İnsanlara hürriyət, millətlərə istiqlal!

“Timur və onun komandası – 2” niyə alınmadı?

Yaşı 40-dan aşağı olan oxucular yazının başlığını ilk cəhddən anlamayacaqlar deyə bir zəruri və qısa izahata ehtiyac var.

Sovet dönəmində dərsliklərdə rus-sovet yazıçısı Arkadi Qaydarın “Timur və onun komandası” adlı hekayəsi tədrus edilirdi. Yazıçının oğlunun da adı Timur idi və həmin Timurun oğlu Yeqor ötən əsrin 90-cı illərində 6 ay Rusiyanın baş naziri, daha sonra isə baş nazirin 1-ci müavini oldu.

Həmin əsərdə pioner Timur başına özü kimi pionerləri yığır və qocalara, kimsəsiz adamlara təsərrüfat işlərində kömək edir.

Bu yazıda isə söhbət başqa Timurdan, əsasən onun atasından gedəcək.

Həmin atanın ad-soyadı Ramiz Mehdiyevdir və bu ölkədə hər kəs onu yaxşı tanıyır.

**

1 il öncə Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd, dövlətə xəyanət ittihamları irəli sürüləndə ilk gündən aydın idi ki, bu ittihamlar boşuna deyil, ciddi əsasları var.

Çünki Ramiz Mehdiyev mövcud iqtidar komandasının formalaşmasında, hakimiyyətdə möhkəmlənməsində müstəsna xidmətləri olan bir fiqurdur və başqa sabiq yüksək mənsəblilərlə eyni mərtəbədə deyil ki, xidmətləri qiymətləndirilməsin.

Düzdür, bəziləri ona qarşı ittihamların səbəbini “yığdıqlarını əlindən almaq” istəyi ilə izah etməyə çalışdılar, amma bu havayı söhbət idi.

O vaxt R.Mehdiyevin Rusiya rəhbərliyinə ünvanlanmış məktubu və 50 nəfərdən ibarət komanda formalaşdırdığı barədə bilgilər yayılmışdı. Gözlənilirdi ki, ev dustağı edilmiş Mehdiyevdən sonra bu işlə bağlı xeyli adam həbs olunacaq. Elə olmadı. Bu işlə bağlı daha 5-6 nəfər həbs edildi, ancaq həbslər kütləvi xarakter daşımadı. Bu da o anlama gəldi ki, “50 nəfərlik komanda” təxminən toya dəvət ediləcək şəxslərin ilkin siyahısı kimi bir şey olub, ortada təşkilatlanma olmayıb.

Görünür, uzun illər dövlət rəhbərliyində çalışmış R.Mehdiyev özünə yaxın bildiyi, sədaqətlərinə inandığı şəxslərdən ibarət nəzəri bir komanda formalaşdırıb, amma onları bir yerə toplayaraq təşkilata çevirməyi sonraya saxlayıb.

Ancaq bu da o demək deyildi ki, o şəxslər R.Mehdiyevin çağırışına həvəslə gələcək, “dövləti götürmək” kimi avantüraya qol qoyacaqlar. Ona görə ki, azərbaycanlı məmurlar belə məsələlərdə çox ehtiyatlıdırlar, rəhbər şəxs tam büdrəmədən, yıxılmaq ehtimalı yüzdəyüz olmadan hərəkət etməz, “sədaqətli” olmağı üstün tutarlar. Amma rəhbər yıxıldısa, ondan sonra dilləri beş qarış çıxar. Tarixən belə olub. Bu baxımdan vəzifədən götürülmüş, ali saraydan incik düşmüş şəxslərin R.Mehdiyevin ətrafında dərhal sıx birləşməsi mümkün deyildi.

R.Mehdiyevin Rusiya rəhbərliyinə göndərdiyi, “kömək edin, siz deyən də olsun, mən deyən də” məzmunu daşıyan məktubun mövcudluğu əvvəl-əvvəl şübhə altına alınsa da, belə bir “sənəd”in gerçəkdən var olması sızıb gələn informasiyalarla təsdiqlənirdi. Bu günlərdə R.Mehdiyevin həmin məktubla bağlı 3 ayrı-ayrı şəxslə zəngləşməsinin audioyazısının yayılması artıq heç bir şübhəyə yer qoymur.

Gerçək budur ki, R.Mehdiyev doğrudan da başqa ölkənin rəhbərliyinə Azərbaycanın daxili işləri ilə bağlı məktub yazıb, Kremldən buranın “sahmana salınmasına kömək” xahiş edib və dəfələrlə məktubunun ünvanına çatması, ona dair hansı qərarın qəbil edilməsi ilə maraqlanıb.

Bəs ömrünün 9-cu onilliyinin ortasında R.Mehdiyevi nə vadar edirdi ki, o belə bir avantürist plan qursun?

Bunun bir çox səbəbləri var. Başlıcası odur ki, R.Mehdiyev dövlətin faktiki olaraq 2-ci postundan vaxtından tez (81 yaşında) götürülməsini həzm edə bilmirdi. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edilməsi də onun “yarası”na məlhəm olmamışdı. O, yüksək vəzifəsindən istefaya göndərilməsinə görə narazılığını AMEA prezidenti olduğu vaxt yeritdiyi siyasətlə büruzə verirdi: nazirləri yanına hesabat verməyə çağırır, ətrafında sabiqlərdən ibarət komanda toplayırdı.

Bir də koronovirus pandemiyası ilə bağlı elan edilmiş karantin günlərində ailəsinin xeyir işinə müdaxilə R.Mehdiyevin hakimiyyətə qarşı mövqeyini qətiləşdirmiş olmalıdır. O zaman bütün ölkə karantin rejiminin tələblərinə uyğun olaraq, xeyir-şər məclisinin təşkilindən imtina etsə də, R.Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu qızına təmtəraqlı toy təşkil etmişdi. Bu, özünü Hindistandakı kşattri zümrəsindən sayaraq, xalqı şudra yerinə qoymaq, “qanunlar rəiyyət üçündür, biz elit təbəqəyik” demək idi və dövlət orqanları bu davranışına görə hər iki qudaya inzibati cəza kəsmişdi.

Belə anlaşılır ki, bu hadisə, təbii olaraq R.Mehdiyevin xətrinə dəyib, onu olduqca qəzəbləndirib, qisasa səsləyib.

Bəs 85 yaşını aşırmış R.Mehdiyev xarici dövlətin müdaxiləsi, yardımı ilə hakimiyyəti götürsəydi, nə olacaqdı?

Birincisi, bu, Azərbaycan dövləti üçün son 115 ilin ən pis hadisəsi olacaqdı. 2020-ci ildən bəri yüksəlişdə olan Azərbaycan dövlətçiliyinə sarsıdıcı zərbə vurulacaqdı, əldə edilmiş hərbi nailiyyətlər müəyyən ölçüdə əldən çıxacaqdı, tənəzzül dövrü başlayacaqdı, 1920-ci ildə xalqımızın başımıza gələnlər bir şəkildə təkrarlanacaqdı.

Əgər kimsə düşünürsə ki, R.Mehdiyevin hakimiyyətə gəlişi ilə bəzi müxalif qüvvələrin üzünə gün doğacaqdı, çox yanılır. İlk növbədə ona görə ki, Mehdiyevə kömək edən xarici dövlətin bu ölkədə ən nifrət etdiyi siyasi qüvvə məhz SSRİ-nin dağılmasına töhfə vermiş müxalifətçilərdir. Amma ola bilərdi ki, o düşərgədən bəzi mütəxəssislər (hüquqşünaslar və iqtisadçılar) Mehdiyevin komandasında təmsil olunardılar – sırf texnokrat olaraq. Yerdə qalanları isə, bəlkə də, sovet dövrünün ilk vaxtlarındakı kimi amansız repressiyaya məruz qalacaqdılar.

85 yaşlı rəhbərin hakimiyyətinin gələcəyi necə olacaqdı? Axı 85 yaş növbəti seçkilərdə yenə prezidetliyə namizəd olmaq üçün yetərli deyil.

Bax, bu yerdə “Timur və onun komandası - 2” formatı dövriyyəyə girəcəkdi. R.Mehdiyevin oğlu Timur (sonradan Teymur olub) Mehdiyev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutduğu üçün böyük ehtimalla Ramiz müəllim hakimiyyəti oğluna ötürmək planı tərtib edəcək və qısa müddətdə, 1-2 ilin içində onu həyata keçirəcəkdi. 50 illik hakimiyyət təcrübəsi olan “siyasət akademiki”nin əlində bu, çətin iş deyildi. Timurun ətrafında qurulmuş komandaya daxil olmaq üçün elə bir yarışma başlayacaqdı ki, bunu yalnız təsəvvür etmək olar.

Amma bütün bu planlar alınmadı. Əsasən ona görə ki, dövran dəyişib, nəzarət-izləmə cihazları çox inkişaf edib, insanlar da çiy avantürist fitnələrə uymayacaq qədər tədbirlidir. Bir də hakimiyyəti əldə saxlamağın optimal yollarını artıq R.Mehdiyevdən daha yaxşı bilənlər var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR