Onlayn ictimai-siyasi qəzet
“Ağıllı buzov iki inəyi əmər”
(Azərbaycan ata sözü)
Bugünlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” şirkətinin mağazalarında qanunsuz hallar aşkara çıxartmışdı. Sən demə, orada “bəzi məhsulların reklam və təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan məlumatlardan istifadə olunurmuş”. Çin və Özbəkistanda buraxılan elektronika məhsullarının, məişət texnikasının guya Yaponiya istehsalı olduğunu alıcılara deyirmişlər.
Firmanın adı açıqlamada var idi, insafən, doğrudan da həmin firma Yaponiyanındır, ancaq belə başa düşdüm ki, bizə satılan malları Özbəkistanda və Çindəki zavodlarında buraxıblar.
Həqiqətən qanunsuz haldır. Sözgəlişi, həmin dükanlar şəbəkəsində hazırda yorğan-döşəkdən, qab-qacağa qədər hər şey satılır, məlum deyil bu döşəklər də “elektronik” əşyadırmı. Yəni dövlət xidməti prinsipcə mağazanın adını da dəyişdirməlidir.
Vəziyyət müəyyən qədər “Yol əhvalatı” filmimizdəki məşhur epizodu xatırladır: “Götürək elə mənim bacım oğlu Makintoşu, mənə ərəbski qalstuku fransuzski adıyla satıb, sonra baxıram bu heç ərəbski də deyil, nə zibilskidi bilinmir. Belələrinə nə ad vermək olar? Tüfeyli, qrabitel!”
Ancaq tüfeylilər təkcə ticarət sektorunda olsa dərd yarı idi. Bax, elə həmin qanunsuz halları aşkar edib xalqın istehlakçı hüquqlarının keşiyində ayıq-sayıq duran məmurlardan, xidmət və idarələrdən soruşmaq lazımdır ki, niyə biz corabdan televizora, tumandan kartofqızardana qədər hər şeyi xaricdən almağa məcburuq? Nə üçün yapon şirkətinə şərait yaratmamısınız ki, o da gəlib məişət texnikası zavodunun biri cəhənnəm, yarım sexini Azərbaycanda açmır? Biz axı elə həmin Özbəkistanla eyni start vəziyyətində bazar iqtisadiyyatına tullanmışıq - sovetin ağuşundan...
Yeganə əlac ona qalır ki, məmurları Yaponiyadan gətirək. İlk növbədə. Ya da Özbəkistandan. Onsuz qardaşlarımızdır (yaponların Altay dil qrupu ailəsinə məxsus olması, bir növ, türk soyluluğu isbata yetmişdir). Ondan sonra məişət və elektron texnikaların istehsalı öz-özünə yaranar.
İndi yadıma düşdü, vaxtilə Elçibəyə bəzi kadrlarının yarıtmaz olduğunu irad tutanda deyərmiş ki, neyləyək, İsveçrədən xalq gətirəsi deyilik. Ona görə də 1 il sonra kəndə qaçdı.
Xaricdən xalq (və xal) gətirmək işində uğurlu təcrübəmiz vardır. Məsələn, bugünlərdə Səudiyyədə İslamiada keçirilir, orada “3x3 basketbol” komandamız qızıl medal aldı. Hətta bu, ardıcıl 3-cü İslamiada çempionluğu imiş!
Axırıncı dəfə səbəti gilas bağında görmüş şəxs olaraq milli basketbolumuzun möhtəşəm uğuruna sevindim, az qala tavana qədər hoppandım. Üstəlik, diqqətimi çəkən xəbərin başlığı idi: “Azərbaycan millisi finalda Türkiyəyə qalib gəldi”. Türkiyənin bizdən fərqli basketbol ənənələri olduğunu bilirdim, o səbəbdən lap təəccübləndim və heyətlə tanış olmaq qərarına gəldim. Buyurun, siz də “milli” komandamızın üzvləri ilə yaxından tanış olun: Aleksandra Mollenhauer, Dina Ulyanova, Brianna Frayzer, Tatyana Deniskina. Vəssalam. Necə gözəl, milli heyətdir, deyilmi?
İndi mən sayın oxuculara sual verirəm: əgər milli komandanın üzvləri Brianna və Tatyanadırsa, prosesə rəhbərlik edənlər niyə Mamed və Fatmanisə olmalıdır? Qoy elə bu oyun hansı xalqa lazımdırsa, özü oynasın, özü baxsın, ən əsası, özü də maliyyələşdirsin.
AFFA legioner limitini ləğv edəndən milli futbol çempionatımızda damazlıq azərbaycanlı oyunçu tapmaq elə bazarda Beyləqan quzusu tapmaq kimi çətinləşib. Təsəvvür elə, “İmişli” komandasında Ronaldo adında oyunçu var! Guya bu, İmişli camaatına çox vacib lazımdır. Biz “saxta” Ronaldo izləməkdənsə, elə tapıb Braziliya çempionatını izləyərik da bə.
Ona görə 150 min əhalisi olan, ərazisi Kürdəmirin yarısından da az Kürasao adası dünya çempionatına vəsiqə qazananda xalq əsəbləşib özünü Kürə atmaq istəyir. Çünki, “milli” liqada cəmi 1 şirniquş komanda var, lakin onun uğurları xalqa bəs eləmir.
Axı bu şirniquşun şəkəri və ağacı da xaricdən alınır.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ