İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd tanımayan təhdidlər: Azərbaycan müasir təhlükələri necə təhlil edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.

Prezident İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. “Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir”, deyə ölkə başçısı vurğulayıb.

Şühbəsiz ki, təhlükəsizlik anlayışı artıq yalnız ayrı-ayrı dövlətlərin sərhədlərinin və strateji obyektlərinin qorunması ilə məhdudlaşmır. Texnoloji inkişaf, kibertəhdidlərin artması, transmilli cinayətkarlığın yeni formaları və geosiyasi rəqabətin dərinləşməsi təhlükəsizlik məsələlərinə daha geniş və kompleks yanaşmanı zəruri edir. Bu mənzərədə əsas suallardan biri isə qlobal təhdidlərin dəyişən xarakterinin dövlətlərin təhlükəsizlik siyasətinə və xüsusi xidmət orqanlarının fəaliyyətinə necə təsir etməsidir.
Məhz bu aspektdən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın rəyini öyrəndik. Ekspert hesab edir ki, müasir dövrdə texnologiyanın inkişafı, süni intellektin rolunun artması və insan həyatına müdaxiləsi genişləndikcə təhlükəsizlik sistemində də dəyişiklik və şaxələnmə prosesi artır: “Bu proses yalnız müsbət tendensiya ilə deyil, paralel olaraq mütəşəkkil cinayətkarlığın, terrorizmin, transmilli cinayətkarlığın, kibercinayətkarlığın da inkişafı ilə müşahidə olunur. Bu tip cinayətkarlığın təhlükəsi ondadır ki, o, milli sərhədləri tanımır və hücumları dünyanın istənilən yerindən həyata keçirilə bilər. Belə olduqda istənilən dövlət bu cür cinayətkarlığa qarşı təkbaşına mübarizə aparıb təhlükəsizliyini təmin edə bilməz. Bakı Təhlükəsizlik Forumunda da 100-dən çox dövlətin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı göstərir ki, qlobal təhlükəyə qarşı əməkdaşlıq etmədən, informasiya mübadiləsi olmadan mübarizə aparmaq uğur gətirməz”.

İ.İsmayıl həmçinin, vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumu ənənə halını alıb və bu, Azərbaycanın müasir təhlükələrin istiqamətlərini dərindən təhlil etdiyini və mübarizənin təkbaşına deyil, birgə qlobal əməkdaşlıq səviyyəsində müsbət nəticələr verəcəyini öncədən gördüyünü sübut edir: “Azərbaycan üçün ilk növbədə enerji, nəqliyyat, bank, həyati vacib obyektlər, rabitə və informasiya məkanlarına qarşı mümkün terror hadisələrinin qarşısını almaqla bərabər, regionda silahlanmanın təhlükəsizliyə ciddi təsir edə biləcəyini də diqqət mərkəzində saxlaması şərtdir. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti, xüsusi xidmət orqanlarımız indiyədək bu vəzifənin öhdəsindən gəlib və beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə bundan sonra da yalnız ölkənin təhlükəsizliyinə deyil, bütövlükdə beynəlxalq təhlükəsizliyə töhfə vermiş olacaq”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR