İnsanlara hürriyət, millətlərə istiqlal!

Düzgün müəllim  

Bir ingilis yumorunda deyilir ki, iqtisadçı elə bir adamdır cibində qəpiyi yoxdur, lakin başqalarına pul qazanmaq haqqında məsləhətlər verir və əgər onlar bu məsləhətlərə əməl eləsələr, onların da cibində siçanlar oynayacaqdır.

Sözü ona gətirirəm ki, bizim millət kasıb adamları sevmir. Məsələn, bəzi ata sözlərimizi yada salaq: “Kasıba bazarın tulası da hürər”, “Kasıba oğul olunca, dövlətliyə qul ol”, “Kasıbı dəvə üstündə böv sancar”, “Kasıbın toyunda gecə qısa olar” (ən tragikomiyi budur məncə - Z.H.), “Kasıb öləndə molla xəstə olar”, “Kasıb itinin adını Gümüş qoyar” və sairə.

Məsələn, Elçibəy hökuməti vaxtında bizim bir nazir var idi, yataqxanada yaşayırdı. Hətta arada deyəsən baş naziri əvəz də eləmişdi. Biz isə ona lağ eləyirdik, deyirdik özünə ev ala bilməyən adam, bizə nə verəcək? İndi, maşallah, deputatdır, güman edirəm hər şeyi var və yataqxana-zad barədə qəti fikirləşmir.

Yəni, o Uruqvayın əski başqanı vardı, yadınıza gəlirsə, Xose Musika – fermasında yaşayıb, köhnə, tısbağaya oxşar şəxsi maşınıyla prezident sarayına gəlib-gedərdi – bax, o cür adamları biz bəyənmərik. Sözdə, sosial şəbəkədə-zadda paylaşımlara fikir verməyin, onlar hamısı saxta şeylərdir, mahiyyətdə, dərinliyinə varanda xalqımız üçün əsas kriteriya pul qazanmaq və varlı olmaqdır. Ta bunu hansı üsulla edirsən, et, bunun heç bir əhəmiyyəti, mənası, fərqi yoxdur.

Bu uzun girişdən sonra nəhayət gələk mətləbə. Bizim bir keçmiş məmur var, dövlət vəsaitlərini-filanı basıb yeməyə görə həbs edilmişdi. İndi onun təzədən universitet müəllimliyinə qayıtdığı söylənir və bəzi yoldaşlar qara-qışqırıq qoparıblar, deyirlər nə üçün belə kirli keçmişi olan adam dərs deyəcəkdir.

Nə qədər səydəş, düşük, rəhmətlik Vəzirov demişkən, bambılı mövqedir... Axı el dilində yazsam, “yatıb-çıxmış” adamdan yaxşı müəllimi hardan tapacaqsınız? Allah bilir, bəlkə də Lotu Bəxtiyarla Sabirabadlı Hikmətin kamerasında oturub.

Üstəlik, iqtisadi cinayətkarlıqda suçlanmış adam elə ən yaxşı iqtisadiyyat müəllimidir. Niyə? Çünki, bu yoldaşın ismi-şərifini Google-da axtarışa verəndə, maşallah, gör nə yağlı-buğlu, hər sətrindən dollar, evro, manat, qızıl, platin, hətta deyərdim, bitkoin-zad tökülən cümlələr çıxır: “... milyonluq əmlakı 50% endirimlə satıldı”, “... Yasamaldakı mənzili dördüncü dəfə hərraca çıxarılır”, “... şəhərin mərkəzindəki obyekti yarım milyondan baha satıldı”, “... milyonluq evi də satışa çıxarıldı” və sairə. (Hörmətli zatın adını xəbərlərdən özüm çıxartdım – mənası nədir ki? Adını çəkə bilmədiklərimlə eyni gözlə baxdığımı göstərirəm, guya).

Bayaq “təzədən müəllimliyə” qayıtdığını boş yerə vurğulamadım. Bu yoldaş 1990-cı illərin əvvəlində məhz Narxozda müəllim işləyib. Qara bəxtimə bax, məhz mənim orda ali təhsil aldığım dövrdə! Ancaq mənə dərs deməyib. Kaş deyəydi, indiyə yatıb-çıxmışdım, əvəzində milyonlar, villa-zad temalarında bəlkə adım hallanardı. Bizə heç vaxt düzgün müəllimlər dərs demədi ki... Hətta YAP-ın da üsyankar üzvü qabağımıza çıxmışdı – Əli Əlirzayev mənim müəllimim olub. Buyur. Ondan nə öyrənmək olardı? Kasıbın biri idi, beş il eyni paltoda dərsə gəlirdi. (Ümidvaram o da müəyyən müddət ərzində keçmiş səhvlərindən nəticə çıxarıb, artıq varlanıbdır. Bunun üçün hər cür şansı yarandı, məsələn, arada deputat da qoymuşdular).

Sonda bütün ətirsatanları və gülsatanları qarşıdan gələn 5 oktyabr – Müəllim günü münasibətiylə təbrik edirəm. İnternetdə qarşıma bir reklam çıxmışdı, 10 manata ətir satırlar, üstündə “Əziz müəllim, təbrik edirik” tipində yazılarla. Açığı, həmin flakonların tərkibi mənə şübhəli gəldi. Sanki tualet hava təravətləndiricisi ilə doldurmuşlar. Bunu hansı müəlliməyə hədiyyə eləsən, təpənə vurmağa haqqı çatır.  Müəllimə dəyər verin. Düzgün müəllimə xüsusilə.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2026

03 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR