Onlayn ictimai-siyasi qəzet
Argentina xarici kapitalı ölkəyə cəlb etmək üçün investisiya qarşılığında vətəndaşlıq proqramını işə salır.
Musavat.com xəbər verir ki, proqram 2026-cı ilin dördüncü rübündə müraciətlərin qəbuluna başlayacaq. Əcnəbilərə Argentina vətəndaşlığı almaq üçün iki variant təklif olunur.
Birinci variant dövlət xəzinəsinə geri qaytarılmayan 350 min dollar ödəməkdir. İkinci variant isə proqram üçün xüsusi buraxılacaq 800 min dollarlıq dövlət istiqrazı almaqdır.
Proqramın mühüm xüsusiyyətlərindən biri odur ki, investisiya yolu ilə vətəndaşlıq üçün ölkədə müəyyən müddət daimi yaşamaq tələbi qoyulmur. Bu imkan hələ 2025-ci ildə Argentina qanunvericiliyinə edilən dəyişikliklə yaradılıb.
Əsas müraciətçinin həyat yoldaşı və 18 yaşadək uşaqları da əlavə ödənişlə vətəndaşlıq üçün müraciət edə biləcəklər. Məsələn, həyat yoldaşı üçün 100 min, 18 yaşadək hər uşaq üçün isə 25 min dollar əlavə ödəniş nəzərdə tutulur.
Argentina hökuməti proqramın məqsədinin xarici sərmayəni artırmaq və ölkənin investisiya mühitini gücləndirmək olduğunu bildirir. Müraciət edən şəxslərin maliyyə mənbələri və təhlükəsizlik baxımından ciddi yoxlamadan keçirilməsi də nəzərdə tutulub.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ