Onlayn ictimai-siyasi qəzet
2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində Türkiyədən Rostov-na-Donu istiqamətində hərəkət edən iki yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində beş nəfər həyatını itirib.
Bu barədə Moskva saatı ilə saat 03:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin əməliyyat hesabatında bildirilib.
Məlumata əsasən, ballast vəziyyətində taxıl yükləməyə gedən “Natra” və “Zirkon” adlı yük gəmiləri hücuma məruz qalıb.
Əməliyyat hesabatında qeyd olunub ki, “Natra” gəmisinə dörd PUA zərbəsi endirilib. Hücum nəticəsində iki heyət üzvü ölüb. Gəmidə baş verən yanğın heyət tərəfindən söndürülüb. Hazırda gəmi üzən vəziyyətdədir və yedəklənməyə ehtiyac duyur.
“Zirkon” gəmisində isə üst tikili hissəsinin yaxınlığında dörd zərbə qeydə alınıb. Hücum zamanı üç heyət üzvü həyatını itirib. Bundan sonra heyət üzvləri gəmini xilasetmə qayıqları ilə tərk ediblər. Hazırda gəmidə yanğının davam etdiyi bildirilir.
Beliz bayrağı altında üzən “Natra” gəmisində 12, Palau bayrağı altında üzən “Zirkon” gəmisində isə 14 nəfərin olduğu qeyd edilir. Hər iki gəmidə çalışan şəxslərin Azərbaycan vətəndaşları olduğu bildirilib. Onların muzdlu dənizçi kimi fərdi qaydada fəaliyyət göstərdiyi vurğulanıb.
Qeyd edilib ki, hər iki gəmi xarici bayraq altında fəaliyyət göstərib və Azərbaycan dövləti ilə rəsmi əlaqəsi olmayıb.
Hücumların bir saatdan bir qədər artıq fasilə ilə həyata keçirildiyi açıqlanıb. Belə ki, “Natra” gəmisi saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.
Faciədən sağ çıxan dənizçilər hadisə yerindən keçən üç gəmi tərəfindən xilas ediliblər. Xilas olunan şəxslər səhərə yaxın Yeysk limanına çatdırılıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ