Onlayn ictimai-siyasi qəzet
Bildiyiniz kimi, İranda iğtişaşlarla müşayiət olunan xalq üsyanı barədə danışan Donald Tramp etirazçılara atəş açılacağı halda ABŞ-nin İrana müdaxilə edəcəyini bildirib və İranın ali liderinin müşaviri Əli Şamxani ona qətiyyətli cavab verib.
Şamxani bildirib ki, İran xalqı ABŞ-nin İraq və Əfqanıstandan Qəzza zolağına qədər apardığı "xilasetmə missiyalarının" nəticələrini yaxşı xatırlayır. O, ölkədəki sabitliyi pozmaq üçün edilən hər hansı bir cəhdin sərt şəkildə yatırılacağını və milli təhlükəsizliyin toxunulmaz dəyər olaraq qalacağını bildirib.
Özünü böyük və qüdrətli, dünya və ya region hegemonu sayan dövlətin beynəlxalq hüquq baxımından digər dövlətlərin daxili işlərinə qarışmaq ixtiyarı yoxdur.
Ancaq gerçəklik budur ki, bir sıra böyük dövlətlər vaxtaşırı olaraq müxtəlif bəhanələrlə başqa dövlətlərin daxili işlərinə həm sözlə, həm də əməllə qarışıblar və bu “müstəsna adət”lərindən vaz keçmək niyyətində deyillər.
Məsələn, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin kökündə həm də bu ölkədə yaşayan “rus xalqının hüquqlarının müdafiəsi”, “rus dilinin qorunması” kimi bəhanələr vardı.
Bunlar elə bəhanələrdir ki, Rusiya onu əldə rəhbər tutaraq, rusların çox az yaşadığı Ermənistana da, rus icmalarının kompakt yaşadığı Qazaxıstana da hərbi kontingent yeridə bilər.
Beynəlxalq təşkilatlar belə özbaşınalıqların qarşısını almaq üçün hüquqi sənədlər, konvensiyalar işləyib-hazırlayıb, imzalayıb, ancaq BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, o qədər də güclü maneə deyil.
Bu baxımdan ABŞ gerçəkdən də İrana müdaxilə edə bilər. Şamxaninin də dediyi kimi, təkcə bu əsrdə bu dövlət İraq və Əfqanıstan da daxil bir neçə ölkəyə hərbi təcavüz edib. Ötən əsrdəki əməliyyatlarını da xatırlasaq, Pentaqon əsgərlərinin ayağı çox ölkənin torpaqlarını tapdayıb.
Fəqət bir dövlətin, eləcə də beynəlxalq təşkilatın digər ölkənin daxili işlərinə birbaşa qarışmaq hüququnun olmaması faktoru dünyada muxtar satraplıqların, tiraniyaların, istibdad rejimlərinin yaranmasını və uzun müddət asudə yaşamasını şərtləndirir.
Bu gün Əfqanıstanda hansı durumun yarandığı ortadadır, hər kəsə əyandır. Bir silahlı terror təşkilatı milyonlarla insanı girov götürüb, quldarlıq quruluşuna, daş dövrünə qaytarıb, bütün təbii hüquqlarından məhrum edib. Əfqanıstan özü boyda bir həbsxanaya çevrilib, insanlar kütləvi şəkildə əzilir, məhv olur. Ölkədə bəşəri faciə yaşanır. Ancaq heç bir dövlət bu ölkənin daxili işlərinə müdaxilə edə bilməz, çünki Əfqanıstan müstəqil dövlətdir.
Gerçəklik isə budur ki, bu Əfqanıstan xalqının müstəqilliyi deyil, bir terror təşkilatının özbaşına buraxılmasıdır. Bir quldur dəstəsinin ayrıca götürülmüş qəsəbəni mühasirəyə alıb, özünü hökmran elan edib, onu idarə etməsi nədirsə, “Taliban”ım Əfqanıstanı idarə etməsi odur – sadəcə miqyas böyükdür.
Bir o ölkə deyil. Bir neçə il öncə Myanmada rohincalara qarşı genosid siyasəti aparıldı, heç bir dövlət qarışa bilmədi.
Çində uyğurların total basqılara məruz qalması ABŞ və Böyük Britaniyanın yadına yalnız Çinə nəsə bir təzyiq etmək istədikləri zaman yada düşür.
Hazırda ABŞ-nin hərbi müdaxilə ilə hədələdiyi və artıq bombaladığı başqa bir ölkə də var – Venesuela.
Məsələ ondadır ki, bu ölkənin prezidenti Nikolas Maduro son illərdə yeritdiyi sərt daxili, öcəşkən xarici siyasəti ilə özünə etimadı sıfırlayıb, legitimliyini xeyli dərəcədə itirib, özünü dövlətlə narkomafiyanı paralel idarə edən biri kimi göstərib. İndi ABŞ bu ölkəyə hərbi müdaxilə edir, yalnız bir neçə ölkə boğazdan yuxarı bəyanat verəcək. Ölkə xalqı isə yadelli işğalçılara ciddi müqavimət göstərməyəcək, hətta onların canını Maduro rejimindən qurtaran ABŞ əsgərini xilaskar sayacaq.
Eyni mülahizəni İran xalqı haqqında yürütmək olarmı? Birmənalı cavab yoxdur. Dini hakimiyyət xalqın canını boğazına yığıb, ona məşəqqət yaşadır, buna söz yox. Ancaq xalq xarici qüvvələrin hesabına mollakratiyadan yaxa qurtarmağa hazırdırmı, hazır deyilmi, qüdrətli dövlətlərin sırımaq istədiyi yeni hakimiyyəti qəbul etməyə razıdırmı, razı deyilmi, bu xüsusda qəti rəy yoxdur.
Şamxanilər İran cəmiyyətinin ovqatını bilirlər. Ancaq zülmün artdığı təqdirdə insanlar xilas olmaq üçün fikir dəyişdirə bilərlər.
Əslində get-gedə belə bir zərurət meydana çıxır ki, öz xalqına zülm edən, qırıb-çatan, əzən rejimlərin əl-ayağını yığmaq üçün BMT-nin nəzdində ciddi, TŞ-nin daimi üzvlərinin iradəsindən kənarda bir qurum yaradılmalıdır ki, öz xalqına qarşı cinayət törədən hakimiyyətlərlə bağlı hesabat hazırlasın, daha sonra onları beynəlxalq səviyyədə mühakimə edərək iş başından kənarlaşmalarını təmin etsin.
Belə olsa, dünyadakı müstəqil istibdad rejimləri xeyli azalar.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ