Onlayn ictimai-siyasi qəzet
ABŞ rəsmi qaydada Serbiyanın əsas neft və qaz şirkəti olan NIS-dən (Neftna Industrija Srbije) Rusiya səhmdarlarının tamamilə çıxmasını tələb edib.
Musavat.com xəbər verir ki, məlumatı Serbiyanın Mədən və energetika naziri Dubravka Djedoviç-Handanoviç hökumət binasında jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Serbiya hakimiyyəti Vaşinqtondan son dərəcə sərt bir mesaj alıb: "Gecənin bir yarısında ABŞ-dakı tərəfdaşlarımız, yəni Amerika hökuməti, bizə NIS ilə bağlı pis xəbər və ciddi bir mesaj barədə məlumat verib".
Nazir qeyd edib ki, "Amerika hökumətinə müraciət edən və NIS-də idarəetmənin dəyişdirilməsi üçün razılaşma təklif edən NIS vəkillərinin xahişi ilə Amerika administrasiyası ilk dəfə olaraq Rusiya səhmdarlarının mülkiyyətinin tamamilə dəyişdirilməsini istədiyini açıq və birmənalı şəkildə yazılı şəkildə bildirib. Qeyd olunub ki, Vaşinqton rusiyalı sahibin şirkətdən çıxmasını tələb edir".
Djedoviç-Handanoviç qeyd edib ki, "Qazprom-un strukturlarının, Rusiya tərəfdaşlarının və ya Rusiya hökumətinin strukturlarının hansısa şirkətlərin arxasında NİS-də rolunun qalmaması istənilir".
Onun sözlərinə görə, Amerika tərəfi Serbiyaya prosedur üçün heç bir müddət verməyib. Nazir vurğulayıb ki, "bizə NIS-in işini davam etdirməsi üçün bir gün də verilməyib".
Serbiyanın Baş naziri Djuro Macut növbəti addımları müzakirə etmək üçün 16 noyabr tarixinə hökumət iclası təyin edib. İclas Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə keçiriləcək. Bütün dövlət müəssisələrinin rəhbərlərinin iclasda iştirakı gözlənilir ki, bu da məsələnin ölkənin ümumi iqtisadi və enerji strategiyası üçün əhəmiyyətini vurğulayır. İclasa Milli Assambleyanın (Parlament) sədri Ana Brnabiç də dəvət olunub. Hakimiyyət orqanları ölkənin enerji sistemlərinin dayanıqlı işləməsini təmin etmək zərurətini nəzərə alaraq, əsas şirkətlərin rəhbərliyi ilə ortaq fəaliyyət kursu barədə razılığa gəlmək və yaxın gələcək üçün prioritetləri müəyyən etmək niyyətindədirlər.
Qeyd edək ki, NİS bütünlüklə Rusiyaya məxsusdur. Ötən ilin noyabrında sanksiya siyahısına salınıb, ondan bəri Serbiyaya şirkətin sahibinin dəyişilməsi üçün bir neçə dəfə vaxt verilib. Vuçiç məsələni bir neçə dəfə Moskva ilə müzakirə edib, lakin Rusiya əlini şirkətdən çəkməyib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ