Onlayn ictimai-siyasi qəzet
Xətai bir gəraylısında belə söyləmişdi: “Mən gəzərəm ayıq-ayıq, Dəryalarda оlur qayıq, Bülbülləri şaha layıq, Gülü gərək yоl əhlinin”. Ona görə də uca millətimiz şah babasının heykəlini əvvəlcə yolun içində qoymuşdu. Sağdan, soldan, arxadan, öndən, yalan olmasın, üstündən də maşın keçirdi. Heykələ yaxınlaşıb nə baxmaq mümkün idi, nə ziyarət eləmək. Neçə xətaisevəri o yolda maşın vurub öldürmüşdü, hazırda bizim milli qurbanlarımız sırasında “Xətai qurbanları” adlı ayrıca səhifə vardır.
Əlbəttə, axırıncı bir qədər zarafatdır, daimi oxucularımızdan Ruslan müəllimin yazdığı kimi, deyir. ədəbiyyat müəllimimiz bizə söylərdi ki, həmişə sözü şişirdin, onda maraqlı olur. Gözəl təsbitdir, həqiqətən. Pis çıxmasın, dövrümüzə də uyğundur – bu saat kimin nəyə, harasına imkanı çatsa oranı şişirdir. Bizim də sözdən başqa nəyimiz var? Məcburuq sözümüzü şişirdək. Əməliyyatın adı da olsun, misal üçün, sözplantasiya əməliyyatı. Ya da sözplastika. Yekun qərarı hələ verməmişəm, inşallah, oxucularla birgə görək neyləyirik.
Qayıdaq Xətainin yanına. (İfadə tərzi kimi də olsa, çox xoşuma gəldi. Həqiqətən mən Xətainin dövründə yaşamağı istəyərdim. Çaldıran döyüşündən fərarilik etmək şərtiylə). Bu uzun məşəqqətdən sonra, deyəsən, hökumət heykəli təzə məkana köçürmüşdür, ora da tərslikdən 2 xəstəxananın arası imiş. Yəni, xəstələr əməliyyatdan çıxan kimi pəncərədən baxıb əlində qılınc, dərin fikirlərə qərq olmuş bir kişini görürlər. Doğrusu, bu onların müalicəsinə nə cür müsbət təsir göstərər, bunu dəqiq bilmirəm. Alimlərin rəyi lazımdır bu dəfə.
Bax, elə dəli şeytan deyir ki, məhz heykəl təzə əraziyə köçəndən sonra xalqımız ona yaxın gəlməyi bacarmışdır və indi qəribə fakt aşkara çıxıb: sən demə, heykəltəraş İbrahim Zeynalov postamentin aşağısında “Bunu nəvəm İsmayıla ithaf edirəm” tipində bir cümlə yazıbmış. Daha dəqiqi, qazıbmış, çünki postament mərmər-qranitdir.
Əlaqədar orqanlar və şəxslər araşdırma aparır, deyirlər, əvvəl o yazı yox imiş. Guya. Şəxsən mən inanmıram. Sadəcə, yuxarıda yazdığım kimi, yaxın gedə bilmirdiniz, ona görə indi tapmısınız. Başqa yöndən, heykəltəraş 2008-ci ildə ölübsə, son dövrlər o yazını necə həkk edə bilərdi ki?
İşin növbəti tragikomik və karikatur detalı “nəvəmə ithaf” cümləsinin... rusca yazılmağıdır. Təsəvvür elə, türk dilini, indiki Azərbaycan ləhcəsini dövlət səviyyəsinə, saray, ordu, diplomatik yazışmalar miqyasına qaldıran Xətai gəlib nəvələrinin ona heykəl qoyduğunu və həmin heykəlin altında rusca yazını görür... Üzr istəyirəm, ancaq bu, ən yumşaq yazsam, tərbiyəsizlikdir. Bir az kəskin ifadə eləsəm, eşşəklikdir. Vandalizmi də başqa dildə eləməyə nə ad qoyasan?
Hərçənd, dəli şeytan yenə deyir ki, özünü yorma, bəlkə sənətkar o heykəli qayıranda şah babamızı yox, elə öz nəvəsini nəzərdə tutubdur, çünki nəvənin də ismi-şərifi epitafiyanın mətnindən göründüyü kimi, İsmayıldır! Yəni, sayın İbrahim müəllim bir güllə ilə iki dovşan, indiki halda bir tişə ilə iki heykəl “vurub”. Həm dövlət sifarişi yerinə yetirib, həm nəvəsinin sifarişini.
Uca şahın, sözgəlişi, bu temada da şeiri vardır və yazını elə onunla bitirək: “Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə. Ləl daşını çay daşına, Qatma, qardaş, kərəm eylə”.
01 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ