Onlayn ictimai-siyasi qəzet
Bəzən kiçik bir hadisə adamın qarşısında böyük suallar açır.
İyulun 6-da ailəmlə Qarabağda idik. Yeni açılmış ödənişli Zəfər yolu ilə Cəbrayıl istiqamətində hərəkət edirdik.
Fransada istifadə etdiyim Free Mobile nömrəsinin tarif paketinə Azərbaycanda limitsiz internet daxildir. Azərbaycana daxil olanda Free özü bunu mənə SMS-lə bildirmişdi:
“Avec votre forfait, profitez d'internet illimité inclus.” Yəni Azərbaycanda internet paketə daxildir və limitsizdir.
İyulun 6-da saat 14:07-də isə Free-dən başqa bir mesaj gəldi:
“Bienvenue en Iran!” - İrana xoş gəlmisiniz!
İlk anda qəribə görünsə də, buna xüsusi əhəmiyyət vermədim. Sərhəd bölgəsidir, yəqin İran antenası tutub, dedim.
Amma mən İranda deyildim, Azərbaycan ərazisində, Zəfər yolu ilə Cəbrayıla gedirdim.
Sonradan məlum oldu ki, məsələ telefonun sadəcə İran siqnalını görməsindən ibarət olmayıb, telefon İran şəbəkəsinə qoşulub və həmin şəbəkə üzərindən internet trafiki həyata keçirib.
Free Mobile: “Telefonunuz İran antenasına qoşulub”
Fransaya qayıtdıqdan sonra Free Mobile-la əlaqə saxladım. Operator əvvəlcə şifahi, daha sonra isə iki dəfə yazılı şəkildə telefonumun iyulun 6-da İran antenasına qoşulduğunu təsdiqlədi.

Free-nin mənə göndərdiyi cavabda sözbəsöz belə yazılıb:
“Je vous confirme que votre téléphone a bien borné sur une antenne Iranienne le 06/07/2026 / 4.545Mo facturé / 44.08€.”
Daha sonra tarixlə bağlı əlavə dəqiqləşdirmə aparıldı və operator ikinci dəfə təsdiqlədi:
“C'est bien le 06/07/2026 que vous avez borné sur une antenne iranienne.”
Deməli, burada artıq ehtimaldan danışmırıq. Free-nin sistemində iyulun 6-da telefonumun İran antenasına qoşulması, həmin şəbəkə üzərindən 4,545 MB internet istifadəsi və bunun qarşılığında 44,08 avro hesablanması qeydə alınıb. Ancaq mənim üçün əsas məsələ 44 avro deyil.
Əsas sual budur, Azərbaycan ərazisində, Zəfər yolu ilə hərəkət edən telefon niyə İran mobil şəbəkəsinə qoşulur?
Məsələnin mənim üçün daha maraqlı tərəfi telefonun İran şəbəkəsində təxminən 15 dəqiqə qalmasıdır.
15 dəqiqə avtomobillə hərəkət zamanı az müddət deyil, bu da İran antenasının Azərbaycan ərazisindəki əhatə dairəsi ilə bağlı ciddi sual yaradır.
Magistral yolda avtomobil orta hesabla 60–80 kilometr sürətlə hərəkət edirsə, 15 dəqiqədə təxminən 15–20 kilometr məsafə qət edir.
Yəni əgər telefon həmin müddət ərzində İran şəbəkəsində qalıbsa, söhbət yolun bir nöqtəsində İran antennasının siqnalının bir neçə saniyəlik tutulmasından getmir. Söhbət kilometrlərlə davam edə bilən bir əhatə zonasından gedə bilər.
Burada başqa bir sual ortaya çıxır, İran tərəfində yerləşən hansısa mobil operatorun sektor antenası müəyyən bucaq altında Azərbaycan ərazisinin konkret hissəsini, o cümlədən Zəfər yolunun müəyyən istiqamətini əhatə edə bilərmi?
Kifayət qədər ciddi və cavablandırılmalı sualdır.
Biz Cəbrayılın Böyük Mərcanlı kəndinə çatanda isə telefon artıq Azərbaycan şəbəkəsində idi.
Məni ən çox düşündürən məqamlardan biri də budur.
Böyük Mərcanlıda işğaldan qalan, artıq ot basmış dağıntıların arasında təxminən bir saat gəzdik, kənd qəbiristanlığını ziyarət etdik, amma orada telefonum İran şəbəkəsinə qoşulmadı, baxmayaraq ki, Böyük Mərcanlı İran sərhədinə bizim telefonun İran şəbəkəsinə qoşulduğu ərazidən daha yaxındır.
Bu halda məsələni yalnız “İran sərhədinə yaxın idiniz, İran antenası tutub” izahı ilə bağlamaq mənə inandırıcı görünmür.
Əlbəttə, mobil rabitə belə sadə işləmir. Radio dalğaları dövlət sərhədini tanımır. Relyef, antenanın hündürlüyü, ötürmə gücü, istifadə olunan tezlik və antenanın hansı istiqamətə yönəldilməsi siqnalın yayılmasına təsir edir.
Məhz buna görə də sual daha maraqlı olur:
Niyə İran sərhədinə daha yaxın olan Böyük Mərcanlıda deyil, Zəfər yolunun konkret hissəsində?
İran tərəfində yerləşən antenanın şüalanma sektoru hansı istiqamətə yönəlib?
Azərbaycan ərazisinin neçə kilometr daxilinə nüfuz edir?
Bu əhatə təsadüfi radioyayımın nəticəsidir, yoxsa konkret texniki konfiqurasiyanın?
Bunların hamısının texniki cavabı var, sadəcə ölçmək lazımdır.
Hansı İran operatorunun antenası?
Free Mobile əməkdaşı ilə danışarkən telefonumun İranın hansı mobil operatoruna qoşulduğunu soruşsam da, bunu bilmədiklərini dedilər, məsələnin ən maraqlı tərəflərindən biri də elə budur.
Əgər Free mənim telefonumun İran şəbəkəsinə qoşulduğunu müəyyənləşdirə, həmin şəbəkə üzərindən istifadə etdiyim 4,545 MB trafiki hesablaya və buna görə məndən 44,08 avro ala bilirsə, həmin trafikin hansı şəbəkədən gəldiyini müəyyən edən texniki məlumat da haradasa mövcud olmalıdır.
Operatorun adı nədir?
MCC/MNC kodu nədir?
Telefon hansı baza stansiyasına qoşulub?
Qoşulma dəqiq hansı saatda başlayıb və hansı saatda bitib?
Həmin antena harada yerləşir?
Mən bu məlumatları Free-dən yazılı şəkildə tələb etmişəm.
Free əməkdaşıyla telefon danışığımız zamanı bu antenanın hərbi təyinatlı ola biləcəyinin vurğulanması daha çox diqqətimi çəkdi. Free əməkdaşı Aralıq dənizi boyunca səyahət edən, o cümlədən Korsika adasına gedən bəzi müştərilərin telefonları Aralıq dənizindəki hərbi bazaların antenalarına qoşulduğu üçün yüksək məbləğli hesabdan şikayətləndiklərini, bunun da sərhədyanı bənzər hadisə olabiləcəyini bildirdi.
İran sərhədindən 100 kilometr yaxud ən az 70-80 km-lik məsafədə belə hadisənin baş verməsi anlaşılan deyil.
Azərbaycan ərazisində hərəkət edən, xarici mobil operatorun SİM kartından istifadə edən telefon başqa bir dövlətin mobil şəbəkəsinə qeydiyyatdan keçib, həmin şəbəkədə data sessiyası həyata keçirib və xarici operator bunu real rouminq kimi hesablayıb.
Bu, artıq yalnız mənim telefon hesabımla bağlı məsələ deyil. Telekommunikasiya və informasiya təhlükəsizliyi baxımından da araşdırılmalı məsələdir.

Xüsusilə söhbət Qarabağ və Şərqi Zəngəzurdan gedirsə və mənim Fransa nömrəli telefonum Zəfər yolunda İran şəbəkəsinə avtomatik qoşulursa, həmin yoldan keçən başqa telefonlarla bağlı vəziyyət necədir?
Xarici turistlərin, diplomatların, xarici nümayəndə heyətlərinin, dövlət qulluqçularının, eləcə də orada işləyən və yaşayan insanların telefonlarına İran antenalarının təsir imkanlarını araşdırmaq lazımdır.
Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm, telefon xarici mobil şəbəkədə qeydiyyatdan keçirsə, telekommunikasiya prosesinin özündən irəli gələn müəyyən texniki və şəbəkə məlumatlarının emal olunması qaçılmazdır.
Buna görə də məsələni araşdırmaq lazımdır.

Ən maraqlısı odur ki, sərhədyanı mobil şəbəkələrin bir-birinin ərazisinə nüfuz etməsi Azərbaycan dövlətinə məlum olmayan problem deyil.
21 oktyabr 2025-ci ildə Tehranda Azərbaycan və İran nümayəndələri arasında sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin tənzimlənməsi ilə bağlı xüsusi görüş keçirilib.
Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İKTA, Dövlət Radiotezliklər İdarəsi və mobil operatorların nümayəndələri iştirak ediblər. Rəsmi məlumatda tərəflər arasında zəruri texniki razılaşmaların əldə edildiyi bildirilir.
Əgər 2025-ci ildə bu məsələ müzakirə olunub və texniki razılaşmalar əldə edilibsə, 2026-cı ilin iyulunda baş verən bu hadisə həmin razılaşmaların praktik nəticələri baxımından da maraqlıdır.
Zəfər yolu boyunca radioölçmə aparmaq, xarici şəbəkələrin göründüyü nöqtələri xəritələndirmək, siqnal gücünü ölçmək, MCC/MNC kodlarını müəyyənləşdirmək və İran tərəfdən gələn siqnalın hansı istiqamətlərdə Azərbaycan ərazisinə daxil olduğunu öyrənmək mümkündür.
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ