Onlayn ictimai-siyasi qəzet
İrana qarşı hərbi əməliyyatların 7-ci günüdür. Bir həftə içində ABŞ və İsrail müştərək qüvvələri rejimə sarsıdıcı zərbələr endirib. Bəs növbəti mərhələdə nə baş verə bilər?
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin yeddinci günündə qarşılıqlı hava zərbələri şiddətli şəkildə davam etməkdədir. Onun sözlərinə görə, Tehran rejiminin seçdiyi taktika region ölkələrini ciddi şəkildə təhlükəyə atır. “Ətraf dövlətlərə hücumların təşkil edilməsi, hava zərbələri endirilməsi dolayı yolla müttəfiqlərini Vaşinqtonun əleyhinə qaldırmaq, müharibənin arealını genişləndirmək məqsədi daşıyır. Regionun uzunmüddətli xaosa çevrilməsi də həmin seçilən taktikanın tərkib hissəsidir”, - Ə.Orucov belə şərh edib.

Onun fikrincə, ABŞ-İsrail koalisiyası İranı ağır itkilərə məruz qoysa da, rejim tam çökməyib: “İranın arsenalında ballistik raketlər və PUA-lar var, uranın zənginləşdirilməsi proqramından da imtina olunmayıb”.
Trampın İran bataqlığından çıxa bilməmək riski olduğunu deyən təhlilçiyə görə, Ağ Ev sahibi müharibəni maksimum tez bitirmək istəyir: “Aydındır ki, NATO müttəfiqləri ABŞ-ın İrana hücumunu kollektiv şəkildə dəstəkləmir. Demək, Ağ Ev rəhbəri özünü imtahan qarşısında qoyub və Birləşmiş Ştatları müharibəyə soxmaqla aralıq seçkiləri ərəfəsi riskli addımların atıldığını söyləyə bilərik. Əgər İran uzun müddət dirənsə, yerüstü əməliyyatlar qaçılmazdır. Ancaq sahəyə kimlər və hansı qüvvələr cəlb ediləcək? Düşünürəm ki, ərəb ölkələri belə bir avantüradan çəkinəcəklər. Ənənəvi “kürd kartı” işə salınacaqsa, bu, Bakı və Ankaranın müqaviməti ilə üzləşə bilər. İstənilən halda ayətullahların gedişi habüddür”.

Qeyd edək ki, son xəbərə görə, İran 22-ci raket zərbələri seriyasında ABŞ-nin Bəsrə körfəzindəki hərbi bazalarına, İsrail ordusunun Təl-Əviv və Hayfadakı obyektləri və Ben Qurion hava limanına hücum edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. SEPAH hədəflərin yeni nəsil raketlərlə vurulduğunu iddia edib. Bundna başqa, Kərəcin Bənəfşeh şəhərində partlayışlar barədə məlumat yayılıb. Həmçinin, İran ordusu Şimali İraq Kürd Muxtariyyətinin ərazisinə PUA-larla zərbə endirib. SEPAH-ın Çabahardakı “İmam Əli” hərbi bazası da hava zərbələrinə məruz qalıb. Tehranın “Azadi” meydanının ətrafı da bombardman edilib. İsfahanda da qırıcıların hücumu fonunda partlayışlar baş verib.
Cavanşir ABBASLI
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ