İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng müalicəsində 90 faizlik effektivlik – üç yeni vaksin gəlir

Rusiyalı alimlər süni intellektin köməyi ilə üç yeni fərdiləşdirilmiş xərçəng vaksini hazırlayırlar.

Musavat.com xəbər verir ki, preparatlar sidik kisəsi xərçəngi, kiçik hüceyrəli ağciyər xərçəngi və kolorektal xərçəngə qarşı nəzərdə tutulub. Bu barədə akademik Aleksandr Gintsburq məlumat verib.

Yeni vaksinlərin hazırlanmasında pasiyentin genetik məlumatlarından istifadə ediləcək. Süni intellekt həmin məlumatları analiz edərək vaksinin strukturunun formalaşdırılmasına və hər bir xəstə üçün uyğun komponentlərin fərdi şəkildə seçilməsinə kömək edəcək.

Yeni preparatlar melanoma qarşı hazırlanmış və artıq qeydiyyatdan keçmiş vaksinin təcrübəsi əsasında yaradılacaq. Bu vaksin artıq bir pasiyentə tətbiq olunub. Kursk vilayətinin 60 yaşlı sakini apreldə peyvənd olunub və verilən məlumata görə, hazırda vəziyyəti yaxşıdır, xəstəliyin residivi qeydə alınmayıb.

İlin sonunadək daha 20 nəfərin vaksinasiya edilməsi planlaşdırılır. Müalicənin icbari tibbi sığorta sistemi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Hər bir preparat konkret pasiyent üçün fərdi şəkildə hazırlanır. Süni intellekt insanın genetik məlumatlarını vaksinin strukturuna çevirməyə və əvvəllər əl ilə aparılan hesablamaları sürətləndirməyə imkan verəcək. Alimlərin hesablamalarına görə, bunun sayəsində müalicənin effektivliyi 20 faizdən 90 faizə qədər yüksələ bilər.

Layihənin artıq hazırlandığı, Rusiya Elmlər Akademiyası tərəfindən təsdiqləndiyi və hazırda maliyyələşməni gözlədiyi bildirilir. Hər preparatın sınaqları siçanlar üzərində aparılır və bir vaksinin sınaqları üçün 500-dək laboratoriya heyvanından istifadə oluna bilər.

Gintsburqun sözlərinə görə, vaksinlər hazırda hazırlanmanın son mərhələsindədir və yaxın vaxtlarda qeydiyyat üçün Rusiya Səhiyyə Nazirliyinə təqdim ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR