Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Xristian-Demokratik Partiyasının sədri Levon Şirinyanın səsləndirdiyi ittihamlar medianın diqqətini çəkib.
Belə ki, Şirinyan Rusiyanın Ermənistanla bağlı əsas məqsədini açıqlayıb. O, rusiyalı oliqarx Samvel Karapetyanın Moskvanın siyasi planlarına daxil olduğunu bildirib. Eyni zamanda, bu xüsusda katolikos II Qaregin və Yezras Nersisyanın da adlarını çəkib.

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Şirinyanın səsləndirdiyi fikirlər Ermənistanda seçkilərdən sonra davam edən siyasi mübarizənin tərkib hissəsi kimi qəbul edilməlidir:
“Hakimiyyət Moskva ilə münasibətləri yenidən formatlamağa və Avropa istiqamətini gücləndirməyə çalışdığı bir vaxtda, müxalif düşərgədə Rusiya ilə ənənəvi əlaqələrin qorunmasını müdafiə edən qüvvələr qalır. Karapetyan da açıq şəkildə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun saxlanmasını müdafiə edir və Rusiya bazasının çıxarılmasının ölkənin təhlükəsizlik sistemini zəiflədəcəyini bildirir. Buna görə Şirinyanın Karapetyan, II Qaregin və Yezras Nersisyanın adlarını eyni siyasi kontekstdə çəkməsi, ilk növbədə, Ermənistanda Rusiya ilə sıx münasibətləri müdafiə edən siyasi, iqtisadi və dini dairələri vahid təsir şəbəkəsi kimi təqdim etmək cəhdi kimi görünür.
Lakin bu şəxslərin Moskvanın vahid siyasi planı çərçivəsində hərəkət etdiyini təsdiqləyən müstəqil və qəti sübut olmadığı üçün Şirinyanın dediklərini fakt kimi deyil, siyasi iddia kimi qiymətləndirmək daha düzgündür”.
Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədiyini söyləmək üçün müəyyən əsaslar var, amma bu, Moskvanın təsirinin aradan qalxması demək deyil: “Ermənistanın xarici siyasətdə alternativ tərəfdaşlara yönəlməsi və Moskva ilə təhlükəsizlik münasibətlərinin əvvəlki formasını sorğulaması Rusiyanın ənənəvi təsir mexanizmlərini məhdudlaşdırır. Bununla yanaşı, Rusiya hərbi mövcudluq, iqtisadi əlaqələr, enerji, diaspor və Rusiyaya yaxın siyasi dairələr vasitəsilə mühüm rıçaqlara malikdir. Son həftələrdə Karapetyanın Rusiya bazasının saxlanmasını müdafiə etməsi və onun siyasi qüvvəsinin Rusiya səfiri Sergey Kopırkinlə münasibətlərin genişləndirilməsini müzakirə etməsi də bu əlaqələrin davam etdiyini göstərir”.
Cavanşir Abbaslı
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ