İnsanlara hürriyət, millətlərə istiqlal!

Cürdəkdən mey içən, taksidən düşüb qaçan – ictimai ikitirəliklər

Bir himə bəndik ki, iki tirəyə ayrılaq və sözün çürüyü çıxana qədər mübahisə edək. Söz gövşəmək işində də region lideri olarıq, əl-əlbət.

O gün AMEA-nın iclasında mürgüləyən alimlərə görə ikiyə bölünmüşdük. “Yatdılar”, “yuxuladılar” lağlağısı ərşə-gürşə dirənmişdi. Halbuki söhbət yüngülvarı, 1-2 dəqiqəlik mürgüləməkdən gedə bilərdi.

Yatmaq başqa şeydir. Yaşlı adamlara hörmət etmək lazımdır. Biz o yaşa çatanda... (bu yerdə müəllif baxır ki, artıq o yaşa çatmaq üzrədir, ona görə də cümləni tamamlamır). O vaxt, yəni 40-50 il əvvəl İslam Rzayev əbəs yerə oxumurdu ki, “biz sizə minnətdarıq, qocalar, ay qocalar”.

İndi qocalara minnətdar olanlar azdır. Fürsətcillər elə girəvə gəzirlər ki, onların uyğun olmayan vəziyyətdə şəkillərini çəksinlər, bir sözlərini tutub sosial şəbəkədə yaysınlar, hoydu-hoyduya götürsünlər. Şair “oyatma mürgülü xatirələri” demişdi, mürgüləyən alimlərlə işi yox idi.

Daha bir ikitirəlik qadın həmkarımızın əlində içki şüşəsi tutaraq, rus demişkən, “çerez qorlo” içdiyini əks etdirən videonun sosial şəbəkədə yayılması ilə bağlı yaranıb. Bəziləri bunu “qeyri-etik görüntü” kimi təqdim edir, bəziləri “ucuz şou” adlandırır və s. Bu məsələdə hətta iki yox, 3-4 tirə var. Hərə bir söz deyir.

Bura İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı, hətta Vatikan olmadığı, şəriət qanunları ilə idarə olunmadığı üçün bunu müzakirəyə çıxarmaq belə absurd və gülünc işdir. “Stəkanda fırtına yaratmaq” deyək, keçək ikitirəliyə səbəb olan başqa bir görüntüyə.

Bir video yayılıb: taksi sürücüsü şəhərimizin dar-düdük, yalnız bir yüngül maşının sığacağı küçələrin birində avtomobilini bir qaçan qızın ardınca sürür və şərh verir: “Pulumu vermədən qaçıb gedir”.

Qız qaçır, sürücü təqib edir, axırda küçədə saxlanmış başqa bir avtomobilin maneə yaratması üzündən o, təqibi yarımçıq saxlamalı olur və tini burulub gözdən itən qızın dalınca səslənir: “Pulumu ver də, ay xanım”.

Şəxsən mənə elə gəldi ki, sürücü bu axırıncı sözü üzbəüz gələn oğlana eşitdirmək üçün dilə gətirdi. Çünki adam deyə bilərdi ki, alə, xaloğlu, nöş düşmüsən məhlənin qızının dalısıyca. Səsə hər darvazadan bir qaqaş çıxardı və sürücü 5 manatın zibilinə düşər, hadisə yerinə ambulans və “Fait Dobla” gələnə qədər döyülərdi.

İndi sosial şəbəkə istifadəçiləri ikiyə bölünərək yazırlar: “Bu qız sabah ana olacaq, müəllimlərə yol göstərəcək, amma indi utanmır, maşından düşüb qaçır.

Başqa biri qızı müdafiə edir: “Bəlkə pulu yoxdur”. Yəni pulunun olmaması onu başqasının haqqını kəsməkdə haqlı edir.

“Pulu yoxdur” arqumenti başqa biri tərəfindən vurulur: “Pulu yoxdursa, desin, pulum yoxdur, ta maşından düşüb qaçmaq nədir?”

Sürücüyə qahmar çıxanlar olur: “O da evinə 5 manat çörək pulu aparmaq istəyirdi”.

Sürücünü qınayanlar olmazmı? Əlbəttə, olacaq. “Utanmır e, yekə kişidir, 5 manata görə düşüb qızın dalınca, video çəkir”.

Əslində deyəsən, sürücünün fikri heç qıza çatıb 5 manatı almaq deyil, çəkdiyi videonun yaxşı alınmasıdır, çünki axırda anons edir ki, videonu Tik-tok-a yerləşdirəcək.

Aha, bu ki təkcə taksi sürücüsü yox, həm də bloqermiş. Halal olsun, vallah. Günə 5 müştəri daşıyıb, bir video çəksə, qazandığı nəyinə bəs deyil? Təcrübə göstərir ki, belə videolar çəkərək, tutuzduranda babat pul qazanmaq olur.

Bu məsələdə üçüncü tirə də var. Onlar deyirlər ki, qız taksidən düşüb qaçmaqla düz hərəkət etməyib, sürücü də onun videosunu çəkməklə və yaymaqla. Ortada iki qüsurlu hərəkət var və ikisinə görə də inzibati cəza nəzərdə tutulur.

Elə həmkarımızın cürdəkdən birbaşa içki içməsini əks etdirən videoya görə də “şəxsi həyata müdaxilə” maddəsi ilə məsuliyyət var. Bu saat belə şeylərə həssas yanaşma müşahidə olunur. Yava-yava danışanları cərimələyirlər. “Renka”ların haqq-hesabı dərs olmadımı?

Ara yerdə ağsaqqal alimlərin adı dilə-dişə düşdü. Onlar da gərək təkzib etməyəydilər, birbaşa deyəydilər ki, bəli, isti, rahat yer idi, biz də yaşlı adamıq, yuxu aparıb. Bir var, adam yuxuya getsin, bir də var, yuxu adamı aparsın. Fərqli şeylərdir.

Siz o yaşa çatanda... bəlkə də əliniz kameraya çatmayacaq (bu ifadə ağsaqqalların şəklini çəkib yayanlara aiddir).

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026