Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə sentyabrın 11-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mərasimdə çıxışında bildirib ki, Meksikanın Milli Müstəqillik Gününün ikinci dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunması Azərbaycan-Meksika münasibətlərində yeni ənənənin əsasını qoyur. O, Meksikanın Azərbaycandakı səfirinə bu təşəbbüsə görə təşəkkürünü bildirib.
“Artıq ikinci dəfədir ki, Meksikanın Milli Müstəqillik Günü məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilir. Bu, bizim diplomatik təcrübəmizdə yeni ənənənin əsasını qoyur”, – deyə Prezidentin köməkçisi bildirib.
O qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra diplomatik fəaliyyət baxımından yeni şəhərlər və yeni məkanlar yaranıb və bu, Azərbaycanın diplomatik coğrafiyasını əhəmiyyətli dərəcədə zənginləşdirib. Hikmət Hacıyev xarici ölkələrin diplomatik nümayəndəliklərini gələcəkdə Şuşada və Azərbaycanın digər şəhərlərində bu kimi təşəbbüslərə qoşulmağa dəvət edib.
Qarşıdakı dövrdə digər ölkələrin də səfirliklərinin öz ölkələrinin müstəqillik günləri mərasimlərini Şuşada keçirməsi gözlənilirmi?
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu, müdrik xarici siyasət kursunun təntənəsini yaşayırıq. Azərbaycana bu gün beynəlxalq aləmdə böyük etimad var: “Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır. Birləşmiş Ştatlar Böyük İyirmiliyin toplantısına yaxınlarda ev sahibliyi edəcək, Azərbaycan Prezidenti o sammitə dəvət edilib. Bu çox yüksək etimad və nüfuzun göstəricisidir. Eyni zamanda Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasına Azərbaycan qəbul edilib. Bu da Azərbaycana yüksək etimadın ifadəsidir. Azərbaycan bu gün Avropanın 10 dövləti ilə strateji tərəfdaşlıq sənədi imzalayan ölkədir. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik sənədləri imzalayıb. Bütün bunlar onun ifadəsidir ki, Azərbaycan Prezidentinin yeritdiyi siyasət beynəlxalq aləmdə çox böyük səviyyədə qarşılanır. Bütün bu dediklərimizin daha bir sübutu kimi Meksikanın Milli Müstəqillik Gününü Şuşada qeyd etməsini vurğulamaq yerinə düşər. Meksika Səfirliyinin təşkil etdiyi tədbir çox yüksək səviyyədə keçib. Başqa bir dövlətin səfirliyi ölkəsinin müstəqillik gününü Bakı şəhərində deyil, Şuşada qeyd edir. Bu, Meksika dövlətinin Azərbaycanın ərazi bütövlüyünə olan yüksək etimadının ifadəsidir”.
Deputata hesab edir ki, başqa dövlətlərin də səfirliklərinin öz müstəqillik günləri mərasimlərini təkcə paytaxt Bakıda deyil, Şuşada, Xankəndində keçirməsi presedenti yaranıb, uğurlu Meksika nümunəsini digər dövlətlərin səfirliklərinin də təkrarlaması alqışa layiq olar: “Digər ölkələrin analoji addım atması mümkündür. Bu, həmin ölkələrin Azərbaycanla münasibətlərinin yüksək səviyyəsinin bir ifadəsi olmuş olar”.
Etibar Seyidağa,
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ