Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar taksi sifarişi tətbiqlərindən istifadə edən vətəndaşların şikayətləri artmaqdadır. İstifadəçilər bildirirlər ki, mobil telefon vasitəsilə xəritədə düzgün ünvan seçmələrinə baxmayaraq, tətbiq bəzən sifarişi fərqli ünvana yönləndirir və ya sürücüyə yanlış məkan göstərir. Nəticədə həm sərnişin, həm də sürücü əlavə vaxt itirir, bəzi hallarda isə sifariş ləğv edilir və ya əlavə xərc yaranır.
Mütəxəssislərin fikrincə, bu cür problemlər GPS siqnalındakı səhvlər, xəritə xidmətlərindəki uyğunsuzluqlar, mobil internetin keyfiyyəti, tətbiq təminatındakı texniki nasazlıqlar və ya istifadəçi tərəfindən ünvanın düzgün daxil edilməməsi ilə bağlı ola bilər. Bununla belə, vətəndaşlar son dövrlərdə bu halların daha tez-tez təkrarlanmasından narahat olduqlarını bildirirlər.
Bəs taksi tətbiqlərində ünvanların səhv göstərilməsinin əsas səbəbləri nədir? Son vaxtlar bu problemlərin artması nə ilə bağlıdır və istifadəçilər belə halların qarşısını almaq üçün nələrə diqqət etməlidirlər?
![]()
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin (AİKTSA) sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Taksi tətbiqlərində sifariş ünvanının başqa bir nöqtəyə yönləndirilməsi problemi tək bir amildən deyil, peyk naviqasiyası, rəqəmsal xəritə arxitekturası və tətbiqdaxili alqoritmlərin sinxronizasiya xətalarından qaynaqlanan kompleks texniki problemdir. Bu nasazlıq ilk növbədə GPS peyklərindən gələn siqnalların sıx binalar, tunellər və ya hava şəraiti səbəbindən zəifləməsi və cihazın koordinatları yanlış hesablaması (multipath effekti) ilə bağlı ola bilər. Eyni zamanda, Google Maps və ya Yandex kimi qlobal xəritə xidmətlərində bəzi lokal ünvanların daxili kodlaşdırılmasının (geocoding) dəqiq aparılmaması və taksi tətbiqlərinin daxili marşrutlaşdırma alqoritmlərinin sürücünü ən yaxın fiziki ünvana deyil, xəritədəki ən yaxın rəqəmsal nöqtəyə yönləndirməsi bu xətaları qaçılmaz edir. Son dövrlərdə şikayətlərin artmasının texniki izahı isə şəhərsalmanın sürətlənməsi, yeni binaların ünvan reyestrinin rəqəmsal xəritələrə vaxtında inteqrasiya olunmaması və tətbiqlərdə istifadə olunan daxili keş (cache) yaddaşının lokal olaraq tez-tez yenilənməməsidir”.
Ekspert bildirib ki, gələcəkdə bu növ koordinat xətalarının minimuma endirilməsində süni intellekt və yeni naviqasiya texnologiyaları həlledici rol oynayacaq, lakin bu sistemlərin Azərbaycanda effektiv işləməsi rəqəmsal xəritələrin beynəlxalq standartlara uyğunlaşdırılmasından birbaşa asılıdır: “Süni intellekt real vaxt rejimində sürücülərdən toplanan milyardlarla telemetrik məlumatı (Big Data) analiz edərək xəritədə mövcud olmayan gizli yolları, daxili həyətlərə giriş nöqtələrini öyrənir və GPS siqnalı itsə belə, maşın öyrənməsi vasitəsilə sürücünü düzgün küncə istiqamətləndirə bilir. Azərbaycanda rəqəmsal xəritələrin dəqiqliyi qlobal magistral yollar səviyyəsində beynəlxalq standartlara tam cavab versə də, daxili kvartallar, yeni salınan yaşayış massivləri və fərdi evlərin ünvan arxitekturası müstəvisində beynəlxalq analoqlardan hələ də geridə qalır; bu da lokal məkanda xətaların faizini artırır”.
Qeyd edək ki, dünya praktikasında ən uğurlu nümunələrdən biri Yaponiya hesab olunur. Burada ünvan və xəritə sistemləri çox dəqiq işlədiyindən taksi tətbiqlərində səhvlər minimum səviyyədədir. Sinqapur və Cənubi Koreyada da dövlət qurumları, xəritə xidmətləri və rəqəmsal platformalar arasında məlumat mübadiləsi yüksək səviyyədə qurulduğu üçün ünvan problemlərinə az rast gəlinir. Avropada Niderland, Finlandiya və Almaniya da bu sahədə qabaqcıl ölkələr sırasındadır. Həmin ölkələrdə küçə və bina məlumatları mütəmadi yenilənir, rəqəmsal xəritələr dövlət reyestrləri ilə inteqrasiya olunur. Bu isə həm taksi xidmətlərinin, həm də digər naviqasiya sistemlərinin dəqiqliyini artırır. Bununla belə, dünyanın ən inkişaf etmiş ölkələrində belə bu problem tam aradan qalxmayıb. Məsələn, ABŞ-da və Böyük Britaniyada da istifadəçilər bəzən GPS-in onları yanlış ünvana apardığından şikayət edirlər. Xüsusilə yeni salınmış yaşayış kompleksləri, kənd yerləri və ya hündürmərtəbəli binaların sıx olduğu ərazilərdə geolokasiya xətaları baş verir.
Mütəxəssislərin fikrincə, problemin minimuma endirilməsi üçün xəritə bazalarının daim yenilənməsi, GPS texnologiyalarının təkmilləşdirilməsi, dövlət ünvan reyestrlərinin rəqəmsal platformalarla inteqrasiyası və istifadəçilərin sifarişi təsdiqləməzdən əvvəl xəritədə nöqtəni yoxlaması vacibdir. Yəni məsələ təkcə taksi tətbiqində deyil, bütövlükdə ölkənin rəqəmsal xəritə və ünvan infrastrukturunun keyfiyyəti ilə bağlıdır. Bəs bu işdə məsuliyyət hansı qurumların üzərindədir?

Mütəxəssislərə görə, bu məsələdə məsuliyyət bir neçə tərəf arasında bölünür və problem hər zaman yalnız taksi şirkətindən qaynaqlanmır. Birinci məsul tərəf xəritə xidmətləridir. Taksi tətbiqlərinin əksəriyyəti öz xəritəsini yaratmır, daha çox Google Maps, OpenStreetMap, Here Maps və ya digər geolokasiya platformalarından istifadə edir. Əgər xəritədə bina, küçə və ya koordinatlar yanlış göstərilibsə, tətbiq də həmin məlumat əsasında işləyəcək. İkinci məsul tərəf dövlət qurumlarıdır. Küçə adlarının, bina nömrələrinin, yeni yaşayış massivlərinin və ünvan reyestrinin vaxtında rəqəmsal bazalara ötürülməsi vacibdir. Dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələr, kadastr və torpaq xidmətləri, ünvan reyestrlərini idarə edən qurumlar xəritə şirkətləri ilə sıx əməkdaşlıq edir. Üçüncü məsul tərəf taksi platformalarıdır. Tətbiq istifadəçinin seçdiyi ünvanla GPS nöqtəsi arasında uyğunsuzluğu aşkarlaya, əlavə təsdiqləmə istəyə və ya xəritədəki səhvləri topladığı məlumatlar əsasında düzəldə bilər. Böyük platformalar bunu daimi olaraq edir. Dördüncü tərəf isə mobil operatorlar və GPS infrastrukturu ilə bağlıdır. Bəzi hallarda zəif internet, siqnal sıxlığı və ya geolokasiya problemləri istifadəçinin yerinin səhv müəyyənləşdirilməsinə səbəb olur.
Afaq Mirayiq,
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ