İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt fermerləri xəbərdar edəcək

Bakı İqlim Fəaliyyət Həftəsi (BCAW) çərçivəsində ikinci günün növbəti sessiyası “Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusuna həsr olunub.

Musavat.com xəbər verir ki, bu sessiyada süni intellekti çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə (MHEWS) inteqrasiya etmiş ölkələrin qabaqcıl təcrübələri təqdim olunur.

Bura “GraphCast”, “Pangu-Weather”, “FourCastNet” və “GenCast” kimi süni intellekt əsaslı hava proqnozlaşdırma modellərinin hazırlanması və qiymətləndirilməsi də daxildir.

Sessiyada bu inteqrasiyanın əsas çağırışları kibertəhlükəsizlik və əməliyyat etibarlılığı, görünməmiş hadisələr və ya dəyişən iqlim şəraitində sistemlərin fəaliyyət göstəricilərinin azalması, habelə inkişaf etməkdə olan ölkələrdə mövcud olan məhdud təlim məlumatları nəzərdən keçiriləcək.

WhatsApp Image 2026-09-08 at 11.17.23.jpeg (747 KB)

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, erkən xəbərdarlıq sistemlərindən danışarkən kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir:

“Fermer üçün iqlim təhlükəsi heç vaxt sadəcə meteoroloji hadisə deyil. Quraqlıq məhsul itkisinə səbəb ola bilər. İsti hava dalğaları bitkilərin məhsuldarlığını azalda və heyvandarlıqda ciddi istilik stressi yarada bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vura bilər. Su qıtlığı isə bəzi hallarda məhsul istehsalının mümkün olub-olmayacağını müəyyən edən əsas amilə çevrilə bilər. Kənd təsərrüfatında vaxt həlledici əhəmiyyət daşıyır.

Bugünkü panelin konsepsiyasında da qeyd olunduğu kimi, təhlükə barədə hətta 24 saat əvvəl verilən xəbərdarlıq potensial zərərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin baxışına görə, məsələ bununla məhdudlaşmır. Yalnız təhlükəni əvvəlcədən proqnozlaşdırmaq kifayət deyil. Biz proqnozu fermer üçün vaxtında, anlaşılan və konkret fəaliyyətə imkan verən qərara çevirməliyik. Məhz bu baxımdan rəqəmsal transformasiya və süni intellekt əsaslı həllər mühüm imkanlar yaradır. Azərbaycanda iqlim dayanıqlılığının təmin edilməsi getdikcə daha sistemli şəkildə aqrar siyasətə, investisiya yanaşmalarına, texnoloji yeniliklərə və fermerlərə dəstək mexanizmlərinə inteqrasiya olunur. Bu yanaşma “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aydın şəkildə öz əksini tapıb.

Dövlət Proqramı resurslardan səmərəli istifadəyə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelini müəyyən edir. Proqram çərçivəsində torpaq və su ehtiyatlarının daha səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının daha geniş tətbiqi, rəqəmsallaşma və innovasiyanın təşviqi, eləcə də bugünkü müzakirəmiz baxımındanxüsusi əhəmiyyət daşıyan iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur. Beləliklə, bizim üçün erkən xəbərdarlıq ayrıca texnoloji layihə deyil”.

Nazir müavini diqqətə çatdırıb ki, hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir:

“Əlavə 30 iqlim stansiyasının quraşdırılması planlaşdırılır ki, bununla da şəbəkədəki stansiyaların ümumi sayı 181-ə çatdırılacaq. Lakin məlumat yalnız fermer üçün konkret xidmətə və faydaya çevrildiyi zaman real dəyər yaradır. Məhz buna görə süni intellekt proqramımız bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarəolunması kimi praktik tətbiqləri əhatə edir”.

Nazir müavini bildirib ki, süni intellekt insanın qərar qəbuletmə prosesini əvəz etməməli, əksinə, onu gücləndirməlidir:

“Etibarlı erkən xəbərdarlıq sistemləri keyfiyyətli məlumatlara, elmi müşahidələrə, fiziki və meteoroloji modellərə, aqrar ekspertizaya və yerli biliklərə əsaslanmalıdır. Eyni zamanda, müxtəlif qurumların informasiya sistemləri arasında qarşılıqlı fəaliyyət və məlumat mübadiləsi təmin edilməlidir. Meteoroloji məlumatlar bir qurumda, su ehtiyatlarına dair məlumatlar digər qurumda, kənd təsərrüfatına dair məlumatlar isə başqa bir sistemdə formalaşa bilər. Lakin fermer bütün bu risklərlə eyni vaxtda üzləşir. Buna görə də informasiya sistemlərimiz və institutlarımız arasında qarşılıqlı əlaqə eyni dərəcədə güclü olmalıdır. Uğurun əsas göstəricisi alqoritmin nə dərəcədə mürəkkəb olması və ya nə qədər məlumat toplamağımız deyil. Əsas meyar düzgün məlumatın düzgün fermerə, düzgün zamanda çatması və onun vaxtında düzgün qərar qəbul etməsinə imkan yaratmasıdır. Buna nail ola bilsək, süni intellekt sadəcə texnoloji yenilik olmaqdan çıxaraq aqrar sektorun dayanıqlılığının gücləndirilməsi üçün mühüm vasitəyə çevriləcək”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR