İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşovu taxtda görmüş bloqerin nostaljisi

Hər kəsin internet resurslarında öz çıxışının, müsahibəsinin videosunu yaymaq imkanı qazanması yaxşıdır. 30 il öncə bir mütəfəkkirin verdiyi proqnoz yüzdəyüz doğrulub. O demişdi ki, vaxt gələcək, hamı şöhrət qazana biləcək, amma 15 dəqiqəlik.

İndi o zaman yetişib. Bir də görürsən, bir ağsaqqal və ya növcavan çıxır, öz düşüncəsini və ya hərəkətini əks etdirən video yayır, beş dəqiqənin içində şöhrət qazanır, dillərə düşür və 15 dəqiqənin və ya 15 saatın içində unudulub gedir.

Şöhrətini qorumaq istəyən şəxslər ya ardıcıl olaraq elə videolar yaymalıdırlar, ya da yaddan çıxırlar. Çünki rəqabət böyükdür. Hamının şöhrət (eləcə də bu minvalla pul) qazanmaq imkanı var.

Bircə pis iş var ki, bəzən şöhrət qazanmış biri dediklərini ertəsi gün təkzib etməli olur, deyir, peşmanam, düz deməmişəm, emosional olmuşam, fikrim yanlış anlaşılıb, onu nəzərdə tutmamışam, hər şey yaxşıdır, Allah şeytana lənət eləsin və sair və ilaxır.

Belə olanda tamaşaçı-oxucu kütləsi məcbur olur başqa “həqiqət carçısı” axtarsın. Axtarırlar və tapırlar. Namxuda, internet resursları həvəskarlar tərəfindən çəkilən videolarla dolub-daşır.

Dünən elə videolardan biri qarşıma çıxdı. İki dəfə baxdım. Maraqlıydı.

xrushh.JPG (19 KB)

Xruşov dövrünü görmüş bir ağsaqqal idi, titrdə adı “Seyyid Zakir” yazılmışdı. 

Onun əlində bir qalaq pul (SSRİ dönəminin rubl-manat-som-sum adlanan valyutası) vardı, yarısı üçlük idi, yarısı da beşlil. Ağsaqqal deyirdi, iki paçka pul tapmışam – 800 manat.

Əslində o, bu pulu təxminən 35 il gec tapıb. İndi həmin əskinaslar yaşıl və göy rəngli kağızlardır, sadəcə, sovet dövrünü yaşamış və o pullardan xərcləmiş adamlar üçün nostalji oyandıra bilər. O 800 manat ağsaqqallın əlinə heç olmasa 1991-ci ilin bu vaxtları düşsəydi, özünü Qaqra, Soçi tərəflərə verib bir həftə dincələ bilərdi. 35 yaşlı seyid o pulla nələr etməzdi.

Amma indi o videokamera qarşısında dayanıb, əlindəki yaşıl-göy əskinasları o tərəf-bu tərəfə çevirə-çevirə deyir ki, Allah bərəkət vərsün, bu üçlük 10 dənə çörək edirdi. Daha sonra o sovet pulunun “bərəkət”inə dair detallar sadalayır: “Sovet dövründə bu yaşıl üçlüyə 100 stəkan şirəli su düşürdü, bu göy pula 5 kilo qənd, 500 qutu “ispişkə”, yüz dənə pirojki, iki kilo ət (dondurulmuş), 1 kilo təzə əl əti almaq olurdu, toya on manat salırdılar.

Doğrusu, gözlədim ki, indi ağsaqqal sovet dövründə göy beşliyə 1 ədəd yarım litrlik “andropovski” arağın düşdüyünü, hələ satıcının 30 qəpik də qalıq qaytardığını deyəcək (sovet dövründən danışanlar adətən bunu mütləq deyirlər), amma gözüm titrdəki “Seyyid” sözünə sataşdı. İnsafən, ağsaqqal sovet dövrünün alkoqol cənnəti olması faktından yan keçdi.

Belə baxanda seyyid düz deyir, doğrudan da eləydi, 3 manata bir rota adama qazlı su ala bilərdin. İndiki kimi su pivə qiymətinə deyildi. Ayrıca “andropovski” (belə marka yox idi, sadəcə, 1983-cü ildə buraxılan araqlara el arasında elə deyirdilər) vodkanın keyfiyyəti hazırda 45-50 manata satılan eyni məmulatlardan daha keyfiyyətli idi.

qitliq.JPG (57 KB)

İntəhası, ağsaqqal o dövrün həqiqətlərinin yarısını demir, qıtlıqdan, növbələrdən və maaşların azlığından (70-140 rubl) danışmır. Qənd-çay, ət-su məsələsi doğru, bəs yağ tapmaq olurdumu? Dəri plaş və ya gödək “minlik palto” neçəyə idi? İkisi də 1000+-a, özü də tanışlıqla, əl altından tapılırdı. İki dənə beşlik banderolu verməliydin. Malta, Yuqoslaviya və Finlandiyada istehsal olunmuş kostyumlara göy banderolun biri bəs edirdi – satan adam tanışdırsa. Çexoslovakiya ayaqqabısına azı 22-23 yaşıl üçlük gedirdi. “Yurfak”ın qiyməti 25 min, “leçfak”ınkı 25-30 min rubl-manat idi. Adi “Mister D” köynəkləri 30 manat idi, amma onu da gərək Moskva və Leninqraddan gətirən olaydı. Yaxşı paltarı Gəncə və Ağdamın bazarında, bir də Qubanın “Qırımızı qəsəbə” adlanan nahiyəsində tapmaq olardı.

Yəni həqiqəti deyəndə gərək tam deyəsən. Yarımçıq həqiqət gənc nəsli çaşdıra bilər.

Köhnə əyyamların nostaljisi ilə yaşayan və sovet dövrünü öyən ağsaqqal isə bir mühüm mətləbi də unudur. O, 100 il qabaq Çar Rusiyasının vaxtında dövriyyədə olan pulu göstərərək ictimai yerdə deyə bilərdimi ki, Nikolayın vaxtında bu pula filan qədər filan şey alırdıq? Deyə bilməzdi. Desə, NKVD-nin dəri gödəkçəli cəlladları gecəylə onun evinə gələr, yatağından götürər, ya ertəsi gün güllələyər, ya da Sibirə göndərərdilər. O da gedib İrkutskdan məktub yazardı ki, burda insanın qara qəpiklik qiyməti yoxdur.

Sovet dövrünün belə işləri də vardı.

**

Dünya köhnə dünyadır, Zakir əmi, valyutaların alıcılıq qabiliyyəti təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR