İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün KRİTİK bir İL – Müharibə bu tarixdə...

“Əgər Rusiyanın hazırkı hərbi və iqtisadi itkiləri davam edərsə, 2028-ci ilə qədər onun Ukraynada müharibə aparmaq potensialı tükənəcək”.

Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Oleq İvaşenko "Tayms" qəzetinə müsahibədə deyib.

“Rusiyaın gələn il üçün hərbi və iqtisadi resursları var, lakin biz onların 2028-ci ilə qədər tükənəcəyini təxmin edirik. Rusiya gündə təxminən 1000, bəzən isə 1200 nəfər cəlb edir. Amma itkilərə baxın. Dünən 1410, srağagün 1551. Bunlardan 835-i, təxminən 60 faizi döyüşdə həlak olub", - deyə o bildirib. İvaşenkoya görə, ölüm hallarının nisbəti həftə ərzində təxminən eyni qalıb.

Ukrayna rəsmisi, həmçinin, qeyd edib ki, silahlı münaqişələr tarixində əvvəllər heç vaxt ölənlərin yaralılara nisbəti bu qədər yüksək olmayıb. İvaşenko bu hesablamaların Qərb kəşfiyyat orqanları tərəfindən təsdiqləndiyini də vurğulayıb.

Rusiya doğrudanmı bir ilə tükənə bilər? Bəs bu müddətdə Ukraynanın resursları necə dəyişəcək?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İvaşenkonun "The Times" səhifələrindən qlobal ictimaiyyətə ünvanladığı riyazi-strateji anons – Rusiyanın 2028-ci ilə qədər hərbi və iqtisadi baxımdan tükənəcəyi barədə tezis yalnız cəbhədəki canlı qüvvə itkilərinin statistikası deyil, eyni zamanda XXI əsrin ən amansız müharibəsinin zaman və məkan tənliyidir: “Lakin bu riyaziyyatın arxasında dayanan geopolitik reallıqlar daha mürəkkəbdir. Moskva üçün bu müharibə artıq təkcə hərbi əməliyyat deyil, dövlətsəl mövcudluq və iqtisadiyyatın "müharibə relsləri" üzərində yenidən kodlaşdırılması prosesidir.

Gündəlik 1000-1200 nəfərlik səfərbərlik gücü və ağır itkilər Rusiyanın demoqrafik və hərbi maşınını sarsıtsa da, sanksiyaların yan keçilmə mexanizmləri, Şərq bazarlarına inteqrasiya və hərbi-sənaye kompleksinin fasiləsiz iş rejimi prosesin klassik Qərb analitikalarının proqnozlaşdırdığı tempdə cərəyan etmədiyini göstərir. Rusiya "resursların tükənməsi" təhlükəsi ilə üz-üzədir, lakin bu tükənmə xətti statik deyil, dinamikdir”.

Prezident Pezeşkiandan Azərbaycan dilində İLK MÜSAHİBƏ: BUNLARI SÖZ VERDİ

Siyasi şərhçi hesab edir ki, Ukraynanın hərbi potensialı yalnız daxili imkanlarla deyil, bilavasitə Kollektiv Qərbin siyasi iradəsi, təchizat zənciri və maliyyə donorluğu ilə mütənasibdir: “Kiyev üçün əsas risk yalnız cəbhədəki itkilər deyil, həm də Qərbdəki seçki dövrələri, yorğunluq sindromu və hərbi yardımların ritmində yarana biləcək kəsintilərdir. Ukrayna canlı qüvvə baxımından kritik hədlərə yaxınlaşarkən texnoloji üstünlüyü saxlamalı və hərbi analitikanı yalnız sentimentallıq üzərində yox, soyuq strateji hesablama üzərində qurmalıdır.

Ukrayna kəşfiyyatının çəkdiyi 2028-ci il xətti bir tərəfdən Moskvaya psixoloji təzyiq, digər tərəfindən Qərb müttəfiqlərinə "yardımları dayandırmayın, nəticə yaxındır" mesajıdır. Lakin geosiyasi səhnədə qələbəni tarixlər deyil, resursların davamlılığı, dözümlülük auditi və daxili sosial sabitlik müəyyən edir. Rusiya resurs çatışmazlığı ilə üzləşə bilər, lakin Ukraynanın bu müddətdə öz müqavimət gücünü eyni intensivliklə saxlaması Qərbin strateji dəstəyinin kəsintisizliyindən asılı olacaq.

Bundan başqa, Ukrayna üçün əsas kritik məsələ səfərbərlik resursudur. Rusiyanın demoqrafik üstünlüyü qarşısında Ukrayna şəxsi heyətin rotasiyasında və yeni briqadaların komplektləşdirilməsində çətinliklər yaşayır. Ukraynanın cəbhə xəttini saxlaya bilməsi bilavasitə Qərbin verdiyi HHM sistemləri - Patriot, NASAMS, IRIS-T və artilleriya mərmilərini - 155 mm nə dərəcədə fasiləsiz gəlməsi də şərtdir. Ukrayna ordusu canlı qüvvə itkisini azaltmaq üçün getdikcə daha çox FPV dronlara və uzaq məsafəli dəqiq zərbələrə söykənir.

Rusiyanın müharibə aparmaq potensialının tükənməsi birdən-birə baş verən proses deyil. 2028-ci il ehtimalı Rusiyanın hücum əməliyyatları keçirmək qabiliyyətinin sıfırlanması mənasını verə bilər, lakin bu, onların müdafiədə oturmaq imkanlarını bitirmir. Ukrayna üçün isə yaxın dövrün əsas tapşırığı canlı qüvvəni qorumaq, mövqeli müdafiəni möhkəmləndirmək və Qərbin hərbi-texniki dəstəyini kəsintisiz saxlamaqdır. Təchizatda axsamalar olarsa, Rusiyadan əvvəl Ukraynanın müdafiə xətlərində kritik zəifləmələr meydana gələcək”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR