İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonlarımızda şagirdlərin oxu bacarığı zəifdir – SİYAHI

Azərbaycanda bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları ilə bağlı ciddi problemlər müşahidə olunur.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.

Nazirin sözlərinə görə, bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır.

Əmrullayev bildirib ki, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. O qeyd edib ki, oxu savadlılığının aşağı olduğu bölgələrdə vəziyyət müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrində də özünü göstərib.

“Oxu savadlılığı aşağı olan bölgələrdə sertifikatlaşdırma imtahanlarında bu müşahidə olunub. Həmin bölgələrdə müəllimlərlə genişmiqyaslı iş aparmaq lazımdır”, – nazir deyib.

Emin Əmrullayev xüsusilə Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, PISA 2025-də Azərbaycanın müxtəlif iqtisadi rayonlarından şəhər və kənd məktəbləri də ilk dəfə genişmiqyaslı şəkildə iştirak edib. Tədqiqata ölkə üzrə 241 məktəbdən 7432 şagird cəlb olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR