Onlayn ictimai-siyasi qəzet
İnsanın kosmosa uçuşundan əvvəl SSRİ bir sıra təhlükəli təcrübələri itlər üzərində həyata keçirib.
Musavat.com xəbər verir ki, Layka, Belka və Strelkanın uçuşları kosmik tədqiqatlar tarixinin ən yaddaqalan səhifələrindən birinə çevrilib.
1957-ci il noyabrın 3-də Layka “Sputnik-2” kosmik aparatı ilə orbitə göndərilib. Küçədən götürülmüş Layka Yer orbitinə çıxan ilk heyvan olub. Lakin aparatın Yerə qaytarılması nəzərdə tutulmadığından onun sağ qayıtması mümkün deyildi. Layka orbitə çatdıqdan bir neçə saat sonra həyatını itirib.
Təxminən üç il sonra – 1960-cı il avqustun 19-da Belka və Strelka “Sputnik-5”lə kosmosa göndərilib. Onlarla birlikdə 40 siçan, iki siçovul, bitkilər və digər bioloji nümunələr də uçuşda iştirak edib. Belka və Strelka Yer orbitinə çıxaraq sağ-salamat geri qayıdıblar və bununla tarixə düşüblər.
Uçuşdan sonra Strelka altı bala dünyaya gətirib. Onlardan Puşinka adlı bala SSRİ rəhbəri Nikita Xruşşov tərəfindən ABŞ prezidenti Con Kennedinin ailəsinə hədiyyə edilib.
Laykanın faciəli missiyası, ardınca Belka və Strelkanın uğurla Yerə qaytarılması canlı orqanizmlərin orbit şəraitində davranışı barədə mühüm məlumatlar əldə etməyə imkan verib və insanın kosmosa uçuşuna hazırlığın əsas mərhələlərindən olub. Belka və Strelkanın tarixi uçuşundan səkkiz aya yaxın sonra – 1961-ci il aprelin 12-də Yuri Qaqarin “Vostok-1”lə kosmosa uçub.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ