İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmən prezidentinin atası - süni intelekt yaxşıdır, azad düşünən vətəndaş pis...

Türkmənistanda “ağıllı cəmiyyət” qurulması təşəbbüsü irəli sürülüb.

Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, təşəbbüs ölkənin Xalq Məsləhətinin sədri, Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən Arkadağ şəhərində gənclərlə görüş zamanı səsləndirilib.

Berdiməhəmmədov ölkənin rəqəmsal gələcəyi üçün süni intellekt, startaplar, beynəlxalq təhsil klasterləri və tələbələrin cəsarətli ideyalarına ehtiyac olduğunu bildirib. O, “ağıllı şəhərlər” konsepsiyasının davamı kimi “Ağıllı cəmiyyət” layihəsinin hazırlanmasını təklif edib və bu prosesə gənclərin, xüsusilə tələbələrin fəal cəlb olunmasını istəyib. Lakin bu çağırışla yanaşı, Berdiməhəmmədov gənclərin internetdə “yad baxışlardan və yanlış dəyərlərdən” qorunmasının vacibliyini də vurğulayıb. Məhz bu iki yanaşmanın – rəqəmsal inkişaf çağırışı ilə internetə nəzarətin – yanaşı səsləndirilməsi “Nezavisimaya qazeta”nın diqqətini çəkib.


Berdiməhəmmədov neft-qaz sektorunu oğluna 'tapşırdı'

Qəzet yazır ki, Türkmənistan gəncləri daha cəsarətli düşünməyə çağırır, lakin onların düşüncəsinin hansı sərhədlər daxilində olması məsələsi açıq qalır. İnternet ölkəyə lazımdır, amma açıq informasiya məkanı kimi deyil, daha çox dövlət tərəfindən idarə olunan modernləşmə vasitəsi kimi təqdim olunur.

Məqalədə qeyd olunur ki, Türkmənistanın rəqəmsal inkişafının qarşısında ciddi problemlər var. Ölkədə internetə genişmiqyaslı məhdudiyyətlər tətbiq edilir, internetin sürəti regionun ən aşağı göstəricilərindən biridir, elektron bankçılıq sistemi isə olduqca məhduddur.

“Nezavisimaya qazeta”nın yazdığına görə, internet bloklamaları nəticəsində hətta bir sıra “ağıllı” məişət cihazları proqram təminatını yeniləyə bilmir. Smartfonların imkanları da məhdudlaşdırılır və xarici internet resurslarının böyük hissəsinə çıxış mümkün deyil. Məqalədə siyasi analitik Derya Karayevin fikirlərinə də yer verilir. Onun sözlərinə görə, Türkmənistan Mərkəzi Asiyanın digər ölkələrinin rəqəmsallaşma sahəsində sürətli irəliləyişindən geri qalır və hakimiyyət bu tendensiyadan kənarda qalmağın ölkə üçün problem yaratdığını anlayır. Ekspert hesab edir ki, mövcud internet məhdudiyyətləri və informasiya üzərində sərt nəzarət “ağıllı cəmiyyət” konsepsiyasının reallaşdırılmasına ciddi maneə yaradır. Karayev həmçinin bildirir ki, ölkədə ictimai və şəxsi həyatın müxtəlif sahələrində ciddi qaydalar mövcuddur. Təhsil müəssisələrindən dövlət strukturlarına qədər geyim və davranış qaydaları ciddi şəkildə tənzimlənir. Onun fikrincə, uzunmüddətli inzibati və ideoloji nəzarət nəticəsində ölkədə yaradıcı təbəqənin imkanları da zəifləyib. Məqalədə Türkmənistanın akademik azadlıqlar baxımından da çox aşağı göstəriciyə malik olduğu vurğulanır. Müəllif hesab edir ki, internet üzərində nəzarətin gücləndirilməsi ölkənin iqtisadi və texnoloji transformasiyasını da ləngidir.

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Əfqanıstana lazımi dəstək verməyə  hazırdır - AZƏRTAC

“Nezavisimaya qazeta” Türkmənistanla yanaşı, Mərkəzi Asiyanın digər ölkələrində də rəqəmsallaşma ilə internetə nəzarətin paralel şəkildə inkişaf etdiyini qeyd edir. Xüsusilə Qazaxıstan nümunəsində dövlətin süni intellekt və rəqəmsal texnologiyalara böyük diqqət ayırmaqla yanaşı, internet məkanının tənzimlənməsini də genişləndirdiyi bildirilir. Beləliklə, Türkmənistanın “ağıllı cəmiyyət” ideyasında əsas paradoks ortaya çıxır: ölkə texnoloji baxımdan daha müasir və savadlı cəmiyyət qurmaq istəyir, amma sərbəst informasiya mübadiləsindən və müstəqil düşüncədən ehtiyatlanır.

Başqa sözlə, hakimiyyət süni intellektə, startaplara və “ağıllı şəhərlərə” yaşıl işıq yandırır, lakin internetdə hansı fikirlərin və dəyərlərin gənclərə çatacağına nəzarəti əldən vermək istəmir. Bu isə “ağıllı cəmiyyət” anlayışının texnoloji inkişafla yanaşı, informasiya azadlığını da əhatə edib-etməyəcəyi sualını gündəmə gətirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR