İnsanlara hürriyət, millətlərə istiqlal!

Suya atılan imza...

Dudayev niyə “ruslarla anlaşmanın ömrü mürəkkəbi quruyana qədərdir...” deyirdi?; Putin anlamadı ki, ölkəsi artıq imperiya, biz isə “Qafqaz əsiri” deyilik...

“...Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir”. Çeçenistan ordusunun mərhum ali baş komandanı Cövhər Dudayevin bu heyrətamiz aforizmi bəlkə də Rusiyanın əsl kimliyinə qiymət verən tarixi fikirdir, rus siyasətinin zehniyyətinə möhür vuran mövqedir.  Əslində Dudayevin söylədiyi altından qırmızı xətt çəkiləcək sözdür və Azərbaycan tarixinin bütün mərhələləri üçün ibrətamizdir.

Rusiyaya meydan oxuyan prezident Zaqatalaya niyə gəlmişdi?

Dudayevin başqa bir fikrini də tarixin yaddaşına hökm ediblər: “Ruslarla anlaşmanın ömrü mürəkkəbi quruyana qədərdir...”

Axı Rusiya hansı qonşusu və ya dostu ilə sona qədər dürüst rəftar edib?! Bu, özlərinin çox sevdiyi “rusofob” fikir deyil. Rusiyanın zəngin mədəniyyətinin, təhsilinin, ədəbiyyatının, rus dilinin bu coğrafiyada və dünyada hörmətəlayiq yeri var. Ancaq Rusiya siyasətinin və ya rus imperiya təfəkkürü siyasətinin heç yerdə, ən əsası keçmiş sovetlər məkanında heç bir çəkisi qalmayıb.

Rus “mujiki” və “Qafqaz əsiri”

Sözün əsl mənasında çox uzağa getməyək (İbrahim Məmmədlinin sözü olmasın - E.S.), götürək son 4-5 il ərzində Azərbaycanın başına gələnləri - Kreml və onun lideri bütün mahiyyəti ilə imza atdığı, üzbəüz söz verdiyi bütün öhdəliklərə naqis çıxdı. Halbuki ruslarda kobud çıxmasın, “mujik” söhbəti var. Axı ruslar həm də Şərq xalqıdır, avrasiyalıdırlar. Onlar bəyənmədikləri fransızlardan, hollandlardan daha çox bu dəyərlərə - o dəyərlərə ki Qafqaz coğrafiyasında xüsusi qiymət verilir - həssas yanaşılır.

Azərbaycanın və dövlət rəhbərliyinin Rusiyadan da, onun siyasi rəhbərliyindən də son 4 ildə sözün yaxşı mənasında qopardığı iki razılaşma var. Hər ikisi də “müjik” söhbətidir - Moskvada imzalanan eyniadlı bəyannamə və Düşənbədəki görüşdə verilən söz. Bəs hansı biri həyata keçirildi?

Deyə bilərsiniz ki, bir az ağır söhbət oldu. Amma biz məhz Dudayevin “ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir” sözlərini təkrar yada salmalı oluruq: nə Moskva bəyannaməsinə, nə Düşənbə görüşündə verilən vədə Rusiyanın ali rəhbəri səviyyəsində sədaqət gördük. Heyhat!

Hərçənd Rusiya prezidenti, dünyanın hər üzünü görmüş təcrübəli lider Vladimir Putin artıq anlamalıydı ki, ölkəsi artıq imperiya, biz isə “Qafqaz əsiri” deyilik. Ancaq bu korafəhm təfəkkür, təkəbbür və müştəbehlik dəyişmədi. Buna görə də 4 il ərzində dünyanın “ikinci ordusu”nun dişləri Ukraynada sındırılıb töküldü, Qarabağda isə işğalçı-sülhməramlı kontingent şələ-şüləsini götürüb gəldiyi yerə qayıtdı.

Bunun harası müttəfiqlik oldu?

Azərbaycan Ukrayna müharibəsinin başlanmasına cəmi iki gün qalmış Rusiya ilə Moskva deklorasiyasını imzalayıb. Bu sənəddə tərəflərin götürdüyü öhdəliklərin əsas müddəalarını məhz elə Rusiya pozdu. Biz heç vaxt qonşularımıza xor baxmamışıq, maraqlarına toxunmamışıq. İllah da şimal qonşumuzla bağlı  həssaslığımızı dünyanın bütün siyasi qütbləri anlayışla qarşılayıb. Ruslar isə 4 il ərzində “müttəfiq” kimi nələr etmədilər - təyyarəmizi vurdular, bu cinayətlə bağlı gözləntilərimizi icra etmədilər, Xarkovda konsulluğu, Kiyevdə səfirliyi, Odessada enerji kəmərlərimizi raketlə bombaladılar, Yekaterinburqda soydaşlarımızı OMON işgəncə ilə qanına qəltan etdi, diaspora hücumlar, deputatımıza deportasiya və daha nələr, nələr...

Belə də müttəfiq olar?! Nə vaxtdan müttəfiq müttəfiqə zərər vuran olub? Deməli, bu, Ukrayna müharibəsinə qədər olan zərurət idi. Zaman isə göstərdi ki, Moskva deklorasiyası, sadəcə, Putinin suya atılan imzası imiş.

Bəyannamənin imzalanma tarixin həqiqətən də simvolik rəqəmlərdir - 22 fevral, 2022-ci il... Bu gün isə 25 fevral, 2026-cı ildir. Sənəd qüvvədə qalır, amma hökmü yoxdur. 

Putinin o dönəmdə dediyi sözlərə görə, sənəd Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub və iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarır. Yeni “səviyyə” isə Rusiyanın Azərbaycana və bu coğrafiyaya I Pyotrdan bəri dəyişməyən münasibətinin göstəricisidir.

Üç paytaxtda edilən xəyanət

Hərgah Moskva bəyannaməsində öhdəliklərdən birində deyilir ki, “Rusiya Federasiyası Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər”.

Ancaq bu gün Rusiyadan ayrı-ayrı siyasətçilər sülhə təhdid yağdırmaqdan əl çəkmirlər. Başqa bir bənddə qeyd olunur ki, “Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər”.

Ancaq Rusiya kiberhücumlar, hibrid təhdidlər, çirkin anti-Azərbaycan kampaniyaları təşkil etməkdən yorulmur. Təbii ki, imza atdığı bu sənədin öhdəliklərini 4 il ərzində yerinə yetirməyən Rusiyadan və onun rəhbərliyindən üzbəüz görüşdə verilən şifahi sözün icrasını gözləməyə dəyməzdi. Söhbət Düşənbə danışıqlarından gedir.

Axı Moskva Bəyannaməsi kimi strateji bir müqavilənin müddəalarına əməl etməyən dövlətdən şifahi və ictimaiyyət qarşısında verilən vədə riayəti gözləmək sadəlövhlük olardı. Çünki bu Rusiya elə 1995-ci ildə təhlükəsizliyinə Budapeşt memorandumu ilə zəmanət vermiş öz soyundan olan Ukraynaya hərbi təcavüz edib. İndi nə Budapeşt razılaşmasına, nə beynəlxalq hüquqa, nə ən son olaraq Moskva bəyannaməsinə məhəl qoymayan Rusiyadan Düşənbədə verilən şifahi sözdən niyə səmimiyyət gözləməliyik?

Donbasın palçıqlı çölləri və “Moskva saatı”

Aydın məsələdir ki, Rusiya müharibədə üzləşdiyi uğursuzluğa və strateji hədəflərinə çatmadığına görə qəzəblidir. Üstəlik, bundan sonra rus ordusu zəfər çala bilməz. İndi də bunun heyfini çıxmağa çalışırlar. Bu da bir isterikadır. İndi “val” dəyişib və heç kəs “Moskvanın göz yaşlarına inanmır”.

Azərbaycan və Cənubi Qafqaz rus əsarətindən qurtuluş fürsəti hiss edir. Əlbəttə, Rusiya yenə də bu regiona nə zamansa qayıtmaq istəyəcək - siyasi gücü ilə. Amma hazırda o taqəti yoxdur. Rusları Donbasın palçıqlı çöllərində 4 ildir ki, şil-küt vəziyyətinə salıblar - sözün məcazi, siyasi-iqtisadi və hərbi mənasında. Axı “Z” ordusu Zaporojyeni, yaxud Baxmutu tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamamışdı. Sadəcə, Putinin blitskriqi alınmadı və üç günə desantlar hesabına Kiyevi götürmək nəsib olmadı. Əgər buna müvəffəq olsaydılar, indi Ukrayna ittifaq dövlətinə daxil idi, qalan postsovet ölkələri və elə Azərbaycan da rus orbitinə yaxınlaşmışdı. Bununla da Putinin “SSRİ-2" modeli gerçəkləşəcəkdi... 

Bax, bu strateji iflas Rusiyanı dəliyə döndərib: Cənubi Qafqazda, Yaxın Şərqdə strateji itkilər, Zəngəzur dəhlizinə nəzarət fürsətini əldən vermək, “Qarabağın açarı”nı illərlə əlində saxladığı halda, bu keçmiş münaqişə vasitəsilə regionu idarə etmək rıçaqları yoxdur. Ona görə də acığını çıxmaq üçün bütün yollara əl atdı. Amma Rusiya 2022-ci ilki Rusiya deyil, Azərbaycan da...

Bundan sonra Moskva üçün köhnə doktrina işləmir. Rusiya, nəhayət, anlamalıdırlar ki, qonşuları ilə hansı dildə və ritorikada danışmaq lazımdır. Yeri gəlmişkən, bugünlərdə deputat Qüdrət Həsənquliyev demişdi ki, “dalaşanda barışmağa yer qoymaq lazımdır və hər zaman etibarlı tərəfdaş olduğunu söyləyən İlham Əliyev Putinin ona xəyanət etməyəcəyinə inandığını söyləmişdi”.

Beləliklə, artıq Qafqazda “Moskva saatı” işləmir. Ona görə də Rusiya lideri sübut etməlidir ki, o, aciz vəziyyətdə deyil, baş verənlər də onun hikkəsinin nəticələri deyil. Hərçənd buna inanmaq da getdikcə çətindir...

Emil SALAMOĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR