İnsanlara hürriyət, millətlərə istiqlal!

3 Azərbaycan vətəndaşı əliqandallı ölkəyə gətirildi – Beynəlxalq axtarış işi

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha üç şəxs xarici ölkələrdə saxlanılaraq ölkəmizə gətirilib.

Musavat.com bildirir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun zəruri sənədlərin təqdim olunması və aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

Musavat.com xəbər verir ki, Ənvər Tağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilir.

İstintaq materiallarına əsasən, onun qaçaqmalçılıq cinayəti törətməsinə, eləcə də aksiz markası ilə markalanmalı olan yükü müvafiq markalanma olmadan satış məqsədilə saxlamasına dair əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun digər ekstradisiya sorğuları isə Rusiya Federasiyası tərəfindən təmin olunub.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası barədə vəsatətlər Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən qəbul edilib. Məlumata görə, Qubadlı Hərbi Prokurorluğunda aparılan istintaq çərçivəsində Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına dair əsaslı şübhələr müəyyən olunub.

Digər cinayət işi üzrə isə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində aparılan istintaqda Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərarlar qəbul edilib. Onların istintaqdan yayınaraq gizləndikləri bildirildiyindən dövlətlərarası axtarış elan olunub.

Nahid Əlicanlı və Renad Orucov Rusiya Federasiyasının ərazisində saxlanılıblar. Daha sonra Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə hər iki şəxs Azərbaycan Respublikasına gətirilib.

Beləliklə, Baş Prokurorluğun beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif cinayət əməllərində şübhəli bilinərək axtarışa verilmiş şəxslərin Azərbaycana qaytarılması istiqamətində növbəti nəticə əldə olunub.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR