Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı Yaxın Şərqdə yeni hərbi-siyasi təşəbbüslə çıxış edib. Krallığın Müdafiə Nazirliyi Fars körfəzi, Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində dəniz təhlükəsizliyini təmin etmək məqsədilə "çoxmillətli dəniz təhlükəsizliyi koalisiyası"nın yaradılması üzrə beynəlxalq görüş keçirdiyini açıqlayıb. Görüşdə 43 ölkənin və Avropa İttifaqının nümayəndələri iştirak edib, 14 dövlət isə təşəbbüsə rəsmi dəstəyini ifadə edərək təsis prosedurlarına başlanmasını alqışlayıb.
Koalisiyanı dəstəkləyən ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İordaniya, Küveyt, Qətər, Pakistan, Türkiyə, Somali, Sudan, Cibuti, Maldiv adaları, Yəmənin beynəlxalq səviyyədə tanınan Prezident Şurası hökuməti.
Ər-Riyad hakimiyyəti bildirir ki, yeni koalisiyanın məqsədi beynəlxalq ticarət və enerji marşrutlarının təhlükəsizliyini təmin etmək, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində gəmiçiliyi qorumaqdır. Qərargahın Səudiyyə Ərəbistanında yerləşəcəyi, üzv ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsi və birgə dəniz əməliyyatlarının həyata keçiriləcəyi nəzərdə tutulur.
Bununla belə, regional və beynəlxalq analitiklərin böyük hissəsi hesab edir ki, koalisiyanın əsas məqsədi Yəməndə fəaliyyət göstərən İranın dəstəklədiyi "Ənsərallah" hərəkatının Qırmızı dənizdə yaratdığı hərbi təzyiqi zəiflətməkdir.
Son həftələr "Ənsərallah" Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib, Səudiyyə ilə əlaqəli gəmilərə hücumlar həyata keçiriblər. Ər-Riyad isə buna cavab olaraq Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib və dənizdə yeni təhlükəsizlik mexanizmlərinin yaradılacağını bəyan edib.
Bab əl-Məndəb boğazı dünya ticarətinin əsas arteriyalarından biridir. Avropa ilə Asiya arasında hərəkət edən yük və enerji daşıyan gəmilərin böyük hissəsi məhz bu marşrutdan istifadə edir. Husilərin hücumları nəticəsində son illərdə çoxsaylı şirkətlər marşrutlarını dəyişməyə məcbur olub, bu isə daşınma xərclərini artırıb və qlobal ticarətə təsir göstərib.
Diqqət çəkən məqamlardan biri odur ki, rəsmi dəstək verən ölkələr arasında ABŞ və Avropa dövlətləri yoxdur. Bununla yanaşı, Reuters və Financial Times qeyd edir ki, görüşdə 43 ölkənin və Avropa İttifaqının nümayəndələri iştirak edib. Analitiklər hesab edirlər ki, Qərb dövlətləri artıq bölgədə mövcud olan ABŞ rəhbərliyindəki və Avropa İttifaqının dəniz missiyaları vasitəsilə fəaliyyət göstərdiklərinə görə yeni koalisiyaya formal üzvlük nümayiş etdirməyə ehtiyac duymayıblar.
Yəmən üsyançıları öz növbəsində bildirirlər ki, Qırmızı dənizdə həyata keçirdikləri əməliyyatların məqsədi İsrailə və İsraili dəstəkləyən ölkələrə təzyiq göstərmək, həmçinin Qəzza zolağında hərbi əməliyyatlara etiraz etməkdir. Səudiyyə Ərəbistanı isə bunu beynəlxalq dəniz ticarətinə və regional təhlükəsizliyə təhdid kimi qiymətləndirir.
Beləliklə, yeni koalisiya regionda qüvvələr balansına təsir göstərə biləcək mühüm addım hesab olunur. Əgər təşəbbüs real hərbi əməliyyat mərhələsinə keçərsə, bu, Yəmən münaqişəsinin yenidən genişmiqyaslı fazaya keçməsi və Qırmızı dənizdə gərginliyin daha da artması riskini yüksəldə bilər.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a bildirib ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan yeni koalisiya Yaxın Şərqdə təhlükəsizlik sisteminin yenidən formalaşdırılmasına yönəlmiş strateji layihədir:
"Son aylarda Qırmızı dənizdə baş verən hadisələr göstərdi ki, husilər Yəmən daxilində fəaliyyət göstərən silahlı qruplaşma olmaqdan çıxmaqla dünya ticarətinin ən vacib dəniz marşrutlarından birinə təsir edə bilən aktora çevriliblər. Bu isə həm regional dövlətlərin, həm də qlobal iqtisadiyyatın maraqlarına toxunur.
Səudiyyə Ərəbistanının yaratmağa çalışdığı koalisiya məhz bu təhlükəyə kollektiv cavab vermək məqsədi daşıyır. Burada diqqət çəkən məqam odur ki, təşəbbüsün mərkəzində region ölkələri dayanır. Ər-Riyad bununla göstərmək istəyir ki, Yaxın Şərqin təhlükəsizliyi məsələlərində daha çox təşəbbüs sahibi olmaq niyyətindədir.
Koalisiyanın tərkibinə Türkiyə, Pakistan, Misir, Körfəz ölkələri və Afrika Buynuzu dövlətlərinin daxil edilməsi təsadüfi deyil. Bu ölkələrin hər biri Bab əl-Məndəb boğazı və Qırmızı dəniz hövzəsində təhlükəsizliyin qorunmasında birbaşa maraqlıdır. Çünki həmin marşrutun bağlanması və ya qeyri-sabitləşməsi enerji bazarlarına, yükdaşımalara və dünya ticarətinə ciddi zərbə vurur.
ABŞ və Avropa ölkələrinin rəsmi üzvlər sırasında yer almaması onların prosesdən kənarda qalması anlamına gəlmir. Qərb dövlətlərinin bölgədə artıq fəaliyyət göstərən dəniz missiyaları var. Görünən odur ki, bu dəfə Vaşinqton və Brüssel regional tərəfdaşların ön plana çıxmasını dəstəkləyir və təhlükəsizlik yükünün böyük hissəsinin məhz region ölkələri tərəfindən daşınmasını istəyir".
Siyasi şərhçi deyib ki, digər tərəfdən, bu təşəbbüs İran üçün də mühüm mesajdır: "Çünki husilər uzun illərdir Tehranın regiondakı əsas təsir alətlərindən biri hesab olunur. Əgər yeni koalisiya onların dənizdəki imkanlarını məhdudlaşdıra bilsə, İranın Yaxın Şərqdəki geosiyasi manevr imkanları da müəyyən dərəcədə zəifləyə bilər.
Lakin unutmaq olmaz ki, belə koalisiyaların uğuru yalnız hərbi potensialla ölçülmür. Əgər Yəməndə siyasi həll prosesi paralel şəkildə irəliləməsə, husilər asimmetrik hücum taktikasını davam etdirəcək və regionda gərginlik yeni mərhələyə keçə bilər. Buna görə də qarşıdakı dövrdə həm diplomatik, həm də hərbi müstəvidə mürəkkəb proseslərin şahidi olacağıq".
E.Məmmədəliyev,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ