İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəkli spartalı

“Ya qalxanla qayıt, ya da qalxan üzərində”

(uşağı 239 saylı məktəbə yola salan ananın öyüdü)

Bütün təbabət kitablarında belə yazılır ki, insanın ürəyi dayanandan sonra uzağı 5-6 dəqiqə yaşaya bilər. Ancaq təzəlikcə bizə səhiyyə sistemimizin gəldiyi zirvəni nümayiş etdirdilər, bir qadının ürəyi dayanandan 45 dəqiqə sonra həyata qaytarıldığı açıqlandı. İnşallah, bu hökumətin sayəsində gələn il ölümsüzlüyə yetişəcəyik. Bircə yanvar girən kimi benzin qalxmasın. Benzin qalxsa ölümsüzlük çətin alınır. 

Əlbəttə, bığlı-saqqallı, eşşək boyda erkəklərin də bir-birinə əttökən şəkildə “ürək” deyə müraciət elədiyi çağdaş zəmanəmizdə ürəkli olmaq bir növ vətəndaşlıq borcudur. Ancaq sən demə bu işdə dünya rekordu bizə məxsus deyilmiş. 1980-ci illərdə bir norveçli buzlu suya düşüb, ürəyi dayanıb, 47 dəqiqə sonra ürəyi yenidən döyünməyə başlayıb. Hadisə Ginnesin rekordlar kitabına salınıbmış və alimlərin rəyinə görə, bu unikal hadisənin səbəbi elə... buzlu su olub. Yəni həddən artıq soyuq şəraitdə ürək dayananda onu ənənəvi 4-5 dəqiqədən də çox müddət sonra işə salmaq bəzən mümkün olurmuş. Mən buradan belə nəticəyə gəldim: bizim rekordçunun palatası, əməliyyat otağı yəqin Şimal dənizi, Oslo fyordları kimi buzxana imiş. O cümlədən, niyə enerji yataqları üstündə dona-dona, büzüşə-büzüşə, qaz limitində gözümüz qala-qala yaşamaqdayıq, bunun hikməti mənə agah oldu: hökumət istəyir bizim qəlbimiz daim döyünsün! 

Təşəkkür edirik. Bu minnətdarlığa Füzuli rayon mədəniyyət şöbəsinin tarçalanlar ansamblı da qoşulur. 

Ürəkli olduğumuz başqa sahə təhsildir. Sahəyə başçılıq edən sayın nazirimiz srağagün növbəti maraqlı həyat dərsləri ilə xalqın qəlbini oxşamışdır. Deyir nə üçün məktəb çantasının ağır olmağından şikayət edirsiniz, mən özüm 1-ci sinifdə məktəbə gedəndə çantam daha ağır olurdu. Sitat: “Gedib arxivdən kitabları götürüb müqayisə edə bilərsiniz”. Sayın nazirimiz 1982-ci ildə doğulmuşdur, deməli, onun 1-ci sinifə getməyi SSRİ dövrünə, 1980-ci illərin sonlarına təsadüf etməlidir. Biz indi 1988-ci ilin “Əlifba” kitabını haradan tapıb çəkdirməliyik? Bu necə ev tapşırığıdır? Etirazımızı bildiririk. 

Nazir həmçinin uşaqların çantasının valideynlər tərəfindən əlavə, lazımsız məhsullar, mal və materiallarla doldurulmasına da işarə etmişdir. Bunu haqlı saymaq olar. Çünki doğrudan da məktəb çantalarında uşaqlara heç vaxt lazım gəlməyən əşyalara rast gəlinir. Misal üçün, plastilin. Sanki uşaq böyüyüb Ömər müəllimin yerinə keçəcək. Yaxud rəsm albomu, karandaş-flomaster dəsti, sirkul, transportir, xətkeş, pozan, qələm, dəftər, kitab kimi arxaik əşyaları qeyd etməliyik. Bunların heç biri məktəblərimizdə istifadə olunmur. Ondansa çantaya bıçaq dəsti, quşatan, travmatik tapança, zəncir, şallaq, dubinka, çomaq, beşbarmaq və sairə gündəlik tədris məmulatları qoyulsa, uşağın evə salamat qayıtmaq ehtimalı yüksələcəkdir!

Sözgəlişi, bu yaxında bir qonşu dövlətdə təhsil nazirinin fəaliyyətini müzakirə edirdilər, sən demə, sayın nazir öz uşağını dövlət məktəbində yox, özəl liseydə oxudurmuş. Hətta nazir (orada bakan deyirlər) mediaya əsəbləşmişdi, dedi nə işinizə qalıb, mənim şəxsi həyatıma qarışırsınız. 

Açığı, nə gizlədim, bunu eşidəndə xeyli güldüm. İnşallah, bizdə vəziyyət hələ o inkişaf səviyyəsinə çatmamışdır. Eyni vaxtda həmin ölkədə hansısa məktəbdə tualet kağızının olmadığını da açıqlamışdılar. Bu xəbərlərin təəssüratı altında bir qahımın uşağından soruşdum ki, sizin məktəbin tualetində kağız varmı. Uşaq belə cavab verdi: “Bizim məktəbin tualetində heç su gəlmir”.

Gör nə qədər spartan həyat tərzidir! Deməli, gələcəyimiz sarıdan narahat olmağa dəyməz. 





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR