İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisi “yandıran” skandal- İşğal vaxtı Xankəndinə benzin göndərilsəydi...

Gürcüstan müxalifəti hökuməti separatçı rejimə yardımda, hətta Rusiyanın maraqlarına xidmətdə suçlayır

Gürcüstanda separatçı və işğal altında olan Abxaziyaya benzin göndərilməsi ətrafında başlayan qalmaqal səngimir.

Musavat.com xəbər verir ki, bu mövzuda təkcə Gürcüstan mediasında deyil, Rusiyada, eləcə də Azərbaycanın rusdilli mediasında təhlil yazılar dərc olunur. Ölkə müxalifəti bu faktı “Gürcü Arzusu”nun milli maraqlara xəyanəti hesab edir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili isə sensasion bəyanat yayaraq ölkədə bu payız ciddi siyasi dəyişikliklərin baş verə biləcəyini iddia edib. Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” Rusiya ilə diplomatik münasibətləri bərpa etmək, Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə sazişlər imzalamaq, Abxaziya dəmir yolunu açmaq və ölkənin neytrallığını elan etmək niyyətindədir. Saakaşvili hətta bu addımların yaxın aylarda reallaşa biləcəyini bildirib. Lakin onun açıqlamalarının ən diqqətçəkən tərəfi odur ki, keçmiş prezident bu planları Rusiyanın tələbləri ilə əlaqələndirir və hakimiyyətin ölkənin xarici siyasət kursunu köklü şəkildə dəyişəcəyini iddia edir.

Picture backgroundBəllidir ki, Tiflisdən Suxumiyə həqiqətən də 33 ildən sonra ilk dəfə benzin göndərilib və bu, rəsmi izaha görə, Abxaziyada yaranmış yanacaq böhranının aradan qaldırılmasına xidmət edib. Məlumata görə, Gürcüstanın “Solidus” şirkəti İnqur körpüsü vasitəsilə əvvəlcə təxminən 300 ton benzin Abxaziyaya çatdırıb. Sonrakı günlərdə daha 100 ton göndərilib və ümumi həcm 400 tona çatıb. Rəsmi izah həm də budur ki, şirkətin xüsusi statusu ona Gürcüstanın işğal olunmuş əraziləri ilə qanunvericilik çərçivəsində fəaliyyət göstərməyə imkan verib.
Baş nazir İrakli Kobaxidze isə məsuliyyətin hökumətə aid olmadığını bildirib. Onun sözlərinə görə, yanacağı separatçı bölgəyə dövlət deyil, biznes şirkəti ötürüb. Hökumət başçısı gələcəkdə həm gürcü, həm də abxaz əhalisinin vəziyyətini yüngülləşdirmək imkanı yaranarsa, bunun dövlət səviyyəsində davam etdirilə biləcəyini də deyib. Məsələ məhz bundan sonra siyasi qalmaqala çevrilib. Gürcüstan müxalifəti hökuməti separatçı rejimə yardım etməkdə, hətta Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib. Müxalifətçilər yanacağın Rusiya hərbçilərinə çatdırıla biləcəyini də istisna etməyiblər. “Gürcüstan naminə- Qaxariya”partiyası isə hökumətdən yanacağın hansı prosedurla Abxaziyaya keçirildiyini və bunun hüquqi əsaslarını açıqlamağı tələb edib.

Qalmaqalın miqyasını göstərən ən mühüm faktlardan biri də odur ki, Gürcüstan bazarında fəaliyyət göstərən “Repsol” sonradan “Solidus”a yanacaq satışını dayandırıb. Şirkət yanacağın Abxaziyaya göndəriləcəyini bilmədiyini və bu satışın sonrakı istiqamətinin onunla razılaşdırılmadığını bildirib.

Bu "biznes işi"nin necə ciddi olduğunu bir müqayisə ortaya çıxara bilər. Fərz edək ki, işğal dövründə Xankəndinə Bakıdan yanacaq göndərilib! Əlbəttə, mümkünsüz! Yeri gəlmişkən, Azərbaycan 2023-cü ilin sentyabrında Xankəndiyə yanacaq göndərmişdi. Lakin burada prinsipial fərq vardı. Əvvəla, 44 günlük Vətən müharibəsində Azərbaycan əsas ərazilərini düşməndən azad etmişdi və Xankəndi və ətrafındakı bir neçə ərazi də ordumuzun tam nəzarəti altında idi.(23 saat davam edən antiterror əməliyyatı bunu sübut etdi) Bakıdan göndərilən dizel və benzin kommersiya məqsədli deyildi, humanitar yardım kimi təqdim edilmişdi. Yəni söhbət separatçı rejimin son tör-töküntülərini iqtisadi baxımdan gücləndirməkdən deyil, mülki əhalinin yanacaq probleminin həllindən gedirdi.
Gürcüstan hadisəsində isə fərqli mənzərə yaranıb. Abxaziyada yanacaq çatışmazlığı fonunda Gürcüstan şirkəti separatçıların nəzarətində olan əraziyə kommersiya qaydasında yüzlərlə ton yanacaq satıb. Abxaziya tərəfi də Rusiyadan əvvəlki müqavilələr üzrə yanacaq tədarükünün davam etdiyini, lakin yaranmış çatışmazlıq səbəbindən alternativ mənbələrə müraciət edildiyini açıqlayıb.

Məhz buna görə Gürcüstandakı hadisəni yalnız “biznes əməliyyatı” adlandırmaq çətindir. Hüquqi baxımdan Tiflis bunun qanunvericiliyə uyğun olduğunu bildirə bilər. Lakin siyasi baxımdan məsələ tamam başqadır: öz ərazisinin işğal altında olduğunu deyən dövlət həmin ərazidəki separatçı quruma iqtisadi resurs – özü də strateji əhəmiyyət daşıyan yanacaq – satır.
Bu səbəbdən Gürcüstan müxalifətinin reaksiyasının arxasında təkcə benzin məsələsi dayanmır. Burada daha böyük siyasi sual var: Tiflis Abxaziya ilə münasibətlərdə yeni – iqtisadi və praqmatik – mərhələyə keçir?
Hadisənin Rusiya amilini də gücləndirən tərəfi budur. Abxaziyanın əsas yanacaq təchizatçısı Rusiyadır və 2026-cı il üçün yanacaq idxalı üzrə razılaşmalar mövcuddur. Gürcüstan şirkətinin bu bazara daxil olması isə istər-istəməz Moskvanın bölgədəki iqtisadi təsiri və Tiflisin Abxaziyaya yanaşmasının dəyişməsi barədə suallar yaradır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR