İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tələbəmdən üzr də istəmişəm” - Komitə sədrindən ilginc AÇIQLAMALAR

Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Musavat.com-a kifayət qədər maraqlı, sensasion açıqlamalarla zəngin müsahibə verib. Azərbaycanın tanınmış tarixçilərindən biri, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri (1999-cu ildən) olan dəyərli ziyalımızla söhbətimizi ilin əvvəlindən planlaşdırsaq da, yalnız bu günlərdə imkan oldu. 1956-cı ilin 10 yanvarında Masallı rayonunun Kolatan kəndində anadan olan Anar İsgəndərov 70 illiyi münasibətilə Prezident tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçımızın 2026-cı ilin 9 yanvar tarixli Sərəncamı ilə tarixçi alim Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görüldü. Komitə sədri ilə söhbətimizin ikinci bölümünü oxucularımıza təqdim edirik:

(Əvvəli ilə buradan tanış ola bilərsiniz)

- Anar müəllim, sizin otağınızın pəncərəsi parlament binası üzərindəki üçrəngli bayrağımızın dalğalandığı səmtə açılır. Çox maraqlıdır, sonradan Cümhuriyyətimizin çox qiymətli araşdırmaçılarından biri kimi məşhurlaşan tarixçi alimimiz ilk dəfə üçrəngli bayrağımızın sorağını nə zaman öyrənib, onu kəşf edib?

- Biz Tarix fakültəsinin yeganə qrupu olmuşuq ki, tarix fakültəsində oxuduğumuz dövrdə üçrəngli bayraq haqqında məlumatımız var idi. Bunun səbəbini sizə deyim.1973–1978-ci illərdən söhbət gedir. Təsəvvür edin, bizim qrupda oxuyanlar arasında Nəsib Nəsibzadə - Cümhuriyyətin ilk tədqiqatçılarından biri, Milli Azaddlıq Hərəkatının öncüllərindən Etibar Məmmədov kimi şəxslər var idi. Yəni bunlar eyni qrupun tələbələri idi. Həmin dövrdə də biz Azərbaycanın 1918–1920-ci illəri ilə bağlı kitab oxumasaq da, kifayət qədər məlumat əldə edirdik. Məsələn, Məhəmməd Əmin Rəsulzadə haqqında biz o zaman eşidirdik, artıq müəyyən bilgilərimiz vardı.

- Hansı mənbələrdən?

- Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ilə bağlı kitablar var. Sonradan həmin kitabları yazanların bəziləri özlərini “millət qəhrəmanı” adlandırdılar. Həmin müəlliflər Məhəmməd Əmin Rəsulzadəni, Əliməradan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini tənqid edirdilər. Onda suallar yaranırdı: Əlimərdan bəy, Nəsib bəy, Məhəmməd Əmin Rəsulzadə kimdir? Onda müəyyən qədər məlumat toplamaq mümkün olurdu. Həm də o zaman bütün akademiyalara – bunu az adam bilirdi – xarici jurnalların xülasələri gəlirdi, o jurnalların xülasələrində tutaq ki, Kazızadənin, lap erməni olsun, Syuninin, Svyataxovskinin kitabı çıxıb, bu kitabların xülasələrində həmin müəlliflərlə bağlı məlumat olurdu. Tutaq ki, Kazımzadə Cənubi Qafqazla bağlı kitab yazıb, orda Azərbaycanın 1918–1920-ci illəri var idi. Yaxud Svyataxovskinin yazdığı kitabda həmin dövr Azərbaycandan bəhs olunurdu. Ona görə də həmin müəlliflərin adlarını ilk dəfə orda gördüm. Təbii ki, ən geniş və sistemli məlumat əldə etmək yalnız SSRİ dağılandan, müstəqillik qazanmağımızdan sonra mümkün oldu. Çünki arxivlər açıldı. Arxivlər açıldıqdan sonra mən Türkiyə, Gürcüstan, Rusiya arxivlərində kifayət qədər sənədlər əldə edə bildim. Hətta İrana getməsək də, Cümhuriyyət dövrü, İran və Cümhuriyyət münasibətləri ilə bağlı kifayət qədər arxiv sənədlərini Azərbaycana gətirə bildik.

- Anar müəllim, Masallı rayonunun Kolatan kəndindən başlayan müqəddəs yolçuluq davam edir. Dövlət başçımız ötən ay 70 illik yubileyini münasibətilə Sizə yüksək etimadını bir daha ifadə etdi, “Şöhrət” ordeni ilə təltif etdi. Necə hissdir? Bu, bir ziyalı üçün zirvədir, yoxsa hələ yolun yarısı hesab edirsiniz? O zaman kənddən gələndən, təyinat müddəti başa çatandan sonra Bakıya qayıdan tarixçi alimin düşüncələrində hansı hədəflər var idi?

- (Düşünür) Mən belə düşünürəm ki, nə zaman insan xoşbəxt olur? Arxaya baxanda həyatının bütün mərhələləri ilə barışa bilirsə, o insan xoşbəxtdir. Həyat düz xəttdən ibarət deyil, cızıqvari xəttdir, onun enişi də var, yoxuşu var. Onun uğuru da var, uğursuzluğu da var. Amma o həyatı yaşamısan, bu, böyük nemətdir. Mən xarakter etibarilə azad ruhlu tələbə olmuşam. Düzdür, qoltuğumda jurnal olub, mən sinif nümayəndəsi olmuşam. Həm də Allah mənə fiziki güc vermişdi, cavanlığımda həmişə o güclə öyünmüşəm. İllər keçəndən sonra dedim yox, onun da bir dövrü var.

- Peşəkar idmanla məşğul olmusunuz, eləmi?

- Mən ikinci kursda 52 kiloqram çəkidə sambo üzrə Azərbaycan çempionu olmuşam.

- Niyə davam etdirmədiniz?

- Davam etdirmək deyəndə ki...Kifayət edirdi ki, ozamankı Azərbaycan Dövlət Universiteti çərçivəsində idmançı olaraq qalım. Çünki o vaxt lap uzaqlara getmək mümkün deyildi. İdmanda belə bir qayda var: göz zəifdirsə, əgər sən idmanı davam etdirsən, gözlərində problemlər yaranır. Mən artıq ikinci kursdan eynək taxmağa başladım, həkim də idmanı məsləhət bilmədi. Amma, bayaqkı sualınıza qayıdım, çox şərəfli bir həyat yaşamışam. Çətin olub, amma mən yeganə tələbə olmuşam və indi bəlkə də nadir müəllimlərdənəm ki, elmlər doktoru, professor barədə demirəm, mən həyatın hər gününü yazmışam.

- Gündəlik?

- Əlbəttə. Özü də elə-belə yox. Ədalətlə yazmışam. O yazılarım da var, qayıtdım, gəldim. Axı, həmin vaxt Bakıda qeydiyyatın olmasaydı, sənə iş olmazdı. Azərbaycan Dövlət Universitetinə gəldim, məni qəbul eləmədilər. Vaxtilə kafedra müdiri mənə telefon göndərmişdi ki, səni aspiranturaya dəvət edirəm, gəlmədim. Nə üçün gəlmədim? Kənddə ev tikdirirdim, gəlsəydim, o işlər yarımçıq qalacaqdı. Gəldim, kafedra müdirinə heç nə demədim. Çox sərt və savadlı bir adam idi, Allah rəhmət eləsin. Demişdi ki, ayağını universitetə qoymasın! Qoymadım. Mən iki il AZİ-də - Azərbaycan Neft-Kimya İnstitutunda - işlədim, fəlsəfə kafedrasında. Amma Allahın qisməti imiş, nəhəg bir insanın kafedrası idi, Ənvər Əhmədovun. Fəlsəfə kafedrasının müdiri. Abbasqulu ağa Bakıxanovu o bizə verib, onun tədiqatlarından bizə gəlib. Onun yanında sərasər iki il işlədim, o mənə dərs verdi. Hətta mənə elmi ateizm fənnindən dərs deyəndə mısmırığımı salladım, dedir ki, sənə demirəm, sən də bəzi ateistlər kimi danış. Sən dinin tarixindən danış, axı sən tarixçisən. Bir də sənə pul lazımdır, kirayənişinsən kirayənin pulunu verəsən. İllər keçdi, gördüm düz deyir.. Ondan sonra Universitetə gəldim.

- Artıq neçə ildir BDU-dasınız?

- 1984-cü ilin fevral ayından indiyədək Universitetdəyəm. Bütün həyatım universitetlə bağlıdır.

- Heç imtahanda kəsdiyiniz tələbələr olub?

- Belə deyək. Mən Universitet tarixində nəyin əsasını qoydum? İstəmədim ki... Müəllim ki, barmağını silkələyir “gör indi imtahanda neyləyəcəyəm!” Ümumiyyətlə, mən uzun illər imtahanlara girməmişəm. Həm də tələbələrim “bu, Anar müəllimdir” deyirdilər. Ardını da deyirdilər, daha onu demirəm. Bəlkə də mən yeganə müəlliməm ki, 26 ildir kafedra müdiriyəm, tələbəmdən üzr də istəmişəm. Üzr istədiyim gün evə daha rahat getmişəm, namazımı daha rahat qılmışam. Səhv olub da, qərar vermişəm, məlum olub ki, səhvdir. Mən deməmişəm ki, nə danışırsan, kafedra müdiri də üzr istəyər? Yox. Kafedra müdirliyindən əvvəl mən insanam. Hər gün əllərimi göyə qaldırıb, Allahıma dua edirəm. Yoxsa nə təhər olur, burdan qərarım haqsız olur, orda da əllərimi İlahiyə açıram. İlahi deyən adam onu da bilməlidir. Tələbə də kiminsə övladıdır. Bir də ki, ümumiyyətlə, mən xüsusilə qız tələbələrə münasibətdə bir az daha həssas olmuşam. Rəhmətlik Ənvər Əhmədovun deyimi var idi, mən onu vəsiyyət kimi qəbul etmişdim ki, qız uşaqlarına qiymət yazarkən daha ədalətli və diqqətli olun, axı, sizin ananız da qız olub. Desəm ki, heç kimə “2” yazmamışam, elə hesab eləyin ki, düz deyirəm. Olmayıb. Bir də ki, ana tərəfdən mən seyid olduğuma görə, seyid-peyğəmbər övladı qabağıma gəlibsə, bunu artıq cəsarətlə deyirəm, heç bir zaman ola bilməz mən ona qiymət yazmayım. O mümkün deyil. Çünki anam erkən dünyasını dəyişəndən sonra mən bu dünyaya onun gözü ilə baxmışam bu günə qədər. Nə uğurlarım olubsa, mən gedib o qəbirdən xeyir-dua almışam, o daşdan yox. Mən bilirdim ki, bütün uğurlarıma sevinir. Namizədlik olsun, doktorluq olsun, ailə qurmağım, ev almağım, millət vəkili seçilməyim olsun. Fərq etməz, ilk növbədə gedib o qəbri qucaqlamışam ki, mən gəlmişəm, bütün uğurlarımı onunla bölüşmüşəm. Ona görə də danışdığım adamdan Mir kimov eşidən kimi daha həmin şəxsi yox, anamı görürəm. Elə bilirəm onun gözləri məndədir ki, yaxşılıq elə, eləməlisən! Bu günə qədər də onunla öyünmüşəm ki, özüm anamın qulluğunda dura bilmədim, amma Əhli-Beytin hər bir üzvünün sözü mənimçün qanundur.

- Ruhu şad olsun. Yəqin yubiley təltifinizlə bağlı da ananızla həmsöhbət olmusunuz...

- Təbii ki. Prezident tərəfindən mənə ilk verilən medal “Tərəqqi”dir. Ondan sonra “Vətənə xidmətə görə” ordeni alan yeganə müəlliməm. O, dövlət qulluğunda verilən ordendir. Amma dövlət başçımız mənə Verdi. Nə üçün? Cümhuriyyət dövründə apardığım tədqiqatlarıma, xidmətlərimə görə. Prezidentin Fəxri diplomunu bəlkə də mən yaşda alan olmayıb. Amma mən Prezidentin Sərəncamı ilə belə etimada layiq görülmüşəm. Təbii ki, növbəti orden də böyük etimad, böyüj məsuliyyətdir. Mən dövlətimi sevirəm, dövlət başçımızı sevirəm. Mən Ümummilli Lider Heydər Əliyevin mənimlə danışıqlarından zvq alan insanam. Çox gözəl mükaliməmiz olub. Bu cümlə mənə məxsusdur ki, sərt təbiət sərt insanlar yetirir. Deyib “sən məni nəzərdə tutursan?” Demişəm bəli, cənab Prezident! Məndən sonra, növbəti tədbirdə deyib: “o düz deyirdi, Naxçıvanın sərt təbiəti olmasaydı, Heydər Əliyev olmazdı. Mən o fikrimlə fəxr edirəm. Biz Azərbaycanın dövlət başçısının əsgəriyik. Bu illər ərzində bu müstəqilliyi qazanmaq, qoruyub-saxlamaq üçün nə mümkünsə, onun əsgəri olaraq eləmişik. Həm də tarixçilər müstəqillik, azadlıq, qalib gəlmək nədir, bunu çox gözəl bilirlər, başqalarının xətrinə dəyməsin. 2020-ci ildən sonra mən Türkiyənin ali məktəblərinə getmişdim. O məktəblərdə ustad dərslərim var idi, rektorlara demişdim ki, yolda, ətrafda nə qədər erməni var, çağırın. Soruşurdular ki, hocam, niyə? Deyirdim, mən qalibəm, qoy gəlib, görsünlər ki, qalib öz xalqının tarixini, qəhrəmanlığını necə tərənnüm edir. Həm də necə qalib? Nadir şahdan sonra torpaqları geri qaytaran dövlət başçımız olmamışdı. İlham Əliyev yeganə dövlət başçısı, birincidir ki, Azərbaycanı ilk dəfə bütün bəlalardan qurtardı. Xankəndidə ki, 1923-cü ildən 2023-cü ilədək bir bəla var idi, muxtar qurum adında, onu tarixdən sildi. Bu dəqiqə Azərbaycandan kənarda nə qədər qışqırırlar, qışqırsınlar. Alternativimiz də var: sən azərbaycanlı əhaliyə imkan ver, öz dədə-baba yurdunda yaşasın, erməni də gəlsin, Azərbaycan qanunları ilə yaşasın.

- Azərbaycana qarşı nə vaxtsa cinayət törətməyən erməniləri deyirsiniz yəqin...

- Əlbəttə. Bax, bu, dövlət başçısının elə bir qəhrəmanlığıdır ki, heç bir opponent onunla bağlı heç nə demir. Deməsi də mümkün deyil. Çünki qazandığını qazandı, ərazi bütövlüyümüzü təmin etdi. Bu qələbələr tarixə yazıldı. Qazanan həm də xalqdır. Belə bir Liderdən mükafat almağın özü də böyük şərəfdir. Ən böyük təşəkkür dövlət başçısına düşür. Mən də mükafatı alandan sonra gözəl bir məktub yazdım, gördüm Prezidentin saytında çap olundu. Yazdım ki, biz həmişə əsgərik, Vətən üçün, torpaq üçün, xalqımız üçün. Tarixçi olmağın da ən böyük xoşbəxtliyi odur ki, min illərin tarixini bilirsən, ancaq orda həmişə özünü axtarırsan. Özünü axtarıb, tapanda necə sevinirsən və istəyirsən ki, sonradan ona şərik olanlar çox olsun. Bir xalq olaraq biz bu tarix yaratmışıq. Tarixi yaratmaq ayrıdır, tarixi yazmaq ayrıdır. Biz Azərbaycanın dövlət başçısının dövlət başçısı ilə qələbənin dörd şərtini unutmamalıyıq. İkinci şərtdə göstərirdi ki, problemin tarixiliyinin dünyaya çatdırılması. Biz doğrudan da Qarabağın tarixini dünyaya çatdıra bildik ki, bura bizim torpaqdır. Kim nə yazır-yazsın, sənəddə bizimdir. İndi Qərbi Azərbaycanla bağlı niyə dilimiz uzundur? Qərbi Azərbaycanla bağlı olan sənədlərimiz o qədər çoxdur ki, azərbaycanlı müəlliflərə ehtiyac yoxdur. Elə rus müəlliflərin yazdıqlarını ortaya qoy, erməni tarixçilərin yazdıqlarını ortaya qoy, denən oxuya bilirsənsə, oxu! Bax, Azərbaycan elə bir tarixi yerdir, hər daşında, hər kəsəyində türk imzası, türk adı var. 70 il ərzində nəyi yazmağa qoymadılar, indi gərək həmin 70 ilin də əvəzini çıxaq, bizim də borcumuz budur. Onda mükəmməl xalqın, mükəmməl tarixi olacaq.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR