Onlayn ictimai-siyasi qəzet
Ukrayna Qara dənizdə Rusiyaya məxsus konteyner gəmisini vuraraq batırdığını açıqlayıb. Hadisə Rusiyanın Odessa yaxınlığında xarici yük gəmisini raket zərbəsi ilə batırmasından iki həftə sonra baş verib.
Musavat.com xəbər verir ki, "Rosatom"un nəzarətində olan FESCO qrupuna məxsus "Yanina" konteyner gəmisi Qara dənizdə hücuma məruz qalaraq batıb.
Məlumata görə, gəmi Novorossiyskdən təxminən 130 dəniz mili aralıda iki dəniz pilotsuz aparatı ilə vurulub. "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib ki, gəmi beynəlxalq sularda hərəkət edirdi və dondurulmuş ərzaq məhsulları, tikinti və üzləmə materialları daşıyırdı. Ekipajın 17 üzvünün hamısı xilas edilib.
Lixaçov hücumu "dəniz quldurluğu" adlandırıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə "Yanina"nın sanksiyalara məruz qalan və Rusiyanın müharibə fəaliyyətinə xidmət edən obyekt olduğunu bildirib. Onun sözlərinə görə, bu zərbə ilə Ukrayna müharibəni Rusiyaya qaytarır.
Hadisə iyulun 19-da Rusiyanın Odessa vilayətindən Rumıniyaya doğru qarğıdalı aparan "Golden Leo" yük gəmisinə endirdiyi raket zərbəsindən sonra baş verib. Həmin hücum nəticəsində 10 nəfər həlak olub, 8 ekipaj üzvü xilas edilib. Zədələnmiş gəmi iyulun 26-da Odessa yaxınlığında batıb.
Mütəxəssislər hesab edirlər ki, Rusiyanın Ukraynanın dəniz ixracına zərbələri və Ukraynanın Rusiya ticarət donanmasına cavab hücumları Qara dənizdə yükdaşımaların sığorta xərclərini artırır, logistikanı pozur və hər iki ölkənin dəniz ticarətinə ciddi iqtisadi təsir göstərir.
Musavat.com
03 Avqust 2026
02 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ