İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Rusiyanın planlarını POZDU

Ukrayna Müdafiə Qüvvələri Donetsk və Xarkov vilayətlərində döyüş meydanındakı mövqelərini möhkəmləndirərək Rusiya qoşunlarının bir sıra yeni hücum əməliyyatlarının qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin yeni hesabatında bildirilir.

Sentyabrın 14-ü və 15-də Rusiya qoşunları Kupyansk və Borova istiqamətlərində hücum əməliyyatlarını davam etdirsələr də, Ukrayna bölmələrinin cavab həmlələri səbəbindən irəliləyə bilməyiblər.

Rusiya Silahlı Qüvvələrinin "Qərb" qoşun qruplaşması ilə əlaqəli mənbənin məlumatına görə, sentyabrın 15-də Ukrayna qüvvələri Kupyanskdan şimal və cənub-şərqdə yerləşən Rusiya mövqelərinə əks-hücum keçirib.

ISW-nin təhlilinə əsasən, Rusiya qoşunları şəhər yaxınlığındakı vəziyyətlərinin pisləşməsi ilə əlaqədar Kupyanskdan cənub-şərqdə yerləşən Ukrayna plasdarmını sıxışdırmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin mətbuat katibi polkovnik Viktor Trequbov sentyabrın 15-də bildirib ki, Rusiya qoşunları Kupyansk yaxınlığında - Oskol çayının sol sahili boyunca, xüsusilə Ukrayna plasdarmını daraltmaq cəhdlərinin göstərildiyi Kivşarivka istiqamətində fəaliyyətini aktivləşdirir.

Trequbovun sözlərinə görə, Rusiya qüvvələri çayın sağ sahilində - Kupyanskın özünə daha yaxın olan mövqeləri saxlamaq iqtidarında deyil və ərazi itirirlər. O qeyd edib ki, yaxın həftələrdə rusların genişmiqyaslı hücum həyata keçirmək üçün kifayət qədər imkanları ehtimal ki, olmayacaq. Lakin Rusiya komandanlığı bu əməliyyatlara əlavə canlı qüvvə ayırarsa, vəziyyət dəyişə bilər.

Analitiklər vurğulayırlar ki, Rusiya qoşunları Kupyansk istiqamətində hücum əməliyyatlarını aktivləşdirsələr də, son zamanlar heç bir irəliləyiş əldə edə bilməyiblər. Eyni zamanda, payız hava şəraitinin cəbhə xəttini əlavə olaraq stabilləşdirəcəyi gözlənilir.

Bununla yanaşı, hesabatda Ukrayna qoşunlarının son vaxtlar Dobropillyadan cənub-qərbə doğru irəlilədiyi qeyd olunur. Sentyabrın 14-də dərc edilmiş geolokasiya görüntülərinə əsasən, irəliləyiş Pokrovskdan şimalda yerləşən Belıtskonun cənub-qərb və qərb hissələrində qeydə alınıb. Ukrayna bölmələri həmçinin Dobropillyadan şərqdə də irəliləyib və ya mövqelərini qoruyub saxlayıblar.

Eyni zamanda, ISW-nin məlumatına görə, Rusiya qoşunları havaların soyuması ərəfəsində hücumları gücləndirir və Dobropillya istiqamətinə əlavə qüvvələr cəlb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR