İnsanlara hürriyət, millətlərə istiqlal!

İntellektual kapitanın cəzası – marşalların başını yeyən ölkədə “humanizm”

Şəklinə baxırsan, model kimi oğlandır, Hollivudda filmə çəksələr, ikinci Leanardo di Kaprio olar, cəmi 23 yaşı var, amma tutub 15 il iş veriblər.

Soydaşımızdır, adı Rafaeldir, Murmansk Arktika Universitetinin tələbəsi imiş. Özü də savadlı, erudisiyalı tələbə olub, “Nə? Harada? Nə vaxt?” intellektual oyununda universitet komandasında kapitanlıq edirmiş.

Amma nə olsun, o, nə vaxt, harada, nə suç işləyibsə, gənc tələbəyə ötən əsrin 30-cu illərinin ortalarında yayğın olan cəzalardan kəsiblər. Hələ Rafael yaxşı qurtarıb, “humanist” prokuror 18 il tələb edirmiş.

Bu işdə haqsızlıq və ədalətsizlik o qədər barizdir ki, Rafaeli tanıyanlarla yanaşı, tanımayanlar, belə şeylərə soyuqqanlı yanaşan ruslar da mat qalıblar. Ortada qətl yox, külli miqdarda (100 milyon, 1 milyard-zad) dövlət əmlakını mənimsəmə yox, hərbi sirrin düşmənə satılması yox. Uzaqbaşı, bu gənc sosial şəbəkədə nəsə yazıb. Vəssalam. Buna görə adama 15 il iş verərlərmi? Fakt odur ki, verirlər. 1941-ci ildə kiməsə “görəsən, bu nemeslərin qabağını ala biləcəyikmi” deyə sual vermək nədirsə, hazırda “Ukrayna ilə müharibə lazım deyildi” demək eyni şeydir. İkisinin də ağır cəzası var.

3-4 ildir dəb olub, Rusiyada 15 sutkalıq cəza veriləsi adamların cəzası 7 ildən başlayır. Hakimlər göy gözlərini qırpmadan ağır hökmlər elan edirlər. Apelyasiya şikayətinin də xeyri yoxdur. Yenə başqa ölkələrdə Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq, orada haqq-ədaləti bərpa etdirmək şansı qalır, Rusiyada o da yoxdur. Adamı Yamala göndərirlər – Navalnının yatdığı yerə.


Bu kimi hadisələrdən xəbər tutan bəziləri səmimi şəkildə düşünürlər ki, bu boyda qəddarlıq olmaz, axı sovet dövründə məhz ruslar “qızıl ürəkli humanist xalq” kimi təbliğ olunurdu, indi necə olur ki, adi şeylərə görə belə qəddar hökmlər verirlər.

Görünür, bu düşüncədə olanlar sovet-rus tarixini yaxşı bilmirlər. Heç 1905-ci ilin “qanlı bazar günü”nə, 1917-19-cu illərdə baş verən vətəndaş müharibəsindəki amansız qırğınlara toxunmayaq, son 90 ilin qəddarlıqlarına diqqət yönəldək.

1934-cü ildə Leninqradın rəhbəri Sergey Kirov iş yerində Nikolayev adlı qısqanc ər tərəfindən güllələnəndən sonra, qatillə yanaşı, 2 min adamın başı gedib. Ağına-bozuna, günahkar olub-olmamasına baxmayaraq, adamları tutub, ya güllələyiblər, ya da Solovkiyə, Kolıma, Maqadana, bir sözlə, gedər-gəlməzə göndəriblər.

1937-ci ildə marşal Mixail Tuxaçevskini “ifşa” edib güllələyəndə, onunla yanaşı daha iki marşalı, 10-a yaxın ordu generalını, ümumilikdə kapitandan general-polkovnikə qədər yüksək hərbi rütbə daşıyan 40 000 (qırx min) adamı cəzalandırıblar (güllələmə və gedər-gəlməzə göndərmə).

O boyda marşalı necə döyüb, işgəncə veribmişlərsə, öz əleyhinə ifadə verib, ibtidai istintaqda “bütün günahlar”ını boynuna alıb. Onun silahdaşı marşal Blyuxer isə elə işgəncə altında ölüb, məhkəmədə “etirafçı” olmağa macal tapmayıb. 20 ildən sonra bəraət komissiyası işə baxanda tam şəkildə ortaya çıxıb ki, marşal və generalların heç bir təqsiri, cinayəti yoxdur, əksinə, sovet ordusunun güclü, qüdrətli olması üçün proqram və konsepsiyaları varmış.

1946-cı ildə marşal Aleksandr Novikovu sutkalarla yatmağa qoymayaraq, öz komandanının, marşal Jukovun əleyhinə ifadə alıblar. O da döyüş yoldaşını, necə lazımdır, baqaja qoyub. Amma 1953-cü ilin mayında Jukov vəsatət qaldırıb və Novikovun işinə yenidən baxılıb, məhkumluğu ləğv edilib, hərbi rütbəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı və bütün dövlət mükafatları qaytarılıb.

Öz ölkəmizdə qatı inqilabçıların taleyini bilirsiniz. Çoxunu güllə qabağa qoyublar – Ayna Sultanovadan Çingiz İldırıma qədər. Qəzənfər Musabəyovu istintaq zamanı o qədər döyübmüşlər ki, dəhlizdə ayaq səsi eşidəndə qaçıb taxta çarpayının altına girirmiş. Əliheydər Qarayevin onlarla qohumunun ikisinin məzarı eyni yerdə deyil – hərəsi Rusiyanın bir tərəfindədir.

Yəni tarixi qəddarlıqlarla, amansız və haqsız hökmlərlə dolu olan Rusiyada bu gün zalımlığın və ədalətsizliyin davam etməsi təəccüblü deyil. İndiki müstəntiqlər və hakimlər Stalin dövründəki hakimlərin və müstəntiqlərin bioloji, hüquqi, mənəvi varisləridir. İndikilər də əmrə müntəzir qullardır, qəlblərində mərhəmət-filan yoxdur. 20 ildən sonra (bəlkə də tez) onların məhkum etdiyi təqsirsiz insanlar bəraət qazanacaqlar. Qəddarların çoxu isə ya ölüb getmiş olacaqlar, ya da təqaüdə çıxıb qazandıqlarını xımır-xımır yeyəcəklər.

Onların öz sələflərindən fərqi bu olacaq. Stalin dövründə isə təqsirsiz insanları amansız cəzalara məhkum edən minlərlə prokuror, müstəntiq və hakimlərin özlərini qısa müddət sonra edam ediblər.

Həmin ətçəkən maşının işi davam edir, konveyer üsuluna keçiblər.

**

Dünya köhnə dünyadır, taleyi puç olan Rafaellər təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR