İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar ÜSYANA hazırlaşır? – “Ukraynada qələbə mümkün deyil” deyənlər NİYƏ haqlı...

“Rusların üsyan etməsini gözləməyin. Onlar qıtlığa, növbələrə və hakimiyyətə dözməyə öyrəşiblər”. Belə bir iddianı “Atlantik” jurnalı irəli sürüb.

Nəşr ardınca yazıb ki, Ukraynanın Rusiya iqtisadiyyatı üçün problem yaradan və yanacaq çatışmazlığına səbəb olan uğurlu zərbələrinə baxmayaraq, ölkədə kütləvi etirazlar baş verməyib. “Etirazların yaxın vaxtlarda olması ehtimalı da azdır. Ruslar hakimiyyətə qarşı üsyan etməkdənsə, yeni problemlərə daha çox uyğunlaşırlar. Çatışmazlıq, növbə və gündəlik çətinlik onlar üçün yeni şey deyil – Sovet dövründən bəri kölələr dözməyə və gözləməyə öyrəşiblər. Amma əsas məsələ dövlət qorxusudur. Hətta indi də ruslar FTX-yə bildirilməkdən və narazılığın hər hansı bir təzahürünə görə həbs olunmaqdan qorxurlar”, - məqalədə vurğulanıb (Axar.az).

O da bildirilir ki, son zamanlar narazı, qorxu və kədər yaşayan rusların sayı artsa da, bu, hələ ki, onları küçələrə çıxarmayıb. Əksəriyyət indi də ölkənin guya düzgün istiqamətdə getdiyinə inanır və problemlərinə görə Putini yox, Qərbi günahlandırır...

Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb »  Məhəmməd Ərsoyun BLOQU

Rus mujiki haqda belə fikirlərdə həqiqət payı olmamış deyil. Amma bir ifadə var: “Heç vaxt “heç vaxt” söyləmə”. Yaxud “ac qılınca çapar”. Hər halda Rusiya tarixində inqilablar olub, o cümlədən müharibənin, total qıtlıq-çətinliyin labüd nəticəsi kimi – ötən əsirin 20-ci illərində.

Bununla bahəm, yuxarıdakı iddia və ehtimallarla müəyyən mənada razılaşmaq mümkündür. Məsələn, az öncə Rusiyada keçirilən rəy sorğusu prezident Vladimir Putinə 77%-lik ictimai rəğbəti ortaya çıxarmışdı. Bu, Kreml başçısına münasibətdə gizli qorxu və xofun doğurduğu “rəğbət” də ola bilər, ancaq “Atlantik”in şərhini qəribçiliyə salmaq da doğru sayılmaz.

Nəhayət, gələn ay Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərin nəticələri işğalçı müharibəyə münasibətdə cəmiyyətin mövqeyinə əlavə aydınlıq gətirə, daha real mənzərəni göz önünə sərə bilər. Təbii ki, seçici fəallığı da az önəm kəsb eləməyəcək. Daha bir səbəbə: bu, Ukraynaya qarşı təcavüzkar müharibə başlayandan (24 fevral 2022) Rusiyada baş tutacaq ilk böyük seçkilərdir. Hərgah, hakimiyyət “Yabloko” kimi müharibə əleyhdarları olan qüvvələri seçkilərə buraxmamaqda israrlıdır. Demək, hakim qüvvə ictimai rəy sarıdan elə də arxayın deyil. Qalır belə qadağalar səsvermənin yekununa və seçici fəallığına göstərəcəyi təsir...

Lakin nəticə nə olur-olsun, işğalçı müharibə Rusiyanı – sonuncu imperiyanı içdən yavaş-yavaş “yeməkdədir”. Onun iqtisadiyyatı, dünyadakı nüfuzu getdikcə kiçilir. Bu da növbəti fakt-sübutlar. Və bunu tək biz demirik. Özləri deyir və etiraf edirlər ki, tükəndirici müharibədə uduzan Ukrayna olmayacaq. Başqa yandan, Putin Rusiyası böyük bir slavyan xalqa, “özü-özünə”mi qalib gələcək?

Rusiya–Ukrayna müharibəsi: Avropa təşviş içindədir

“Rusiya Ukraynanı Qərb dəstəklədiyi müddətdə tükəndirmə müharibəsinin qalibi olmayacaq”. Sitat Rusiya dövlət bankı VEB-in baş iqtisadçısı Andrey Klepaça məxsusdur.

Klepaç Qərbin sanksiyalarının və Ukraynanın Rusiyanın nəqliyyat, neft-qaz və hərbi-sənaye infrastrukturuna endirdiyi zərbələrin ölkə iqtisadiyyatı üçün artan xərclərinə diqqət çəkib. Onun sözlərinə görə, müharibədə ilişib qalan Rusiya texnoloji və iqtisadi rəqabətdə dünyanın qalan hissəsindən geri qalır.

“Biz geri qalırıq. Dünyada həm texnoloji, həm də iqtisadi rəqabəti uduzuruq. Üstəlik, mən artıq demişəm ki, biz bu rəqabəti təkcə Çin və ABŞ-a deyil, müəyyən mənada Ukraynaya da uduzuruq”, – Klepaç qeyd edib.

Bankir vurğulayıb ki, Ukrayna iqtisadiyyatı “müəyyən hissədə dağıdılıb” və demoqrafik fəlakətdən əziyyət çəkir, lakin bütün bunlara rəğmən, ölkə, o cümlədən Qərbin böyük maliyyə yardımı hesabına “sağ qalır”. “Biz bu tükəndirmə müharibəsində rəqabəti qazana bilməyəcəyik. Bizdə belə illüziya var ki, orada hər şey çökəcək. Amma çökmədi və çökməyəcək. Bizim xərclərimiz artır”, – Klepaç xəbərdarlıq edib.

Bankirə görə, 2023–2024-cü illərdəki hərbi bumdan sonra Rusiya iqtisadiyyatı hazırda geriləmə mərhələsinə keçib. O bildirib ki, aviasiya sənayesindən tutmuş, qida sənayesinə qədər mülki sektorlar artıq tənəzzülə uğrayıb. Klepaç hesab edir ki, iqtisadi çətinliklər sonda Rusiyada “sosial böhrana” səbəb olacaq. Üstəlik, bunun məhz heç kimin xüsusilə gözləmədiyi bir vaxtda baş verə biləcəyini düşünür.

“Xatırladıram ki, heç kim Fevral inqilabını da gözləmirdi. Lenin 1916-cı ilin dekabrında yazırdı ki, “biz buna qədər yaşamayacağıq”, amma cəmi bir neçə ay sonra özü də buna şahid oldu. İqtisadi baxımdan biz çökməyəcəyik, lakin bütün nəticələri ilə birlikdə geriliyimiz artmaqda davam edəcək”, – o əlavə edib.

Bu yerdə “Atlantik”in yuxarıdakı skeptik mülahizə və proqnozlarını bir daha saf-çürük eləmək pis olmaz(dı)...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR