İnsanlara hürriyət, millətlərə istiqlal!

İki il sonra Fransa Azərbaycanla münasibətlərdə nəyi dəyişdi?

2024-cü ilin dekabrında “Fransanın Bakıdakı xanım səfirinin hədsizliyi” adlı bir yazı yazmışdım.

Yazı Fransanın o zamankı Azərbaycandakı səfiri Anne Boillonun sosial şəbəkədə etdiyi paylaşıma cavab idi. Prezident İlham Əliyevin Fransanın Azərbaycan siyasətini sərt tənqid etməsindən sonra xanım səfir Azərbaycandan Fransaya viza müraciətlərinin çoxluğuna diqqət çəkən, kifayət qədər kinayəli qəbul edilə biləcək paylaşım etmişdi.

Mən o zaman yazmışdım ki, səfir jurnalist, bloqer və ya siyasi polemika aparan şəxs deyil. Səfir dövlətini təmsil edir. Onun işi xidmət etdiyi ölkənin cəmiyyəti ilə söz savaşına girmək yox, iki dövlət arasında körpülər qurmaqdır.

Üstündən iki ilə yaxın vaxt keçib.

İndi həmin yazıya yenidən qayıtmağın vaxtıdır.

Coğrafiya dəyişməyib. Dövlətlərin fundamental maraqları da yox olmayıb.

Dəyişən Parislə Bakı arasında diplomatiyanın dilidir.

Və görünən odur ki, məsələ artıq yalnız dilin dəyişməsindən ibarət deyil.

Emosiyalar gedir, dövlət maraqları qalır

Fransa ilə münasibətlər ən aşağı nöqtədədir - RƏSMİ | Modern.az

2023–2024-cü illərdə Azərbaycan–Fransa münasibətləri müstəqillik dövrünün bəlkə də ən aşağı nöqtəsinə çatmışdı.

Qarabağ məsələsi, Fransanın Ermənistana açıq siyasi dəstəyi, Fransa Senatı və Milli Assambleyasında qəbul edilən sənədlər, qarşılıqlı ittihamlar, diplomatik gərginlik, Yeni Kaledoniya ətrafında yaranmış qarşıdurma və ard-arda baş verən polemikalar münasibətləri klassik diplomatiyadan çıxarıb siyasi qarşıdurmaya çevirmişdi.

Anne Boillonun paylaşımı əslində daha böyük problemin kiçik görüntüsü idi.

Problem bir səfirin tviti deyildi.

Problem Fransanın Azərbaycanla münasibətlərində balansını itirən və Ermənistan faktorunu ön plana çıxaran siyasi xəttin formalaşması idi. Azərbaycan isə buna öz dövlət maraqlarından çıxış edərək sərt siyasi və diplomatik reaksiya verirdi.

Amma diplomatiyada emosiyalar nə qədər yüksəlsə də, bir həqiqət dəyişmir:

Dövlətlərin daimi dostları və daimi düşmənləri deyil, daimi maraqları olur.

İndi həmin maraqlar Parislə Bakını yenidən dialoqa gətirir.

Fransa və Azərbaycan arasında nə baş verir? 6 suala cavabda - BBC News  Azərbaycanca

Parisin tonu niyə dəyişir?

Fransa Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, 2025-ci ilin yanvarından Azərbaycanla diplomatik dialoq yenidən başlayıb və ən yüksək səviyyədə münasibətlərin yenidən qurulması və normallaşdırılması üçün ortaq siyasi iradə ifadə olunub.

2025-ci il oktyabrın 2-də Kopenhagendə İlham Əliyevlə Emmanuel Makronun görüşü bu prosesin ən yüksək siyasi səviyyədə davam etdiyini göstərdi. 2026-cı ilin martında xarici işlər nazirləri Ceyhun Bayramov və Jean-Noël Barrot arasında telefon danışığında da ikitərəfli münasibətlərin vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə edildi.

Bunlar kiçik detallar deyil. Diplomatiyada sözlərin də, görüşlərin də öz çəkisi var.

Dünən bir-birini sərt şəkildə ittiham edən iki dövlət bu gün “normallaşma”dan danışırsa, deməli qarşıdurmanın davam etdirilməsinin tərəflərə əlavə strateji üstünlük vermədiyi artıq görünür.

Amma Parisin tonunun dəyişməsinin daha fundamental səbəbi var:

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur

Azərbaycan artıq 2020-ci ilin Azərbaycanı deyil.

Qarabağ məsələsinin yaratdığı əvvəlki status-kvo yoxdur. Azərbaycan bütün ərazisi üzərində suveren nəzarətini bərpa edib. Azərbaycan–Ermənistan münasibətlərində baş verən dəyişikliklər də Cənubi Qafqazı başqa siyasi mərhələyə keçirib.

Fransa uzun illər regiona əsasən Ermənistan–Azərbaycan münaqişəsi prizmasından baxırdı. Amma əvvəlki münaqişə konfiqurasiyası yoxdursa, onun üzərində qurulan siyasətin də dəyişmədən davam etməsi mümkün deyil.

Azərbaycan bu gün Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat çəkisi olan əsas dövlətlərdən biridir.

Bu reallığı nəzərə almadan regionda uzunmüddətli siyasət qurmaq mümkün deyil.

Məhz buna görə Fransa–Azərbaycan münasibətlərinin normallaşdırılması hansısa tərəfin digərinə etdiyi güzəşt deyil.

Bu, iki suveren dövlətin maraqlarından doğan siyasi zərurətdir.

DTX-nin həbs etdiyi Martin Ryan kimdir? — Fransız casusun mühakiməsi başladı

Martin Ryan işi, yaxud sözlərdən praktik diplomatiyaya

Normallaşmanın yalnız ritorikadan ibarət olmadığını göstərən ən konkret hadisələrdən biri Fransa vətəndaşı Martin Ryanın azad edilməsi oldu.

Prezident İlham Əliyev sentyabrın 23-də imzaladığı əfv sərəncamı ilə Ryanı cəzasının çəkilməmiş hissəsindən azad etdi.

Burada diqqət çəkən yalnız əfv qərarı deyil. Fransanın buna verdiyi siyasi qiymət daha maraqlıdır.

Fransa Xarici İşlər Nazirliyi qərarı “humanitar jest” adlandırdı və Martin Ryanın azad edilməsinin Azərbaycan hakimiyyəti ilə aparılan “səbirli və tələbkar dialoqun” nəticəsi olduğunu bildirdi. Daha əhəmiyyətlisi, Paris bunu “münasibətlərimizin normallaşmasına doğru bir mərhələ” kimi qiymətləndirdi.

Diplomatiyada belə ifadələr təsadüfən seçilmir.

Artıq normallaşmadan yalnız jurnalistlər və analitiklər deyil, Fransa dövləti özü danışır.

Usmanov, Ryan və görünməyən diplomatiya

Martin Ryanın əfvindən əvvəl Avropa İttifaqında rusiyalı-özbək milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması məsələsi gündəmə gəlmişdi.

Avropa diplomatik dairələrinə istinadən yayılan məlumatlarda Fransanın Usmanovun sanksiyalardan çıxarılmasına dəstək verməsi ilə Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının taleyi arasında əlaqənin ola biləcəyi bildirilirdi.

Fransa tərəfi qərarın milli təhlükəsizlik mülahizələri və beynəlxalq tərəfdaşların müraciətləri ilə bağlı olduğunu açıqladı. Azərbaycan tərəfi isə Bakının Usmanov məsələsindən Fransa üzərində təzyiq vasitəsi kimi istifadə etməsi barədə iddiaları rədd etdi.

Amma siyasətdə hadisələrin ardıcıllığının da öz mənası var.

Usmanov məsələsini, Paris və Bakı arasında intensivləşən diplomatik təmasları, Martin Ryanın əfv edilməsini, Fransa XİN-in “normallaşma” ifadəsini işlətməsini və NATO məsələsini bir-birindən tamamilə ayrı hadisələr kimi qiymətləndirmək siyasi proseslərin məntiqini görməmək olardı.

Görünən odur ki, Azərbaycanla Fransa arasında ictimaiyyətə açıqlanandan daha intensiv diplomatik proses gedir.

Əsl diplomatiyanın böyük hissəsi onsuz da kameralar qarşısında aparılmır.

İndi sınaq NATO-dadır

NATO-nun öz məlumatlarına görə, Azərbaycanla yeni Fərdiləşdirilmiş Tərəfdaşlıq Proqramının – ITPP-nin hazırlanması 2026-cı il boyunca davam edib.

Bu, sadəcə texniki sənəd deyil. ITPP Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif istiqamətlərini və əməkdaşlıq sahələrini çoxillik vahid çərçivədə birləşdirəcək.

Yəni söhbət bir protokol sənədindən yox, Azərbaycan–NATO münasibətlərinin gələcək praktiki çərçivəsindən gedir.

NATO diplomatlarına istinadən yayılan məlumatlara görə isə Fransa bir ildən artıqdır Azərbaycanın yeni proqramının təsdiqlənməsinə razılıq vermir və səbəblərdən biri kimi Azərbaycanda Fransa vətəndaşının saxlanılması göstərilib.

Əgər belədirsə, həmin səbəblərdən biri artıq aradan qalxıb.

Martin Ryan azaddır.

Fransa özü bunu münasibətlərin normallaşmasına doğru addım adlandırıb.

İndi ortaya yeni bir sual çıxır.

Fransanın NATO daxilində Azərbaycanla bağlı mövqeyi dəyişəcəkmi?

Bu, Azərbaycanın Fransadan nəsə gözləməsi məsələsi deyil.

Bu, Fransanın özünün elan etdiyi normallaşma siyasətinin konkret institusional qərarlarda nə dərəcədə əks olunacağının testidir.

Mövqe dəyişərsə, normallaşmanın sözlərdən qərarlara keçdiyini görəcəyik. Dəyişməzsə, deməli Parislə Bakı arasında Ryan məsələsindən daha dərin fikir ayrılıqları qalır.

Türkiyə faktoru: həmrəylik NATO masasında sınanır

NATO məsələsinin başqa mühüm tərəfi Türkiyənin mövqeyidir.

NATO diplomatlarına istinadən yayılan məlumatlara görə, Fransa Azərbaycanın proqramını təsdiqləmədiyi halda, Türkiyə də Ermənistanın paralel proqramının Azərbaycan sənədindən ayrı təsdiqlənməsinə razılıq verməyib.

Türkiyə rəsmisi isə məsələnin Türkiyə–Fransa və ya Türkiyə–Ermənistan qarşıdurması olmadığını, Ankaranın Azərbaycan və Ermənistanın ITPP sənədlərinin birlikdə təsdiqlənməsinə hazır olduğunu bildirib.

Bu detal Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyətini anlamaq baxımından vacibdir.

Son zamanlar bu münasibətlər haqqında müxtəlif spekulyasiyalar aparılır. Bəzən bir futbol oyunundan, bir açıqlamadan və ya bir protokol epizodundan böyük geosiyasi nəticələr çıxarılır.

Amma dövlətlərarası münasibətlərin daha ciddi ölçü vahidi var.

NATO məsələsində Türkiyə malik olduğu institusional imkanlardan istifadə edərək Azərbaycanın maraqlarını nəzərə alan mövqe tutur.

Bu, sosial şəbəkədə deyil, NATO masasında göstərilən siyasi həmrəylikdir.

Dostluq bəyanatlarda deyil, maraqların toqquşduğu anda sınanır.

Fransanın Ermənistan siyasəti var. Azərbaycan siyasəti də olmalıdır

Burada illüziyaya qapılmaq lazım deyil.

Fransanın Ermənistanla yaxın münasibətləri qalacaq. Paris Ermənistanın təhlükəsizliyi, suverenliyi və siyasi dayanıqlığı ilə bağlı siyasətini davam etdirəcək.

Azərbaycanın məqsədi də Fransa–Ermənistan münasibətlərini müəyyənləşdirmək deyil.

Əsas məsələ həmin münasibətlərin Azərbaycan əleyhinə siyasi xəttə çevrilməməsidir.

Fransanın Ermənistan siyasəti varsa, Ermənistan faktorundan asılı olmayan Azərbaycan siyasəti də olmalıdır.

Çünki Azərbaycanla münasibətlər Fransa–Ermənistan münasibətlərinin törəməsi kimi qurula bilməz.

Enerji var.

Şərq–Qərb nəqliyyat dəhlizləri var.

Cənubi Qafqazın təhlükəsizliyi var.

Mərkəzi Asiyaya çıxış var.

İqtisadi əlaqələr var.

Təhsil və mədəniyyət var.

Təhlükəsizlik və NATO çərçivəsində əməkdaşlıq imkanları var.

Fransa XİN-in öz statistikasına görə, Fransanın Azərbaycana ixracı 2025-ci ildə 311 milyon avronu keçib. Fransız investisiyalarının ölkədə uzunmüddətli mövcudluğu var. UFAZ – Fransa-Azərbaycan Universiteti isə 2026-cı ildə fəaliyyətinin on illiyini qeyd edir.

Deməli, siyasi böhrana baxmayaraq, münasibətlərin altında işləyən iqtisadi, təhsil və institusional baza yox olmayıb.

Bütün bunlar Azərbaycanın Fransa üçün əhəmiyyətinin Ermənistan kontekstindən qat-qat geniş olduğunu göstərir.

Müstəqil Azərbaycan siyasətinin formalaşması ilk növbədə Fransanın öz regional maraqlarına uyğundur.

Anne Boillon dövründən hansı dərsi çıxarmalıyıq?

Mən 2024-cü ildə xanım səfir haqqında sərt yazmışdım.

Bu gün də həmin yazının əsas tezisini dəyişmirəm:

Diplomatın işi sosial şəbəkədə qalib gəlmək deyil. Diplomatın işi dövlətlər arasında münasibətlərin qalib gəlməsinə çalışmaqdır.

Dövlət siyasəti tvitdən daha uzunömürlüdür.

Ona görə yeni mərhələdə münasibətlər şəxslərdən və emosiyalardan daha çox institutlara söykənməlidir.

Prezidentlər və xarici işlər nazirlikləri səviyyəsində dialoq davam etməli, parlamentlər, ekspertlər, universitetlər, media, hüquq və biznes dairələri arasında əlaqələr genişlənməlidir.

Fransada yaşayan azərbaycanlılar da bu prosesin kənarında qalmamalıdır.

Etiraz diasporundan təsir diasporuna

Fransa–Azərbaycan münasibətlərinin yeni mərhələsində dəyişməli sahələrdən biri də diaspor siyasətidir.

Diaspor yalnız Azərbaycan əleyhinə tədbir keçiriləndə küçəyə çıxan və etiraz bəyanatı verən struktur olmamalıdır.

Bəzən etiraz da lazımdır, amma etiraz strategiya deyil.

Fransada hüquq, tibb, mühəndislik, biznes, elm, media və təhsil sahələrində çalışan azərbaycanlıların potensialından daha sistemli istifadə edilməlidir.

Azərbaycan diasporunun növbəti mərhələsi etiraz diasporundan təsir diasporuna keçid olmalıdır.

Fransız dilində danışan, Fransa institutlarını tanıyan, mediada görünə bilən, universitetlərdə, bələdiyyələrdə, hüquq, biznes, media və siyasi dairələrdə əlaqələr qura bilən insanlar ön plana çıxmalıdır.

Fransaya Fransanın dili ilə danışmaq lazımdır.

Burada söhbət yalnız fransız dilindən getmir.

Fransanın siyasi dilini, hüquq sistemini, media mexanizmlərini, parlamentini, yerli idarəetməsini və akademik mühitini tanımaqdan gedir.

Diasporun təsiri neçə nəfəri küçəyə çıxara bilməsi ilə deyil, Fransanın ictimai və institusional həyatında nə qədər davamlı mövcudluq yarada bilməsi ilə ölçülməlidir.

Divar, yoxsa körpü?

Diplomatlar dəyişir.

Səfirlər gəlir və gedir.

Amma dövlətlər qalır.

2024-cü ildə yazdığım məqalə bir səfirin paylaşımına cavab idi. 2026-cı ildə isə məsələ artıq bir səfirdən, bir tvitdən və ya bir məhbusdan daha böyükdür.

Azərbaycan ərazi bütövlüyünü və suveren nəzarətini bərpa etmiş, Cənubi Qafqazda yeni siyasi reallığın əsas aktorlarından biri kimi çıxış edən dövlətdir.

Fransa isə regionda öz siyasətini bu reallığa uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir.

Bu, kimin kimə “qapı açması” məsələsi deyil.

Bu, bir dövlətin digərindən qəbul gözləməsi də deyil.

Bu, iki suveren dövlətin dəyişmiş regional və beynəlxalq şəraitdə qarşılıqlı maraqlarını uzlaşdırması məsələsidir.

Martin Ryanın əfv edilməsi konkret addım, Fransanın bunu “normallaşmaya doğru mərhələ” adlandırması siyasi siqnal oldu. NATO məsələsi isə həmin normallaşmanın sözlərdən institusional qərarlara keçib-keçmədiyini göstərə bilər.

Əsas sual budur:

Azərbaycan və Fransa son illərin böhranından sonra qarşılıqlı maraqlara əsaslanan yeni münasibət modeli qura biləcəklərmi?

Bunun üçün siyasi imkan var.

Amma münasibətlər qarşılıqlı hörmət, suverenlik və bərabərhüquqlu dövlət maraqları üzərində qurulmalıdır.

Razı olduğun dövlətlə münasibət qurmaq asandır.

Əsl diplomatiya fikir ayrılıqlarının olduğu dövlətlə qarşılıqlı maraq tapmaq bacarığıdır.

İki il əvvəl Fransanın Bakıdakı səfirinin davranışını tənqid etmişdim.

Bu gün məsələ bir şəxsdən çox-çox böyükdür.

Divar çəkmək asandır. Körpü qurmaq çətindir.

Amma dövlətlərin maraqlarına xidmət edən diplomatiya divarların hündürlüyü ilə deyil, qurduğu körpülərin möhkəmliyi ilə ölçülür.

Fransa–Azərbaycan münasibətlərində də əsas məsələ həmin körpünün qurulub-qurulmayacağı deyil.

Əsas məsələ onun hansı prinsiplər üzərində qurulacağıdır.

Elnur Məcidli
Paris, Fransa

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR