Onlayn ictimai-siyasi qəzet
Polşa özünün yeni hərbi müşahidə peyki ICEYE-dən əldə edilən ilk peyk görüntülərini ictimaiyyətə təqdim edib.
Musavat.com xəbər verir ki, sintetik aperturalı radiolokasiya (SAR) sistemi ilə təchiz olunan peyk gecə-gündüz fərqi olmadan, həmçinin sıx bulud örtüyü şəraitində belə yüksək dəqiqlikli təsvirlər əldə etməyə imkan verir.
Açıqlanan ilkin görüntülər Varşava və Qdansk şəhərlərini, Tatralar dağ silsiləsini, eləcə də Polşanın sərhədyanı ərazilərini əhatə edir. Mütəxəssislərin məlumatına görə, ICEYE geniş əraziləri eyni vaxtda izləyə, dəniz və sərhəd fəaliyyətinə nəzarət edə, yaxud ayrı-ayrı obyektlərə fokuslanaraq piksel üzrə təxminən 25 santimetrədək yüksək ayırdetmə əldə edə bilir.
Peykin fasiləsiz çəkiliş imkanları yalnız hərbi-müdafiə məqsədləri üçün deyil, həm də daşqınlar, meşə yanğınları və digər fövqəladə halların operativ qiymətləndirilməsi üçün nəzərdə tutulub. Bu imkanlar fövqəladə vəziyyətlər zamanı operativ qərarların qəbulunu əhəmiyyətli dərəcədə sürətləndirir.
ICEYE peyki 28 noyabr tarixində ABŞ-ın Falcon 9 raketdaşıyıcısı ilə orbitə buraxılıb və hazırda tam əməliyyat hazırlığı mərhələsindədir. Eyni missiya çərçivəsində orbitə daha dörd Polşa peyki çıxarılıb. Rəsmi Varşava yaxın perspektivdə sistemi bir neçə əlavə radiolokasiya qurğusu ilə daha da genişləndirməyi planlaşdırır.
Bu addım Polşanın milli təhlükəsizlik, sərhəd nəzarəti və fövqəladə hallar üzrə kosmik müşahidə imkanlarını yeni strateji səviyyəyə yüksəldir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ