlara şamil edilir. Bu baxımdan, ilin ikinci yarısından Azərbaycan qazının qiymətində artımın olması gözləniləndir.
Beləliklə, “Şahdəniz” yatağından dövlət büdcəsinə mənfəət vergisi ödənişlərindəki azalmanın iki səbəbi aydın olur: hasilatda azalma, qiymətlərin düşməsi.
Enerji məsələləri üzrə ekspert İlham Şaban üçüncü bir səbəbi qeyd edir: “Düşünürəm ki, ilk növbədə "Şahdəniz"dən dövlət büdcəsinə vergi ödənişlərinin “Azəri-Çıraq-Günəşli”dən 3 dəfədən çox yüksək olmasına diqqət yetirməyə ehtiyac var. Bu fərq hasilatın pay bölgüsü sazişlərinin müddəalarından irəli gəlir. Belə ki, hazırda AÇG üzrə 70 faiz mənfəət Azərbaycan dövlətinə çatır - yəni Dövlət Neft Fonduna toplanır. Yerdə qalan 30 faizdən şirkətlər dövlət büdcəsinə mənfəət vergisi ödənişi edirlər. Lakin “Şahdəniz” üzrə pay bölgüsü tamam fərqlidir. Doğrudur, bu barədə məlumatı nə layihənin operatoru, nə SOCAR, nə Azərbaycanın dövlət rəsmiləri açıqlayırlar. Biz bilmirik ki, “Şahdəniz”də mənfəətin neçə faizi dövlətə, neçə faizi şirkətlərə çatır. Biz yalnız büdcəyə ödənilən vergilər əsasında təxmini fikir yürüdə bilərik. Çox güman ki, bu yataqdan 30-40 mənfəət dövlətə, 60-70 faizi şirkətlərə çatır. Adətən hasilatın pay bölgüsü sazişlərində ilk müddətdə bölgü belə olur ki, şirkətlər qoyduqları vəsaitləri geri götürə bilsinlər. Belə bölgünün nəticəsidir ki, Dövlət Neft Fonduna “Şahdəniz”dən mənfəət qazının satışından az vəsait daxil olurdu. Şirkətlər isə çox pay aldıqları üçün ondan 25 faiz mənfəət vergisi olaraq daha böyük vəsaiti dövlət büdcəsinə köçürürdülər. Məsələnin digər tərəfinə gəldikdə, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin eyni dövründə büdcəyə mənfəət vergisinin kəskin azalması “Şahdəniz”də pay bölgüsü nisbətinin dəyişdiyindən xəbər verir. Yəni dövlətə çatan mənfəət payı artıb. Bu artım çox böyük deyil, haradasa 10 faiz ətrafında ola bilər. Nəticədə Neft Fonduna yataqdan daxilolmalarda kiçik də olsa, artım qeydə alınıb".
Qeyd edək ki, bu ilin birinci yarısında Dövlət Neft Fonduna “Şahdəniz” yatağından 437,1 milyon manat gəlir daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Dünya SAKİT,
“Yeni Müsavat”
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ