Onlayn ictimai-siyasi qəzet
Davam edən ABŞ-İran gərginliyi okeanın o tayında da ciddi şəkildə müzakirə mövzusudur. Xüsusilə də qarşılıqlı son hava zərbələri nəticəsində ABŞ-nin də körfəz ölkələrində itkilər verməsi ABŞ ictimaiyyətini də narahat edir, həmçinin ABŞ Konqresi də məsələyə həssaslıqla yanaşır. ABŞ Senatı prezident Donald Trampın İranla münaqişə zamanı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsinin əleyhinə səs verib.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermədə 49 senator qətnamənin əleyhinə, 47 senator isə lehinə çıxıb.

“CBS News”in məlumatına görə, Merilend ştatından demokrat senator Kris Van Hollen tərəfindən təqdim olunan sənəddə Konqresin xüsusi icazəsi olmadan ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakının dayandırılması təklif edilirdi.
Vurğulanır ki, ABŞ Nümayəndələr Palatası da prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran oxşar qətnaməni qəbul edib. Müzakirələr əsasən prezidentin Konqresin razılığı olmadan uzunmüddətli hərbi əməliyyat aparmaq səlahiyyəti ilə bağlıdır.
Bu situasiya, Senatın mövqeyi ABŞ - İran gərginliyi fonunda nələr vəd edir? Tramp bundan sonra hansı mövqe sərgiləyəcək?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Senatdakı son səsvermənin Trampı öz siyasətindən imtinaya sövq edəcəyinə inanmır: “Çünki vəziyyət aydın deyil. Bilinmir ki, Amerika - İran qarşıdurmasına müharibə, yoxsa hərbi qarşıdurmadır. Quru əməliyyat da yoxdur. Düzdür, Amerika hərbçiləri arasında itkilər davam edir. Əslində bu, tam müharibədir, hava zərbələri davam edir, İran da zərbələr qarşılıqlı endirir”.
E.Şahinoğlu bu səsvermənin nəticələrinin Trampın əlini-qolunu bağlayacağını güman etmir: “Çünki Trampın əsas arqumenti budur ki, İran beynəlxalq hüququ pozur, Hörmüz boğazında neft-qaz daşıyan tankerlər təhlükədədir, bu da Amerikanın təhlükəsizlik maraqlarıdır. Ona görə ABŞ adekvat addımlar atmaq məcburiyyətindədir. Ona görə Konqresdəki son səsvermə Trampa xəbərdarlıq olsa da, Ağ Ev sahibinin yolunu kəsməyəcək. Yəni Tramp İranla savaşa müəyyən qədər fasilə verə bilər, necə ki, keçən dəfə də ara verdi, amma daha sonra yenidən hava zərbələri endirilməyə başladı. Məncə, Tramp bu dəfə də eyni siyasəti davam etdirəcək”.
E.Paşasoy,
Musavat.com
24 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ