Onlayn ictimai-siyasi qəzet
Mövzuya bir olmuş əhvalat və bir rəvayətlə girmək vacib oldu.
Demək, 5-6 il öncə bir qrup jurnalist Qazaxıstana, nəsə bir tədbirə gedirlər. Toplantı-filandan sonra bunları restorana, qazax xalqının kulinariyasının ləziz təamlarından dadmağa aparırlar. Süfrəyə beşbarmaq xörəyi gətirilir. Bilənlər bilir, bu, bizim xəngələ yaxın bir yemək növüdür, intəhası, beçə əti əvəzinə at əti ilə verirlər. Qrupun üzvlərindən biri – Xəqani Səfəroğlu yeməyi iştahla yeyir, görür ki, səfər yoldaşları yeməyə girişmək istəmirlər. Xəqani onlara deyir: “Adə, siz necə türkçüsünüz? Mən talış ola-ola iki pors beşbarmaq yemişəm, siz hələ baxırsınız”.
Rəvayət isə orta məktəb dərsliklərində vardı. Türk uluslarının birində yaşayan və adı dillərdə gəzən şahanə atı olan kişiyə qonşu səltənətdən qonaq gəlir. Kişinin evində yeməyə bir şey olmur, qonaqların yanında üzüqara olmamaq üçün atı kəsir, mehmanlarını məmnun edir. Süfrə yığışılandan sonra qonaqlar deyirlər, bəs, bizi padşahımız sənin atını almağa göndərib. Kişi də deyir ki, bəs atı kəsib, onları doyurub. Qonaqlar ağsaqqallın comərdliyinə qarşılıq olaraq at üçün gətirdikləri qızıl pulu ona verib gedirlər.
Göründüyü kimi, həm olmuş əhvalatda, həm də rəvayətdə söhbət at və onun ətinin yeyilməsindən gedir və məntiqlə bu yazı at ətindən bəhs edəcək.
Bu günlərdə məlum olub ki, paytaxtda fəaliyyət göstərən “İbrahim Tatlışiş” restoranında at DNT-si tapılıb. DNT – yəni dezoksiribonuklein turşusu. (DNT abbreviaturasını icad edənin atasına rəhmət).
Hələ “kabab evi”nin adına baxın – “İbrahim Tatlışiş”. Necə də kreativ. Adamın ağlına dərhal kim gəlir? Türk musiqisinin kralı İbrahim Tatlısəs. Bildiyiniz kimi, onun da restoranları var. Düzdür, o restoranlarda müştərilərə at əti sırımırlar, amma məşhur iaşə müəssisələridir. Bizim kababçı qardaşlar da o məşhur brendin adını kopyalayıblar, milli brend yaradıblar – necə ki çinli trikotajçılar məşhur “Adidas” brendinin adına bir hərf dəyişikliyi edərək “Adibas” adı alında kopya-məmulat istehsal edirlər, eləcə. Amma bu heç.
Əsas odur ki, “İbrahim Tatlışiş”in kababçılarının şişindəki dadlı kababın (böyük ehtimalla lüləkababın) içində at əti olub və qida təhlükəsizliyi işlərinə baxan, xalqımızın orqanizmini xarab məmulatlardan qorumağa mükəlləf olan agentliyin işçiləri onları ifşa ediblər, kabab evinin qapısına qıfıl vurublar. Heç demə, 2025-ci ilin may ayında da bu restoran xalqımızı öz soy-kökünə, qədim dəyərlərinə qaytarmaq istəyirmiş, türk ulusunun kulinariya ənənələrinin dirçəldilməsi istiqamətində fəaliyyət göstərirmiş, yəni müştərilərə at əti verirmiş.
Onu da bilirsiniz ki, bizdə ölkə əhalisinin əksəriyyəti türk ulusundan olsa da, at əti yemək dəbdə deyil. Ümumiyyətlə, biz çalışırıq ki, təkdırnaqlı (at, eşşək, qatır) və çoxdırnaqlı (it, pişik, canavar, çaqqal) heyvanların ətini yeməyək. Bizimki cütdırnaqlılardır. Düzdür, çoxdırnaqlılardan dovşan və ayı ətinə tamah salanlarımız olur, amma ikincinin necə bir qalmaqala səbəb olduğunu bilirsiniz, təkrar yazıb qanqaraçılıq salmayım. Hazırda həmin oğlanın atası öz rayonunda cütdırnaqlı heyvanların bəslənməsi ilə məşğuldur.
Ta qədim dövrlərdən bu regionda qoyun-keçi, mal-davar, toyuq-qaşqaldaq bol olub deyə mehrimizi onlara salmışıq, at ətinə ehtiyacımız olmayıb. Hərçənd sovet vaxtında və ondan sonra yediyimiz kolbasaların içində mütləq qaydada at və qismən də ulaq əti olub, bilməmişik, yemişik.
Şəxsən mən özüm Qazaxıstanda qonaq olarkən beşbarmaq yemişəm, amma o qədər də sevməmişəm. Bir toplantının nahar fasiləsi zamanı təşkil olunmuş “İsveç masası”nda (özünə qulluq və ayaqüstü masa) isə 7-8 pelmeni ləzzətlə yeyəndən sonra ofisiant qardaşdan soruşdum: “Nə əti bu”. Gənc dedi ki, kulın əti. “Qulun” sözü bir yerlərdən tanış gəldiyi üçün bu dəfə rusca soruşdum, oğlan da rusdilli çıxdı, dedi, eto myaso jerebyonka... Jerebyonok – yəni dayça, qulun, at balası.
Ta heç nə. Doymuşdum, amma dana ətiylə dayça ətinin fərqini bilmək üçün bir pelmen də götürdüm. Ləzzətliydi.
İntəhası, nə etmək olar, ölkəmizin müvafiq qanunvericiliyində alıcılara at əti satmaq, müştərilərə at ətindən hazırlanmış təamlar təklif etməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Fərqlər var.
Müştəriyə mənşəyi məlum olmayan, ölmüş və ya xəstə atın (eləcə də dananın, qoçun) ətini satmaq isə təmiz cinayətdir.
Məncə, at ətini legitimləşdirmək lazımdır. Ölkəmizdə xeyli at əti həvəskarları var, qoy onlar istədikləri vaxt gedib hansısa firma mağazadan təmiz, Tanrı dağına doğru kəsilmiş atın ətindən ala bilsinlər.
Məşhur “Leş Tofiq”in xalqa sırıdığı haram ətlərdənsə halal at əti yemək daha məqbuldur.
**
Dünya köhnə dünyadır, fast-fudları təzədir.
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ