Onlayn ictimai-siyasi qəzet
“Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır”. Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ADEX-2026 sərgisi çərçivəsində keçirilən TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünyada müxtəlif müharibə və qarşıdurmaların yaşandığı bir vaxtda türk dövlətlərinin müdafiə sənayesi sahəsində əməkdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bəs türk dövlətlərinin müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün resurslar, imkanlar varmı?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, resurs və imkanlar kifayət qədər genişdir: “Burada söhbət yalnız silah alqı-satqısından deyil, ortaq layihələrdən, texnologiya transferindən, birgə istehsaldan və müdafiə sənayesi zəncirinin formalaşdırılmasından gedə bilər. Ömüralıyevin çağırışı sadəcə siyasi bəyanat deyil, artıq başlanmış prosesin növbəti mərhələsinin dilə gətirilməsidir. Əsas məsələ niyyətlərin konkret birgə layihələrə, ortaq istehsala və texnoloji əməkdaşlığa çevrilməsidir. Əgər bu baş verərsə, müdafiə sənayesi TDT daxilində ən mühüm strateji əməkdaşlıq istiqamətlərindən birinə çevrilə bilər. Artıq bunun müəyyən təməli formalaşıb. TDT-nin üzv dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müdafiə sənayesinin müxtəlif istiqamətlərində fərqli imkanlara malikdir. Türkiyə burada geniş texnoloji və istehsal bazasına malik əsas tərəfdaşlardan biridir. PUA-lar, raket və dəqiq zərbə sistemləri, zirehli texnika, elektronika, dəniz platformaları və digər sahələrdə Türkiyənin istehsal imkanları son illərdə xeyli genişlənib”.

Polkovnik qeyd edib ki, Azərbaycan xüsusilə pilotsuz sistemlər, sursat, zirehli texnika, müxtəlif hərbi avadanlıqların istehsalı və hərbi-texniki təcrübə baxımından əhəmiyyətli imkanlara malikdir: “ADEX kimi platformalar da bu imkanların beynəlxalq və regional tərəfdaşlarla əlaqələndirilməsi üçün şərait yaradır. Qazaxıstan və Özbəkistan isə böyük ərazi, sənaye infrastrukturu, xammal və insan resursları baxımından potensial tərəfdaşlardır. Özbəkistanın Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi artıq qüvvəyə minib, Türkiyə-Qazaxıstan münasibətlərində də müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmalar mövcuddur”.
Ekspert hesab edir ki, ən real əməkdaşlıq istiqamətlərindən biri birgə müdafiə sənayesi layihələridir: “Məsələn, PUA və antidron sistemlərinin birgə hazırlanması, raket və artilleriya sistemləri üzrə birgə layihələr, zirehli texnikanın istehsalı, hərbi elektronika və rabitə sistemləri, süni intellekt və pilotsuz sistemlər, dəniz və sahil mühafizə texnologiyaları, sursat istehsalı, hərbi texnikanın modernləşdirilməsi, birgə tədqiqat və konstruktor mərkəzlərinin yaradılması, ehtiyat hissələri və komponentlərin ortaq istehsalını həyata keçirmək mümkündür. Bu baxımdan TDT çərçivəsində müdafiə sənayesi qurumlarının ayrıca platformada əlaqələndirilməsi mühüm addımdır. Burada daha böyük perspektiv ondan ibarətdir ki, türk dövlətləri bir-birindən hazır silah almaqla kifayətlənməsinlər. Hər ölkənin öz üstünlüyünü ümumi istehsal zəncirinə daxil etməsi daha ciddi nəticə verə bilər. Məsələn, bir ölkə elektronika, digəri optika, başqa biri mühərrik və ya metal komponentlər, digəri proqram təminatı, bir başqası isə sistem inteqrasiyası və son məhsul istehsalını həyata keçirə bilər”.
Etibar Seyidağa,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ