Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı bəyanatda ABŞ ordusunun son ay ərzində Hörmüz boğazından keçən neft tankerlərinin və kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün gizli əməliyyat həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, bu əməliyyat nəticəsində 100 milyon bareldən artıq neft Hörmüz boğazından maneəsiz keçərək dünya bazarlarına çıxarılıb. Tramp həmçinin qeyd edib ki, 200-dən çox kommersiya gəmisi təhlükəsiz şəkildə boğazdan keçə bilib.
ABŞ prezidenti əldə olunan nəticələri Vaşinqtonun bölgədəki hərbi üstünlüyü ilə əlaqələndirib:
“Bu uğurlu əməliyyatın səbəbi ABŞ-ın Hörmüz boğazına nəzarət etməsidir, İranın deyil”.
Tramp daha sonra İran haqqında sərt ifadələr işlədərək ölkənin hərbi qüvvələrinin məğlub edildiyini, iqtisadiyyatının isə ağır vəziyyətə düşdüyünü iddia edib.
ABŞ liderinin bu açıqlaması Vaşinqtonun son günlər İran ərazisinə endirdiyi zərbələr, Hörmüz boğazının təhlükəsizliyi ətrafında müzakirələr və enerji bazarlarında yaşanan dalğalanmalar fonunda verilib.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur. Qlobal neft ixracının əhəmiyyətli hissəsi məhz bu dar dəniz keçidi vasitəsilə həyata keçirilir. ABŞ və İran arasında artan qarşıdurma səbəbindən boğazın gələcək taleyi enerji bazarlarının əsas gündəm mövzularından biri olaraq qalır.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ