İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakit durmayan okean

“Bəlkə o bizi qurbağaya döndərəcək?”
(“Sehirli xalat” filmindən)


Yəhudilərin, iudaizmin Tövrat kitabında məhşur “10 bəla” təsvir edilib. Bunlar Misir fironu yəhudiləri köləlikdən azad etmədiyi üçün əraziyə göndərilən fantastik fəlakətlərdir. İlk olaraq Misir ərazisində bütün çaylar – Nil çayı daxil olmaqla – və göllərin suyu qana çevrilir. İkinci bəla qurbağaların hər yanı basmağıdır. Üçüncü ağcaqanad və bit-birə, dördüncü ilan-çayan və vəhşi heyvanlar çoxalır. Daha sonra ev heyvanlarına, mal-qaraya xəstəlik düşür, hamısı qırılır, məcbur olurlar əti Monqolustandan və Argentinadan alsınlar (əlbəttə, axırıncı sözlər mənim fantaziyam idi, üzrlü sayın).

İnsanları yara-xora basır, dolu, ildırım, tufan ağacları, bağ-bağatı zibil gününə salır, çəyirtgə sürüləri gəlir, 3 gün qaranlıq olur və nəhayət, doğuş azalır, çünki doğulanlar hamısı ölməyə başlayır.

Açığı, bu əlamətlərin bir çoxunu biz hal-hazırda müşahidə etməkdəyik, Misirdə yaşamasaq belə. O cümlədən, İsrail “erməni soyqırımını” tanımaq üzrə Türkiyəyə siyasi təzyiqlərə başlamışdır, məntiqlə Allah-təalanın dünya üzünə 10 yox, heç 1 dənə də bəla göndərməsinə səbəb yoxdur – yəhudi xalqının, maşallah, işləri yağ kimi gedir. Hələ bəlkə tərsinə, hamımıza mükafat düşməli idi göydən...

Bu arada haşiyə çıxaraq qeyd edim ki, ruslar çəyirtgəyə “sarança” deyirlər, sən demə bu sözün kökü türk dillərindəki “sarı” sözünə gedib çıxır. Yəni, həşəratın rəngi sarıya çalır, “sarıca”dır. Bəs biz niyə çəyirtgə deyirik, gül kimi sarıca ola-ola? Tələsməyin, “çəyirtgə” də tərtəmiz türk sözüdür, qədim türkcədə tullanmaq, hoppanmaq mənası verən “səkmək” sözündən törənib və ilkin formasının “səkirgə” olması ehtimal edilir. Bəzi ağzıgöyçəklər də sonra iddia edir ki, guya rus dili bizim dildən zəngindir. Səkin görək burdan... Söz bizdədir, həm də boldur, birini özümüzə götürəndə, birini ruslara vermişik.

Uzun sözün qısası, Bakı və Abşeron yarımadasını qurbağaların basması, ondan qabaq sel-su, arasıkəsilməyən yağışlar, qurdların ağacları yeməyi, dabaq xəstəliyindən ölən mal-heyvan, nə bilim, əhali artımının ildən-ilə aşağı düşməsi, suyun qrafiklə verilməsi (oxu: qan qiymətinə) və sairə məndə belə dini-mistik, fantasmaqorik qiyamət təəssüratları yaratdı. İnşallah, bəla bizdən uzaq olar, ümid edirəm Hacı Surxay UFC döyüşçüsü Fiziyevlə birləşib bu istiqamətdə duaları yuxarı instansiyalara vaxtında çatdırmışdır.

Sözgəlişi, bu Bakıda keçirilən UFC turniri haqqında fikrimi soruşsanız, pisləyirəm. Nəyə görə? Axı insanlar qaydasız şəkildə bir-birini döyür, ağzı-burnu əzilən, qanı axan... Buna necə baxıb zövq almaq olar? Belə idman olarmı? Küçədə insanlar belə dalaşsa, polis gəlib aparar, idman salonunda isə yüksək bilet və mükafatla yarışını düzəldirlər. Tam idiotizmdir, üzrlü sayın. Desəm kasıbçılıqdan dalaşmağa məcburdurlar, bu da yalan olar, çünki yazmışdılar, ordakı idmançılardan biri əski polis zabitinin, hansısa rəisin övladıymış.

Qayıdaq gül kimi hava söhbətimizin yanına, baxmayaraq, orda da qaydasız havalardır. Bu yay Bakıda anomal sərin keçir, tam tərsinə, Avropa istidən qırılırmış. Hərçənd, “Almaniyanın indi də istidən dağılmağı” temasında gülməli xəbərlərə inanan xeyli camaat var, məsələn, o əriyən işıqforlar haqda xəbəri yəqin siz də görmüsünüz. Hətta yanında ərimiş qurğuların “fotosu” da var idi. Sanki işıqforu orda dondurmadan düzəldirmişlər. Özü də necə istidirsə, plastiki əridir, ancaq insan dərisini əritmir. Yəqin Avropada gönüqalın adamlar yaşayır. Yalan yazmayacaqlar ki, qəzetədə?

Alimlərin izahatına görə, hazırda Yer planetindəki iqlim, hava anomaliyalarının səbəbi... Sakit okeanın səthinin müəyyən dərəcədə çox qızmağıdır. Bu hadisəyə “El Nino” deyirlər. Sakit okean həddən böyük okeandır. Yerin bütün qalan qissəsi boydadır, yalan olmasın. (Müqayisə üçün, oliqarx-məmur təbəqəmiz materiklərdirsə, yerdə qalan camaat Sakit okeandır). Sakit okeanın hər 4-5 ildən bir belə qızmağı var imiş, onun nəticəsində sərin yerlərdə isti, isti yerlərdə sel-su olurmuş.

Yerin mərkəzindən keçməklə, Azərbaycandan bir xəyali ox çəksək, onun o biri ucu Sakit okeanın cənub hissəsindən çıxmalıdır. Açığı, bu məlumat əziz oxucuların nəyinə lazım idi, onu hələlik müəyyən edə bilmədim.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2026

29 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR