İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şahın qayıdışı Güney Azərbaycan üçün daha böyük təhlükədir” – Təbrizli gənclərdən Rza Pəhləviyə sərt mesaj

Güney Azərbaycanda fəaliyyət göstərən Təbriz Gənclər İttifaqı yayımladığı bəyanatla Rza Pəhləvinin çağırışlarına açıq şəkildə qarşı çıxıb və molla rejiminin şah rejimi ilə əvəzlənməsinin region üçün çıxış yolu olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, bəyanatda bu ssenarinin Güney Azərbaycan üçün yeni və daha ağır risklər yaradacağı xüsusi vurğulanır.

Bəyanatda qeyd olunur ki, molla rejiminin şah rejimi ilə əvəzlənməsi Güney Azərbaycan üçün “pisin daha pis ilə dəyişdirilməsi” anlamına gəlir. Təşkilat xatırladır ki, Azərbaycan azadlıq hərəkatı şah rejimi dövründə yaşanan ağır repressiyaları unutmur və məhz bu basqılar vaxtilə Təbriz əhalisinin İslam inqilabına dəstəyinin əsas səbəblərindən biri olub.

Bildirilir ki, milli hərəkat tarixi səhvləri yenidən təkrarlamamalıdır. Çünki mövcud molla rejimi fars etnosentrizmini islam pərdəsi altında gizlədir və bu sistem daxilində müəyyən inteqrasiya imkanları formalaşıb. Şah rejimi isə Güney azərbaycanlılara qarşı daha açıq və daha sərt etnosentrik siyasət yürüdüb.

Bəyanatda xüsusi olaraq vurğulanır ki, Güney Azərbaycan bu mərhələdə gözləmə mövqeyində qalmalı, şah rejiminin mümkün qayıdışının bölgə üçün daha ağır nəticələr doğuracağını düzgün qiymətləndirməli və belə bir ssenari reallaşacağı təqdirdə öz siyasi taleyini müstəqil şəkildə müəyyənləşdirməlidir.

Sonda Təbriz Gənclər İttifaqı Güney Azərbaycan ictimaiyyətini emosional çağırışlardan uzaq durmağa, proseslərə strateji baxışla yanaşmağa və uzunmüddətli milli maraqları əsas götürməyə səsləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR