Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətinin 2026–2031-ci illər üçün yeni proqramı ölkədə revanşist dairələrin sərt etirazına səbəb olub. Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan baş nazir Nikol Paşinyanın Qarabağ məsələsini siyasi gündəmdən çıxarmasını, Azərbaycanla sülh xəttini və yeni Konstitusiya təşəbbüsünü kəskin tənqid edib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Ananyanın açıqlamasında xüsusilə Qarabağ məsələsinin hökumət proqramında əvvəlki siyasi məzmununu itirməsindən narazılıq açıq görünür.
Keçmiş məmur diqqəti ona çəkib ki, proqramın tam mətnində “Artsax” ifadəsi ümumiyyətlə işlədilmir, “Qarabağ” sözü isə cəmi bir dəfə – bölgəni tərk etmiş 10 min erməni ailəsinin mənzillə təmin olunması məsələsində çəkilir.
Ananyan bundan narazılığını gizlətməyərək Qarabağ məsələsinin siyasi və beynəlxalq müstəvidən sosial məsələyə çevrildiyini iddia edib. O, Qarabağ ermənilərinin geri qayıtması, əmlak məsələləri, dini və mədəni irs, Azərbaycanda saxlanılan ermənilər və beynəlxalq məhkəmə proseslərinin hökumət proqramında yer almamasını tənqid edib.
Bu yanaşma Paşinyan hakimiyyətinin son dövrdə irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ilə revanşist müxalifət arasındakı əsas fikir ayrılığını bir daha nümayiş etdirir. Paşinyan bundan əvvəl “Üçüncü Respublika”nın münaqişə və Qarabağ hərəkatı məntiqi ilə formalaşdığını, elan etdiyi “Dördüncü Respublika”nın isə sülh məntiqinə əsaslanacağını bildirmişdi.
Ananyanın etiraz etdiyi digər mühüm məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsi planıdır. Keçmiş məmur hakimiyyətdən yeni Konstitusiyanın hansı zərurətdən irəli gəldiyini açıqlamağı tələb edib və məsələni birbaşa Azərbaycanla əlaqələndirib. O, yeni konstitusiya təşəbbüsünün Bakının tələbləri ilə əlaqəli ola biləcəyinə eyham vuraraq hakimiyyət qarşısında “əslində nə dəyişdirilir?” sualını qoyub.
Keçmiş məmur Paşinyan hökumətinin Erməni Apostol Kilsəsi ilə bağlı siyasətini də sərt tənqid edib. Hökumətin kilsə rəhbərliyinin dəyişdirilməsi prosesinə müdaxilə etmək niyyətinin Konstitusiyaya zidd olduğunu bildirən Ananyan bunun kilsə daxilində parçalanmaya və diaspor yeparxiyalarının müqavimətinə səbəb ola biləcəyini iddia edib.
Ananyanın hədəfində Paşinyanın “Dördüncü Respublika” konsepsiyası da yer alıb. Onun fikrincə, hakimiyyət bu anlayışın hüquqi məzmununu açıqlamır və əslində söhbət 1991-ci ildən formalaşmış Ermənistanın tarixi-siyasi əsaslarının yenidən nəzərdən keçirilməsindən gedə bilər.
Keçmiş məmur sülhün Ermənistan təhlükəsizliyinin əsas təminatçısı kimi təqdim edilməsinə də qarşı çıxıb.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ