Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarında xidmət edən və çalışan yüzlərlə şəxsin fitnes tətbiqində paylaşdığı məlumatlar ciddi təhlükəsizlik boşluğu yaradıb. Araşdırmaya görə, açıq qalan məşq marşrutlarından hərbçilərin hərəkətini izləmək, bazalardakı gündəlik rejimi müəyyənləşdirmək, hətta potensial hücum hədəfləri barədə məlumat toplamaq mümkün olub.
Musavat.com xəbər verir ki, “Sky News”un araşdırması zamanı “Strava” fitnes tətbiqinin 1300-dən çox istifadəçisinin ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında öz məşq marşrutlarını paylaşdığı müəyyən edilib.
Jurnalistlər hərbi obyektlərin ərazisində qeydə alınmış minlərlə qaçış, velosiped və üzgüçülük marşrutu aşkarlayıblar. Bu məlumatların təhlili bazalardakı gündəlik rejimi, şəxsi heyətin hərəkət istiqamətlərini, eləcə də qoşunların yerləşdirilməsi və geri çəkilməsi dövrlərini müəyyən etməyə imkan verə bilərdi.
Araşdırmada bu məlumatlardan İranın ABŞ hərbçilərini izləmək və mümkün hücum hədəflərini müəyyənləşdirmək üçün istifadə etmiş ola biləcəyi ehtimalı irəli sürülür. Diqqətçəkən nümunələrdən biri Bəhreyndəki otelə zərbə ilə bağlıdır. Hücumdan bir qədər əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin podratçılarından biri həmin ərazidə qaçışlarını “Strava”da qeydə almağa başlayıb.
Pentaqon belə tətbiqlərin yaratdığı təhlükə barədə hələ 2018-ci ildə xəbərdarlıq etmişdi. Xarici missiyalarda olan hərbçilərə xüsusi icazə olmadan geolokasiyanı izləyən funksiyalardan istifadə qadağan edilmişdi. Buna baxmayaraq, “Sky News”un ekspertləri hesab edirlər ki, nəzarətin yetərli olmaması və risklərin tam dərk edilməməsi səbəbindən həssas məlumatların paylaşılması davam edib.
“Strava” isə həssas sahələrdə çalışan istifadəçilərin öz məlumatlarına çıxışı məhdudlaşdırmalı olduqlarını bildirib. ABŞ Mərkəzi Komandanlığı “Sky News”un sorğusuna cavab verməyib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ