İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Xamneyi qarşıdurmasının yeni mərhələsi başladı - Yaxın Şərq çalxalanır

İranda 13 gündür keçirilən etiraz aksiyalarının fonunda günü-gündən daha da dərinləşən Tehran-Vaşinqton münasibətləri xüsusi diqqət çəkir. Hər iki ölkənin rəhbərləri səviyyəsində bir-birlərinin ünvanlarına ən sərt ifadələr işlədilir.

Son olaraq, İranın ali lideri Əli Xamenei etirazlara görə İran hökumətini vurmaqla hədələyən, etirazçıları möhkəm durmağa səsləyən ABŞ prezidenti Donald Trampa cavab verib.

Xamneyi deyib ki, əgər Tramp bacarırsa, qoy öz ölkəsini idarə etməyə diqqət yetirsin. O həmçinin etiraz aksiyaları qarşısında geri çəkilməyəcəklərini də bildirib.

Qeyd edək ki, indiyə qədər bir neçə dəfə İran hakimiyyəti sanksiyaların yaratdığı sosial basqı, etiraz potensialının yüksəlməsi və hakimiyyət daxilində görünən çatlar fonunda cəmiyyəti real problemlərdən yayındırmaq üçün “xarici düşmən” kartını masaya qoyub. İndi də görünən odur ki, o yola əl atılıb.

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, Donald Trampın çıxışları fonunda İran dini-siyasi rəhbərliyinin, xüsusilə də Xameneinin etirazçılara qarşı sərt mövqe sərgiləməsinin arxasında dayanan əsas səbəblərdən biri Yaxın Şərqin özünəməxsus siyasi və tarixi xüsusiyyətləridir:

“Bu region nə temperament, nə də siyasi davranış baxımından digər coğrafiyalarla müqayisə edilə bilər. Burada aktorların sayı çoxdur, maraqlar üst-üstə düşmür və münaqişə potensialı daim yüksəkdir. Xamneyi adi siyasi lider deyil. O, təkcə İran daxilində deyil, bütün Yaxın Şərq miqyasında təsir imkanlarına malik olan bir fiqurdur. İranın regionda formalaşdırdığı və nəzarətdə saxladığı “proxy” güclər – istər Livanda, istər İraqda, istərsə də digər münaqişə ocaqlarında – Tehrana alternativ təsir mexanizmləri təqdim edir. Bu o deməkdir ki, Xamenei hətta formal siyasi hakimiyyətini itirsə belə, həmin dolayı güc strukturları vasitəsilə ABŞ-ın bölgədəki planlarına ciddi maneələr yarada bilər. ABŞ rəhbərliyi də bu reallığı dərk edir. Məhz bu səbəbdən Trampın açıq və təzyiq yönümlü ritorikasına Xamneyi də eyni sərtlikdə cavab verir. Bu, sadəcə emosional reaksiya deyil, strateji mövqedir. Çünki Yaxın Şərqdə zəiflik nümayiş etdirmək siyasi məğlubiyyətlə yanaşı, təhlükəsizlik boşluğu da yarada bilər. Lakin bütün bu qarşıdurmaların ən ağır yükünü yenə də region xalqları daşıyır. Xüsusilə İranda gərginliyin artması təkcə siyasi deyil, daha dərin sosial problemlərə yol açır.

Yaxın Şərq cəmiyyətləri tarixi olaraq münaqişələr içində formalaşıb; burada həm silahlı aktorlar çoxdur, həm də radikallaşma meyilli digər bölgələrlə müqayisədə daha yüksəkdir. Bu da hər bir siyasi qarşıdurmanın qısa müddətdə daha geniş və idarəolunmaz böhranlara çevrilməsi riskini artırır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR