İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səssiz danışan rənglər” nümayiş olunacaq

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, qrafik və rəngkar, Azərbaycan Rəssamlar İttifaqının üzvü Bayram Qasımxanlının 80 illik yubileyi qeyd olunur.

Musavat.com xəbər verir ki, sənətkarın yubileyi münasibətilə oktyabrın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda “Səssiz danışan rənglər” adlı fərdi yubiley sərgisi açılacaq.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək. Bayram Qasımxanlı zəngin yaradıcılıq irsi və özünəməxsus dəst-xətti ilə Azərbaycan təsviri sənətində xüsusi yer tutur. O, ilk peşə təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb, daha sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib.

Sənətkar yaradıcılıq fəaliyyəti ilə yanaşı, uzun illərdir pedaqoji fəaliyyətlə də məşğuldur. O, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində baş müəllim kimi çalışır, gənc memar və rəssamların peşəkar hazırlığında iştirak edir.

Qasımxanlının yaradıcılıq diapazonu kifayət qədər genişdir. Rəssam qrafikanın akvarel, ksiloqrafiya, linoqravüra və ofort kimi müxtəlif sahələrində əsərlər yaradıb. Onun yaradıcılığında dəzgah rəngkarlığı, karikatura və dostluq şarjları da xüsusi yer tutur.

Sənətkarın yaradıcılığında ekslibris janrı da mühüm istiqamətlərdən biridir. Bayram Qasımxanlı 1984-cü ildən Bakı Ekslibris Klubuna rəhbərlik edir. Onun rəhbərliyi ilə klub tərəfindən Bakıda dəfələrlə beynəlxalq ekslibris müsabiqə-sərgiləri təşkil olunub.

İndiyədək rəssamın əsərlərindən ibarət bir neçə fərdi sərgi keçirilib. O, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təşkil olunan sərgilərdə iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb.

Oktyabrın 2-də açılacaq “Səssiz danışan rənglər” yubiley sərgisində rəssamın əsasən akvarel və ekslibris janrlarında yaratdığı seçilmiş əsərlər nümayiş etdiriləcək.

Tədbir çərçivəsində Bayram Qasımxanlının yaradıcılığına həsr olunmuş yeni kataloqun təqdimatı da keçiriləcək.

Qeyd edək ki, sərgi oktyabrın 2-dən 10-dək Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda (İstiqlaliyyət küçəsi 12 / Xaqani 18) sənətsevərlərin ziyarətinə açıq olacaq.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR