İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist 33 ildən sonra ata yurdunu ziyarətə getdi və nələr gördü – VİDEO, FOTO

Tanınmış jurnalist, Birinci Qarabağ müharibəsi veteranı Rəsul Mirhəşimli ilk dəfə doğma ata yurduna səfər edib.

İki gecə Qubadlıda qalmaq xoşbəxtliyi nəsib olan jurnalist Musavat.com-a açıqlamasında təəssüratlarını bölüşüb.

Qubadlı rayonunun Göyərabas kəndindəki anadan olduğu evdən sonuncu dəfə 33 il əvvəl, 1993-cü ilin avqustunda, Qubadlının işğalına 20 gün qalmış ayrılıb:

“Allahın lütfünə şükürlər olsun ki, ömrümün bir qərinəsini yaşadıqdan sonra bu evə təkrar qayıda bildim. Allah doğma torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin məqamlarını uca etsin!”

Rəsul Mirhəşimli bildirib ki, işğala qədər onların həm kənddə, həm də Qubadlı şəhərində evləri olub:

“1973-cü ildən şəhərə köçmüşdük. Amma hər yay mən nənəmgilə gedərdim, avqustun axırında şəhərə qayıdardıq. Kəndimiz ucqar dağ kəndidir”.

WhatsApp Image 2026-08-14 at 14.43.35 (1).jpeg (181 KB)

Amma jurnalistə təsir edən doğulduğu ata ocağının vəziyyəti olub:

“İşğal illərində burada erməni ailəsi yaşayıb. Bizim evi tam yıxıb, tövlə ediblər, mal-qara, qoyun saxlayıblar. Ona görə də çöldən baxdım, içəri girmədim. Torpaqlarımız işğaldan azad edildikdən sonra dostlar evimizin durumu ilə bağlı kadrları çəkib mənə göndərmişdlər. O zaman bu kadrları paylaşmadım, dedim ki, kaş erməni evimizi yandıraydı, amma o günə salmayaydı...Çünki o ev mənim babam Mirələsgər ağanın ocağıdır. Evin o vəziyyətə salınması mənə daha pis təsir elədi.

Allah erməniyə lənət eləsin! Evimizin divarlarından bircə künc divardakı qırmızı daşlar qalıb”.

Rəsul Mirhəşimli bildirib ki, onların kəndindən Qərbi Zəngəzurun Gorus rayonuna 5 km-lik məsafə var. Eyni zamanda Qubadlı şəhərindəki evlərindən Qafan arasındakı məsafə də 5 km-dir. Üstəlik, Şurnuxuya, Qafan-Gorus magistralına qədər 5 km-lik məsafə var.

Jurnalist Mirsədi ağanın məzarını ziyarət etdiyini də söyləyib. Həmçinin digər səfər təəssüratlarını bölüşüb:

“Kəndimizin yaxınlığında Zağlığ çayı axır, ora getdik. Çox səfalı yerlərdir. Kəndimizin ən gur sulu bulaqlarından biri Novqırılan bulağıdır. İşğal dövründə nədənsə ermənilər o bulağı dağıtmayıb. Azərbaycanda 10 imamzadədən biri Qubadlının Novlu kəndi ərazisindədir. Baxımsızlıqdan ziyarətgah uçub. Amma Yaşar adlı iş adamı həmin ziyarətgahı bərpa edib, xalçalarına qədər döşədikdən sonra camaatın ixtiyarına vercəyini söyləyib. Biz o ziyarətgahda da olduq. Artıq tikinti işləri gedir”.

WhatsApp Image 2026-08-14 at 14.43.35 (2).jpeg (172 KB)

Jurnalist azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən danışarkən bildirib ki, Bərgüşad çayı üzərində böyük su anbarı tikilib, bu anbar Yazı düzünə su qaldırmaq, həmçinin ətraf bölgələrin su problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulub.

Rəsul Mirhəşimli Qubadlı şəhərinin də tikintisinə başlanıldığını söyləyib:

“İşlər çox sürətlə davam edir. Ümid edirəm ki, gələn il Qubadlının ilk sakinləri evlərinə qayıdacaq. Burada 4 mərtəbəli binalar, həyət evləri tikiləcək. Bərgüşad çayının kənarı ilə Zəfər parkı da salınacaq”.

Müharibə veteranı döyüş yolu ilə bağlı xatirələrini də bölüşüb:

“1991-ci ildə Azərbaycan ordusunun ilk taborunun yaradılması prosesində, qərargah rəisinin köməkçisi kimi iştirak etmişəm. Mənim döyüşdüyüm tabor Qafanla üzbəüz mövqeləri qoruyurdu. 1992-ci ildə Laçının azad olunması əməliyyatında da iştirak etmişəm”.

R.Mirhəşimlinin sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevlə 80-ci illərdən tanış olublar və Qarabağ hadisələri başlayanda eyni hərbi hissədə xidmət ediblər:

“Əliyar müəllim 1-ci taborda idi, mənsə 4-cü taborda. Əliyar müəllim Gorus istiqamətində Vətəni qoruyurdu, Allah rəhmət eləsin!”

Həmkarımız öz yurduna qayıdacağı günü həsrətlə gözləyir:

“İnşallah, Qubadlıya qayıdacağam. Mən Qubadlı şəhər qeydiyyatındayam. İlk fürsətdə öz doğma şəhərimə qayıdıb, ömrümün qalan hissəsini burada yaşamaq niyyətindəyəm”.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR