Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə iki əsas əngəl bəlli. Onlardan biri ATƏT-in Minsk Qrupunun (MQ) rəsmi ləğvi, digəri isə qonşu ölkə konstitusiyasından ərazi iddiası ilə bağlı istinadın çıxarılmasıdır.
Böyük ehtimalla, həmin şərtlərdən ən azı biri bu gün ABŞ-da üçlü görüş çərçivəsində imzalanacaq sənədlə faktiki tarixin arxivinə verilmiş olacaq. Hərçənd “ölü” qurumun “tabutu”na sonuncu mismarı vurmaq bir az zaman ala bilər. Niyə?
Çünki ləğv üçün Azərbaycan və Ermənistan liderlərinin, üstəgəl, MQ-nin həmsədr dövləti kimi ABŞ prezidentinin ATƏT-ə birgə müraciəti hələ yetərli deyil. Müəyyən zaman lazımdır ki, ATƏT sammitində məsələ gündəmə gətirilsin və səsverməyə çıxarılsın.
ATƏT-də isə qərarlar konsensus yolu ilə qəbul olunur. Yəni nəzəri cəhətcə digər iki həmsədr dövlətdən biri – Rusiya və Fransanın etirazı prosesi poza bilər. Yaxud istənilən başqa ölkənin vetosu eyni nəticəni doğurar. Ancaq ATƏT-in digər hansı üzvünün belə bəd niyyəti ola bilər ki, xüsusən də birgə müraciətə Tramp qoşulacaqsa. Qalır Rusiya və Fransa...
İstər Moskva, istərsə də Paris üçün Vaşinqtonla, daha dəqiqi, Trampla münasibətlərin hələ uzun zaman həssas olacağını nəzərə alsaq, məntiqlə bu iki paytaxt maneə yaratmamalıdır. Ən mühümü, zorla vasitəçilik olmur. Əgər rəsmi Bakı və İrəvan ən yüksək səviyyədə, könüllü şəkildə bundan imtina edirsə, keçmiş vasitəçilərə bu qərara yalnız hörmət eləmək düşər. Yoxsa Rusiya və Fransa ermənidən çox ermənimi olmaq istəyəcək?
Kim buna inanar? ATƏT-də MQ-nin ləğvinə qarşı çıxmaq xüsusən də Moskvanın gerçək niyyətini çılpaqlığı ilə ortaya qoyacaq. Ümumən Rusiya öz fərqli yanaşmasına necə izah verəcək, əgər indiyədək həm XİN başçısı Sergey Lavrov, həm də onun sözçüsü Mariya Zaxarova bir neçə dəfə MQ-nin de-fakto mövcud olmadığını etiraf ediblərsə, qurumun buraxılmasını mümkün sayıblarsa...
Yəni ümumi yanaşmaya əks mövqe o anlama gələcək ki, Rusiya hələ də köhnə münaqişəni qızışdırmaqda maraqlıdır və bölgə ilə bağlı qurucu yox, dağıdıcı kursu tərcih edir. Nə səbəbə, o da aşağı-yuxarı bəlli: keçmiş konflikti “dirildib” regionda möhkəmlənmək.
Ümid edək, Moskva heç olmasa bu məsələdə Azərbaycan əleyhinə addım atıb özünün cəmiyyətimizdəki onsuz da neqativ imicini daha da korlamayacaq. Çünki Azərbaycan xalqı bu pisliyi də unutmayacaq.
MQ-nin de-yure də ləğvi isə erməni separatizminə, revanşist-radikalların Qarabağa qayıdışla bağlı, uydurma “artsax”la bağlı məkrli planlarına və xəyallarına növbəti sarsıdıcı zərbə olacaq. Ona görə ki, uzun illər məhz MQ separatçı-xuntaçılar üçün əsas “nəfəslik” və işğalı legitiumləşdirəcək qurum rolunu oynayıb, separatçılığa güclü stimul yaradıb. Hətta Qarabağda separatizmin mənəvi dayağı və “brendi” sayılıb.
Söz düşmüşkən, keçmiş həmsədrlər Bakı və İrəvanla yanası, adətən Xankəndinə də baş çəkirdilər. Bu isə onlarda özlərini münaqişənin müstəqil tərəfi kimi hiss etmək kimi yanlış və maksimalist ovqata kökləmişdi...
Azərbaycana qarşı məkrli planlarda MQ hələ də sonunculardan ötrü “ümid işığı” olaraq qalır. Guya nə vaxtsa üç dövlət – ABŞ, Rusiya və Fransa yenə öz aralarında ermənilərə xətir dil tapıb, bədnam anti-Azərbaycan formatını bərpa edə bilər.
O “işığı” həmişəlik söndürməyin zamanı çatıb. Özü də çoxdan...
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ