Onlayn ictimai-siyasi qəzet
Livanın paytaxtı Beyrutda Paris reysinə hazırlaşan sərnişin əl yükündə partlayıcı maddə olduğunu iddia edib. Bu sözlərdən sonra təyyarə təxliyə edilib, sərnişin isə saxlanılıb. Daha sonra onun dediklərinin zarafat olduğu məlum olub. Təhlükəsizlik yoxlamalarından sonra reysin həyata keçirilməsinə icazə verilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Beyrutdakı Rəfiq Həriri Beynəlxalq Hava Limanında Parisə uçmağa hazırlaşan sərnişin təyyarəsində baş verib.
Məlumata görə, Middle East Airlines şirkətinə məxsus Beyrut–Paris reysində olan sərnişin əl yükündə bomba olduğunu deyib. Onun daha sonra bunun zarafat olduğunu bildirməsinə baxmayaraq, hava limanının təhlükəsizlik əməkdaşları dərhal tədbir görüb.
Təhlükəsizlik məqsədilə təyyarədəki bütün sərnişinlər təxliyə edilib. Zarafatı edən sərnişin isə polis tərəfindən saxlanılıb.
Təhlükəsizlik əməkdaşları təyyarədə və sərnişinlərin əl və qeydiyyatdan keçmiş baqajlarında ətraflı axtarış aparıblar.
Livanın L’Orient Today nəşrinin aviaşirkət mənbələrinə istinadən yaydığı məlumata görə, aparılan təhlükəsizlik yoxlamaları zamanı hər hansı təhlükəli predmet aşkar edilməyib.
Yoxlamaların problemsiz başa çatmasından sonra təyyarənin Paris istiqamətində uçuşunu həyata keçirməsinə icazə verilib.
Hadisə ilə bağlı sərnişinin hansı məsuliyyətlə üzləşəcəyi barədə isə əlavə məlumat verilməyib.
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ