İnsanlara hürriyət, millətlərə istiqlal!

"Trampdan təbrik teleqramı gəlməyib"-Peskov Putin-Tramp danışığı və Qara dənizdəki böhran barədə DANIŞDI

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya-ABŞ əlaqələri, Ukrayna münaqişəsinin tənzimlənməsi, Qara dənizdəki insident və beynəlxalq gündəmin digər aktual mövzuları ilə bağlı bir sıra mühüm bəyanatlar verib.

Musavat.com xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Rusiya dövlət başçısının ad günündə ABŞ Prezidenti Donald Trampdan hər hansı təbrik teleqramının daxil olmadığını bildirib. İki ölkə lideri arasında gözlənilən telefon danışığına toxunan Peskov söhbətin dəqiq vaxtının tezliklə razılaşdırılacağını, prosesdə hər hansı ləngimənin olmadığını və tərəflər arasında təmasın hər an baş tuta biləcəyini diqqətə çatdırıb.

Qara dənizdə yanğın baş verən tankerlə bağlı vəziyyəti dəyərləndirən Kremlin rəsmisi insidentin ciddi ekoloji fəsadlara yol açmadığını və "az itki ilə" aradan qaldırıldığını vurğulayıb. Ukrayna böhranının tənzimlənməsinə gəlincə, Peskov hazırda sülh yolu ilə nizamlanma üzrə real çıxış yolunun görünmədiyini, Moskva üçün yalnız fraqmentar deyil, kompleks və gələcək nəsillər üçün zəmanətli razılaşmaların məqbul olduğunu bəyan edib.

Eyni zamanda Rusiya tərəfinin Ukrayna münaqişəsinin həllinə göstərdiyi maraq və təşəbbüslərə görə Hindistana minnətdar olduğunu bildirən mətbuat katibi, İranın Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmaq ehtimalının Vladimir Putin və Məsud Pezeşkiyanın keçiriləcək görüşündə müzakirə oluna biləcəyini də istisna etməyib.

Son olaraq MDB sammitinə toxunan Dmitri Peskov Birlik formatının öz səmərəliliyini və tələb olunan struktura malik olduğunu sübut etdiyini, Rusiya Prezidentinin Türkmənistandakı mədəniyyət tədbirləri çərçivəsində sammitin bütün iştirakçıları ilə ünsiyyətdə olacağını əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR